Heydər Əliyevin böyük planı: Avropaya ildə 40 min avtomobil ixracı - FOTO
Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə gördüyü işləri 1 cümlə ilə belə xarakterizə etmək olar: Azərbaycan SSR qısa müddətdə aqrar ölkədən sənaye ölkəsinə çevrildi.
Təbii ki, Əliyevin Moskvaya gedişi də xalqımız üçün tarixi şans oldu. H. Əliyev səlahiyyətlərindən istifadə edərək Azərbaycana xüsusi diqqət ayırdı. İlk başda yenə də sənayeləşmə dayanırdı.
1980-ci illərin ortalarında SSRİ-də yüngül kommersiya avtomobillərinə ciddi ehtiyac yaranmışdı. Lakin bu maşınları istehsal edəcək zavodların başı hərbi sifarişlərə qarışdığı üçün heç kim mülki texnikaya maraq göstərmirdi. Belə olan halda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Əliyev çıxış yolunu tapır. Maşınqayırma sahəsini kurasiya edən Əliyev çox sadə çıxış yolu təklif edir: UAZ hərbi avtomobil istehsalı ilə məşğuldur, onu əsas profildən ayırmaq olmaz. Gürcüstan və Ermənistanda avtomobil zavodları fəaliyyət göstərir, Azərbaycanda isə yoxdur.
Beləliklə, 5 avqust 1983-cü ildə Sov.İKP MK-da 1,5 tonluq avtomobil istehsal edən zavodun tikintisi qərara alınır. Buna görə də təcili qaydada Avropadan bir neçə ədəd Renault, Ford, Mercedes və Iveco alınır. NAMİ (Elmi-Tədqiqat Avtomotor İnstitutu) təcili qaydada yeni maşının eskizlərini hazırlanmağa başlayır. Bura qədəri hər şey aydındır.
Növbəti mərhələdə, işin icrası SSRİ Nazirlər Sovetinə tapşırıldıqda isə Heydər Əliyevin nüfuzu və təcrübəsi təkrar dövrəyə girir: 21 dekabr 1984-cü il tarixli qərarla 1986-1990-cı illərdə Azərbaycan SSR-in Kirovabad (indiki Gəncə - müəl.) şəhərində illik istehsal gücü 100 min ədəd olan avtomobil zavodunun tikintisi qərara alınır. Bu maşınlardan azı 40 min ədədi Avropaya ixrac edilməli idi.
Lakin burada da sovet bürokratiyası işə düşür: Yerevan Avtomobil Zavodunun sınaq mərhələsində olan avtomobilinin (YerAZ) yeni zavodda istehsal edilməsi təklif olunur. Lakin H.Əliyev istehsala başlamadan mənəvi cəhətdən köhnəlmiş modelin Azərbaycana gətirilməsinə qətiyyətlə qarşı çıxır.
1984-cü ildə artıq prototiplər hazır idi. Məşhur Dmitrov poliqonunda NAMİ-0267 və NAMİ-3305 tipli furqonların sınaqları başlayır. Avtomobillər xüsusi hazirlanmiış 2,5 litrlik dizel mühərrikivə 5 pilləli ötürmə ilə təchiz edilmişdi.
1986-cı ildə zavodun tikintisi başlayır, paralel olaraq azərbaycanlə mühəndislər UAZ, QAZ və digər zavodlara təcrübəyə göndərilir.
İşlər tam templə getdiyi vaxtda 1986-cı ildə Çernobıl AES-də baş verən qəza gedişatı dəyişir. Ölkənin bütün resursları faciənin nəticələrini aradan qaldırmağa yönəlir. Zavod tikintisində sürət azalsa da, iş dayanmır. Hətta Britaniya, Almaniya və İtaliyadan bahalı avadanlıqlar alınaraq Kirovabada gətirilir.
İşin gedişində böhran növbəti il baş verdi. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. Artıq Azərbaycanın düşmənləri arzusuna çatmışdı.1988-ci ildən sonrakı siyasi proseslərdən hər kəs xəbərdardır.
Heydər Əliyev işdən uzaqlaşan kimi yeni avtomobilin sənədləri Bryansk Avtomobil Zavoduna verilir. Halbuki, bu zavod 50 ildir ağır hərbi texnika istehsalı edir, kiçik avtomobil istehsalı imkanı sıfıra bərabər idi. Məntiqi olaraq yaxşı heç nə alınmır. Ardınca Sovet İttifaqı dağılır. Bryansk zavodu hazır çertyojlar əsasında avtomobil istehsalına başlayır. Lakin 1994-1996-cı illərdə cəmi 157 maşın istehsal etmək mümkün olur.çünki kphnə texnologiya ilə istehsalın maya dəyəri baha olduğundan maşına maraq olmur və istehsal dayanır.
Bir sözlə, H.Əliyevin hakimiyyəti itirməsindən sonra Azərbaycan çox böyük və perspektivli müəssisədən məhrum olur. Beləcə, AZərbaycanın böyük avtomobil istehsalçısına çevrilməsi planı da tarixə qovuşur.
Vüqar