Fasadı Şirvanşahlar, interyeri avanqard olan Dəmiryol Muzeyimiz - FOTOLAR

Avtosfer Foto 7 Yanvar 2024 15:29 Oxunub 1354
Fasadı Şirvanşahlar, interyeri avanqard olan Dəmiryol Muzeyimiz - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tarixi binada yerləşmək hər bir muzey üçün üstünlükdür. Belə bir məkanda tarixi ab-havanı yaratmaq da nisbətən asandır. 

1920-30-cu illər sovet memarlığında ciddi inkişaf dövrüdür. Bu periodda tikilən binalar dünya memarlığının bir parçasına çevrilib. Bakıda da bu tip binalar az deyil. 
20-ci illərdə Bakıda əhalinin sayı artır, sürətli sənayeləşmə gedirdi. Artıq 1880-ci ildə tikilmiş “Tiflis vağzalı” ehtiyacı ödəmirdi. Bu səbəbdən yeni, əhali arasında Sabunçu vağzalı deyilən binanın tikilməsinə zərurət yaranır.
Bina layihələndirilərkən sovet memarlığında dəbdə olan tendensiya - sovet avanqardı üslubu seçilir. Bəs sovet avanqardı nədir?


1917-ci ildən sonra ortaya çıxan cərəyan özündə ənənəvi memarlıq üslublarını birləşdirib bunları dövrə uyğunlaşdırırdı. Sənaye dövrünün tələblərinə cavab verən bu binalar həm də monumentallığı ilə seçilir. Elə Dəmiryolu Muzeyinin binası kimi: bina xaricdən Şirvanşahlar sarayını xatırlatsa da, interyer bütünlüklə sənaye dövrünə spesifikdir. 


1926-cı ildə istismara verilmiş bina həm də nəqliyyat tariximizdə böyük bir hadisəyə şahidlik edib: SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu başlanğıcını məhz bu binadan götürürdü. Müqayisə üçün deyək ki həmin dövrdə ittifaqın digər dəmir yolu qovşaqları teplovoz deyil, daha köhnə olan parovoz dartısına əsaslanırdı. 
Əslində muzey barədə çox danışmaq olar, lakin biz internetdə hər kəsin tapıb oxuya biləcəyi informasiyanı təkrarlamaq fikrindən uzağıq. 


2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan muzeyi həm də tarixi ədaləti bərpası hesab etmək olar. Bir müddət baxımsız qalan tikilinin restorana çevrilməsi o vaxt çoxlarından narazılıq doğurdu. Bu gün isə doğru olan seçim edilərək tarixi bina muzeyə çevrilib.


Muzeyin ikimərtəbəli binasında maraqlı eksponatlarla yanaşı informativ tablolar da təqdirəlayiqdir. Muzeydə 20 dəqiqə vaxt keçirən ziyarətçi Stefenson paravozundan tutmuş yüksək sürətli qataradək hər şey barədə məlumat ala bilər.
Muzeyə baş çəkərkən bir daha ötən əsrin 70-ci illərində nəqliyyat sahəsində baş verən inkişafı görmək olur. Məhz bu dövrdə respublikada yeni vağzallar tikilmiş, polad relslərin şəbəkəsi genişlənmişdi. Bakı-Tbilisi-Qars dəmiryolu xətti,  Zəngəzur dəhlizi də o dövrdə təməli qoyulmuş böyük işçlərin ənənəvi davamı hesab edilə bilər. 


Muzeydə diqqətimiz cəlb edən bir fakt da tarixin xatırladılması oldu: şəxsən mənə İkinci dünya müharibəsi vaxtı “lendliz” çərçivəsində SSRİ-yə verilmiş texnikanın Azərbaycan üzərindən daşınmasını öyrənmək yenilik oldu. Maraqlıdır ki, bu marşrut “Fars dəhlizi” adlanırmış. Bu təqdirdə, müharibənin taleyini həll edən konfransın niyə məhz Tehranda keçirildiyi də məlum olur. 


Muzeydə çox sayda maket, kiçik ölçülü eksponat, rels nümunələri, vaqon, vaqon şassisi mövcuddur. Hətta açıq havada köhnə relslərin bir hissəsi də saxlanılıb. 
Lakin ən xoşuma gələn eksponat 1903-cü il Zaqafqaziya dəmiryollarının xəritəsi oldu. Rusiya İmperiyası kartoqraflarının tərtib etdiyi xəritədə 1 kəlmə də olsa Ermənistan sözü, və ya ermənicə toponim yoxdur. Bir sözlə, bu xəritə adi muzey eksponatından daha üstün olub, tarixi müzakirələrdə ciddi mənbə kimi istifadə edilə bilər. 


Əlbəttə ki, Muzey barədə çox danışmaq olar. Lakin bir görmək, yüz eşitməkdən daha üstündür. Həm də muzeyin bələdçisinin verəcəyi informasiya bizim dediklərimizdən daha maraqlıdır. 28 May stansiyasının çıxışındakı bu mədəniyyət müəsisəsi nəqliyyat baxımından Bakının ən əlçatan muzeyi hesab edilə bilər. 

PS. Yazının əvvəlində demişdim ki, tarixi binada yerləşmək bir muzey üçün üstünlükdür. Lakin bu işin çətinliyi də mövcuddur. Bu situasiyada çətinlik lokomotivlərin sərgilənə bilməməsidir. Lakin məsələnin həll yolu var: İşğaldan azad edilmiş ərazilərdə muzeyin daha böyük sahəni əhatə edən filialı yaradılarsa region turizm baxımından daha cəlbedici olar.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh