Dünyada 253 yaşlı avtomobil – FOTOLAR - VİDEO
Bu başlıq sizə aldadıcı gələ bilər, lakin yalan deyil. Avtomobil dedikdə özüyeriyən nəqliyyat vasitəsi başa düşülür. Burada hərəkətvericinin benzin, qaz, elektrik və ya buxar olması mahiyyəti dəyişmir. Bu səbəbdən fotoda gördüyünüz nəqliyyat vasitəsi dünyanın ilk avtomobili, daha doğrusu özüyeriyən vasitəsi ehsab edilir. Bəs bu nəqliyyat vasitəsi necə ərsəyə gəlib?
Avtosfer.az xatırladır ki, layihənin müəllifi fransız hərbi mühəndisi Nikola Jozef Künyo (1725-1804) hesab edilir. Hərb nəzəriyyəçisi olan mühəndis ordunun ağır yüklərini daşımaq üçün nəqliyyat vasitəsi fikirləşir. Bu vasitə atı əvəz etməli, daha ağır yükləri tez daşımalı idi. O zaman artilleriyanı gücləndirmək istəyən Fransa İmperiyası mühəndisə bunun üçün 200 000 livr pul ayırır (livr – frankaqədərki pul vahidi, indiki ekvivalentlə 200 000 livr təqribən 500 000 AZN edir). 1769-1771-ci illərdə ərsəyə gələn texnika ixtiraçının adı ilə Künyo arabası (fardier de Cugnot) adlanır.
Arabanmın iş mexanizmi belə idi: Xüsusi qazanda su qızdırılaraq buxara çevrilir və təkərə ötürülür. Iki buxar silindri olan nəqliyyat vasitəsinin 1 aparıcı təkəri vardı.
Texnikanın ölçüsü də çox böyük idi: uzunluq 7,25 m, en 1,23 metr, boş kütlə 2,3 ton. Buxar və su ilə dolduqda avtomobilin kütləsi 8 tona çatırdı.
Layihə ciddi maraq doğursa da, geniş tətbiq olunmur. Çünki sürət (4 km/saat) və daşınan yük az idi. Üstəgəl, araba daş kömür və su götürmək üçün hər 12 dəqiqədə 1 dəfə dayanmalı idi. O dövrdə atlar daha sürətli idi. Əyləc sistemi pis olduğu üçün araba 1 ildə 2 dəfə qəzaya uğradı. Obyektivlik xatirinə deyək ki, 8 ton kütləsi olan texnika üçün 3 əsr əvvəl etibarlı tormoz hazırlamaq mümkün deyildi. Lakin ordu bu texnikaya pul ayırmaqda xəsislik etmirdi.
Sonradan arabaya maraq olmadığı üçün o hərbi anbarda uzun illər qalır. Nəhayət, I Napoleon vaxtında generallar onu bərpa etmək istəsələr də, imperator pul ayırmır. Hərbi anbarı boşaltmaq üçün onu Parisdəki Müqəddəs Martin kilsəsinin anbarına köçürürlər. Bura arabanın son dayanacağı olur. Növbəti illərdə kilsənin bir hissəsi indiki adı Sənət və Peşə Muzey adlanan mədəni müəssisəyə çevrilir. Bu xüsusda arabanın da bəxti gətirir. Küynonun ixtirası müasir dövrə çox gözəl konservasiya olunmuş şəkildə çatıb.
Künyonun arabası dünyada avtomobilin ilk prototipi hesab edilir. Araba geniş tətbiq tapmasa da, texnika sahəsində tədqiqatların genişlənməsinə səbəb oldu.
QEYD: Foto Parisdəki Sənət və Peşə Muzeyində çəkilib.
Avtosfer.az yaxın günlərdə bu muzeydən daha geniş material təqdim edəcək.
Onu da əlavə edək ki, 20-ci əsrin sonlarında bu arabanın bir neçə bənzəri hazırlanıb və avtomobil sərgilərində nümayişə çıxarılır. Fransız qrafika ustaları da texnikanın iş prinsipini əks etdirən animasiya hazırlayıblar.
Vüqar Yaşaroğlu