Reklam

Bakıda trolleybus istehsal edilibmiş - 19 il əvvəl məhv edilən sistem - FOTOLAR

Avtosfer Foto 12 Yanvar 2023 23:36 Oxunub 3456
Bakıda trolleybus istehsal edilibmiş - 19 il əvvəl məhv edilən sistem - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

1941-ci ilin sonlarında, İkinci Dünya Müharibəsinin qaynar vaxtında Sovet Azərbaycanının həyatında o dövr üçün böyük bir hadisə baş verdi. Avtosfer.az-ın xəbərinə görə, həmin il dekabrın 5-də Bakı şəhəri daha bir nəqliyyat növü ilə tanış oldu. SSRİ-nin paytaxtından 7 il sonra Azərbaycan SSR-in paytaxtında trolleybuslar hərəkət etməyə başladı. Açıq mənbələrdəki məlumata görə bakıda ilk dəfə xəttə ЯТБ-1 (Yaroslav trolleybusu) markalı trolleybuslar buraxılıb. 7,5 km-lik xətdə 15 maşın işləyirdi. Bu sistemin qısa vaxtda özünü doğrultduğu hər yerdə qeyd edilir. Müharibənin ən ağır vaxtlarında belə Bakı trolleybusunun fəaliyyətində ciddi axsama olmadı.

Bakıda trolleybus çiçəklənmə dövrünü 60-80-ci illərdə yaşadı. Bu dövrdə trolleybus parklarının və marşrutların sayı da artırıldı. 80-ci illərin sonunda artıq 32 marşrut mövcud idi. Xəttin ümumi uzunluğu isə 300 km-i keçirdi. “Buynuzlu nəqliyyat” artıq şəhərin ucqarlarını da əhatə edirdi. 1987-ci ildə açılan ən uzun xətt isə (30 No-li marşrut) Dəmir yol vağzalından aeroporta gedirdi (müasir Bakıda isə aeroporta normal ictimai nəqliyyat yoxdur). Neftayırma zavodunun isə işçiləri daşımaq üçün ayrıca trolleybusu vardı. Günəşliyə işləyən bu yeganə trolleybus (Škoda 14Tr) üçün ayrıca kontakt xətti çəkilmişdi. 

Bakıda fəaliyyət göstərən trolleybuslar əsasən Çexiya istehsalı olan “Skoda 9Tr” modelləri olub. Sistem ləğv edilərkən parkda yalnız bu modellər qalmışdı. Lakin müharibədən sonrakı illərdə istifadə edilən trolleybuslar Rusiya istehsalı olan “MTB-82” modelləri olub. 1962-ci ildə isə trolleybusa olan ehtiyacı ödəmək üçün Bakıda “BTL-62” markalı trolleybusların yığılmasına başlandı. “BTL-62”ni “LAZ-695R” avtobusunun elektrikləşdirilmiş variantı hesab etmək olar. Bakı Vaqon Təmiri Zavodunda 5 belə trolleybus istehsal edilib. Sonradan istehsal Ukraynanın müxtəlif şəhərlərində davam edib.
 80-ci illərin əvvəlində Bakıda az sayda “ZiU-9” markalı sovet trolleybusları da fəaliyyət göstərib.

Qara günlər 

90-cı illərin əvvəlində sosialist blokunda başlayan kataklizmlər trolleybusdan da yan keçmədi. Bazar iqtisadiyyatına keçiddən sonra bu sistem də zəifləməyə başladı. Bakı trolleybusunun əksər marşrutları rentabelsiz işləyirdi. Digər tərəfdən kontakt xəttinin və parkın köhnəlməsi, elektrik kəsintiləri sərnişinləri trolleybusdan uzaqlaşdırırdı.

Tramvay və 90-cı illərin ortalarında alınmış iritutumlu avtobuslar (Avropada istismar olunmuş İkarus, Mercedes, DAF, Jelcz) kimi bu nəqliyyat da artıq “Gazel”lərlə rəqabət apara bilmirdi. Şəhərdə baş alıb gedən tıxaclar da trolleybus üçün əlavə problem mənbəyi idi. 2000-ci ildən başlayaraq şəhərdə xətlərin də sayı kəskin azaldı. Bakıda böyük yol ötürücülərinin inşasına start veriləndə isə trolleybusların fəaliyyəti tam dayandırıldı. Şəhərdəki sonuncu 16 saylı marşrut (7-ci mkrn – Gənclik metrosu) 2004-ün payızında son dəfə xəttə çıxdı. 

Şəhərdə körpü tikintisi başa çatdıqdan sonra trolleybusun bərpa ediləcəyinə dair söz-söhbətlər isə qeybət olaraq qaldı. Trolleybusun yerini səs-küylü, narahat və təhlükəli mikroavtobuslar aldı. İndi paytaxtda trolleybusdan heç bir nişanə qalmayıb. 

“BakuPages.com” (Baku.ru) saytına görə, tramvay-trolleybus idarəsində rəhbər işçilərin əksəriyyəti qeyri-azərbaycanlı olub.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh