“Bugatti” hansı ölkənindir: İtaliya, Fransa, yoxsa... - FOTO

Avtosfer Foto 9 Yanvar 2022 12:56 Oxunub 4446
“Bugatti” hansı ölkənindir: İtaliya, Fransa, yoxsa... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil sənayesinin pionerlərindən olan “Bugatti” firması 1909-cu ildə Fransanın Elzas bölgəsində (Almaniya və İsveçrə ilə sərhəddə) təsis edilib. Şirkətin yaradıcısının soyadına görə çoxları “Bugatti”ni italyan modeli hesab edir. Əslində Ettore Buqattinin əcdadları İtaliyadan olsa da, özü sonradan Elzasa köçərək həyatının sonuna qədər burada nadir avtomobillər yaratmaqla məşğul olub. Mexanika sahəsində mindən artıq patent sahibi olan Ettore Buqatti 1939-cu ilədək oğlu Janla birlikdə çalışıb. Janın 30 yaşında qəfil ölümündən sonra firmanın işləri bir qədər axsasa da, firma ayaq üstə durmağı bacarır.

At nalı şəklində radiatorlu mavi “Bugatti”lər beynəlxalq yarışlarda 10000-dən çox qələbə və 37 rekord əldə edib. Ettore Buqatti bu ifadəni özünə deviz seçmişdi: “Heç nə çox baha, heç nə də çox gözəl deyil”.
Üstün texniki göstəricilərə malik “Bugatti” avtomobilləri 1910-cu ildə Paris avtomobil sərgisində çox böyük uğur əldə edir. Gözəl dizayn, keyfiyyətli yığma və yüksək estetika modelə böyük uğur gətirir. 
Eyni ildə yarışlarda iştiraka başlayan “Bugatti 13” (Bresia) 4 ildə 40-dan çox turnirin qalibi olur. Mühərrikin zəif olmasına baxmayaraq (4 silindr, 1327 sm3, 95 km/saat) avtomobil əla yol tutumu və kiçik kütləsi sayəsində zəfər əldə edə bilir. 


1911-ci ildə 75 ədəd “Bugatti” satılır, bundan sonra şirkət “Peugeot”  ilə əməkdaşlığa başlayır. Bu iş birliyinin nəticəsi olaraq 3095 ədəd “Peugeot bébé” istehsal edilir.
Bugatti Birinci Dünya müharibəsi zamanı aviasiya mühərrikləri istehsalına da girişir. ABŞ ordusuna  V şəkilli 16  silindrli bu nadir mühərrikləri istehsal etmək üçün lisenziya əldə edir. Əvvəlcə 5000 mühərrik istehsalı nəzərdə tutulsa da, müharibə başa çatdığı üçün cəmi 50 ədəd istehsal olunur.

1924-cü il Fransa “Grand Prix”sində firma məşhur “Bugatti 35”-i təqdim edir. Üstün keyfiyyətli bu avtomobil həm də kompressorla təchiz olunmuşdu. Zavodun pilotları bu avtomobildə 2000-dən çox qələbə əldə edirlər. Bununla da avtomobil ölməzlik qazanır. İndiyədək heç bir markaya bu qədər çoxsaylı zəfər nəsib olmayıb.

Ata və oğlun iş birliyi 

Gənc yaşlarından atası ilə birlikdə çalışan Jan ilk olaraq dizayn işinə girişir və “Bugatti”nin ən eleqant modellərinin hazırlanmasında iştirak edir. Sonradan mexanika sahəsində də qabiliyyətini sınayan Jan qısa bir vaxta özünü bacarıqlı mühəndis kimi göstərir. O, atasının işləyib hazırladığı modelləri daha mükəmməl vəziyyətə gətirir. 
1926-ci ildə ata və oğul “Bugatti 37”, “Bugatti 40” və əfsanəvi “Bugatti 41” (Kral Bugatti, 12763 sm3, 300 a.q.) modellərini hazırlayırlar. Sonuncu model çox böyük ticari uğursuzluqla nəticələnir. Heç bir kral və ya monarx bu modelə maraq göstərmir, istehsal olunan 6 avtomobildən cəmi üçü satılır, üçü isə zavodda konservasiya olunur (hazırda Fransa Milli Avtomobil muzeyindədir – müəl.). Bundan sonra Ettore avtomobil işindən tədricən ayrılaraq əsas işləri oğlunun öhdəsinə buraxır. 


Növbəti ildə ata və oğul “Bugatti 43” (8 silindr, 170 km/saat) və “Bugatti 44” modellərini hazırlayırlar. Axırıncı model təqribən min ədəd satılır. 1929-cu ildə satışa çıxan “Bugatti 45” modeli isə o dövr üçün texnoloji inqilab idi. Oğul Buqattinin layihələndirdiyi bu avtomobil 16 silindrli, 48 klapanlı və 2 kompressorlu mühərriklə təchiz olunmuşdu. 
1929-36-cı illərdə “Bugatti 46” modeli (kiçik kral) seriya ilə istehsal olunur. 8 silindrli 5.3 litrlik mühərriklə təchiz olunan bu model təqribən 500 ədəd satılıb. Həmin dövrdə oğul Buqattinin layihələndirdiyi “Bugatti 49” və “Bugatti 50” modelləri, iki karbüratorlu V8 mühərrikləri ilə komplektləşdirilirdi. “Bugatti 55” modeli isə bunlardan fərqli olaraq 2 yuxarı qazpaylama valı ilə təchiz olunurdu. Jan Buqatti artıq layihələndirdiyi modellərin dizaynı, gücü və etibarlılığı baxımından atasını qabaqlayırdı. 

Qara günlər seriyası

Əlbəttə ki, 1929-cu il iqtisadi böhranı bu şirkətdən də yan keçmədi. Firmanı böhrandan çıxarmaq üçün Ettore 80 ədəd motovoz (avtomobil mühərriki ilə təchiz edilən kiçik güclü teplovoz), sürətli katerlər və təyyarə istehsal edir. Bu motovozlar “Bugatti 41” mühərriki ilə təchiz edilirdi. 
1934-də isə o dövrün ən gözəl avtomobillərindən olan “Bugatti 57” modeli satışa çıxarıldı. Bu model müxtəlif modifikasiyalarda 700 ədəd istehsal olundu. 200 a.q. mühərriklə təchiz olunmuş bu avtomobillərin maksimal sürəti 210 km/saata çatırdı. “Bugatti 51” modeli yarış üçün istehsal olunurdu. Texniki göstəricilərinə görə “Bugatti 35”-ə oxşar olan bu avtomobilin 2 qazpaylama valı olan mühərriki 180 a.q. hasil edə bilirdi. 
1937-1939-cu illərdə “Bugatti” firmasının pilotları çoxsaylı qələbələrə imza atırlar. 
Lakin 11 avqust 1939-da baş verən bir qəza ilə zavodun təxminən 70 il davam edən qara günləri başlayır. Zavoddan 10 km aralıda yeni modelin sınağı vaxtı Janın həlak olması ilə Ettore də sarsılır. Bunun ardınca, Fransanın işğalı ilə birgə zavod alman faşistləri tərəfindən zəbt edilir. İkinci Dünya Müharibəsinin başlaması ilə “Bugatti” zavodunun da fəaliyyətinə xitam verilir. 


1945-ci ildə uzun məhkəmə çəkişmələrindən sonra Ettore zavodunu yenidən özününküləşdirə bilir. Maddi problemlərə baxmayaraq o, zavodu dirçəltmək qərarına gəlir. Lakin “Bugatti 73” və “Bugatti 78” modelləri zavodu xilas edə bilmir. 
Ettore 1947-ci ildə 66 yaşında beyninə qan sızması nəticəsində Parisdə vəfat edir. 37 il ərzində o, hər zaman avtomobil kolleksiyaçılarının diqqətini çəkəcək 7500 avtomobil istehsal etdi. Onun modelləri 10000 qələbəyə və 37 rekorda imza atıb. Ettore özü isə 37 müəlliflik şəhadətnaməsinə sahib idi.


Bugattilərin ölümü, müharibə və ondan sonrakı dövrün çətinlikləri bu markanın istehsalının dayanmasına gətirib çıxardı. 
1957-ci ildə Ettorenin kiçik oğlu Roland və zavodun keçmiş pilotu Pyer Marko “Bugatti 101” və “102” modellərini istehsal etmək istəsələr də işləri uğurlu alınmır. Cəmi 7 avtomobil satılır.
1956-cı ildə layihələndirilən “Bugatti 251” modeli də zavodu iflasdan xilas edə bilmir.


1963-cü ildə fransız istehsalçı Hispano Suiza zavodu alaraq onun profilini dəyişir. Həmin tarixdən etibarən Alzasdakı zavod aviasiya üçün yüksək keyfiyyətli detallar istehsal edir. Zavodun inventarında qalan modelləri isə Fritz Şlump adlı iş adamı şəxsi kolleksiyasına toplayır. 1980-ci illərin ortalarında isə bu kolleksiya Fransa dövlətinə satılır və Fransa Milli Avtomobil Muzeyinə çevrilir. 2003-cü ildə isə kolleksiya UNESCO-nun maddi irs siyahısına salınır. 
Ümumilikdə 7900 ədəd istehsal olunan “Bugatti”dən bu gün cəmi 2900 ədədi (o cümlədən 1 elektromobil) qalmaqdadır ki, bunların də təqribən 150 ədədi Fransa Milli Avtomobil Muzeyində (Müluz şəhəri) qorunur.


1998-ci ildə “Volkswagen AG” zavodu alaraq “Bugatti Automobiles SAS” Səhmdar Cəmiyyətini yaradır. Alman-fransız əməkdaşlığı nəticəsində “Veron”, “Chiron” və digər  lüks modellər istehsal olunur ki, bu da ayrı bir yazının mövzusudur. 
 
QEYD: Şəkillər Fransa Milli Avtomobil Muzeyində çəkilib.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh