İctimai nəqliyyat üçün problemə çevrilən parkinq  - FOTO

Avtosfer Foto 6 May 2024 11:54 Oxunub 776
İctimai nəqliyyat üçün problemə çevrilən parkinq   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Parkinqlər bir qayda olaraq küçələrdə parklamanın azaldılması məqsədi daşıyır. Lakin digər parametrlər nəzərə alınmadıqda avtomobil sahiblərinin işi asanlaşsa da, digərlərinin işi çətinə düşür. Belə parkinqlərdən biri Azərbaycan prospektində, Mərkəzi Univermağın yaxınlığındadır.
Bu çoxyaruslu parkinq sözün həqiqi mənasında digər hərəkət iştirakçılarına çoxmərtəbəli problemlər yaradır. Həftənin bütün günlərində bu parkinqə giriş üçün iki və ya üç cərgəli növbələr müşahidə edilir. Növbələrin yaranmasında səbəb həm sürücü təcrübəsizliyi, həm işin pis təşkili, həm də parkinq yerinin düzgün seçilməməsidir. 
Həftə sonu müşahidələrimiz göstərdi ki, parkinqdəki şlaqbaumun qarşısında hər sürücü azı 1 dəqiqə vaxt itirir. Bu da qısa vaxtda böyük növbələrin yaranmasına kifayət edir. Sürücülər çox vaxt kart verən avtomata düzgün yaxınlaşa bilmir, ya da parkinqdən istifadə qaydalarından ümumiyyətlə bixəbərdirlər. Parkinq əməkdaşlarının müdaxiləsi olmadan əksəriyyət buradan istifadə edə bilmir. Sürücülərimizin yaşıl işıq yanan kimi yol ayrıcını yol ayrıcını doldurmaq şakərini əlavə edəndə xoş olmayan mənzərə üzə çıxır.  

Bu faktların hamısı bir yerə toplandıqda isə İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində çoxcərgəli tıxaclar normaya çevrilir. Bundan ən çox əziyyət çəkən isə ictimai nəqliyyatdır. 18 və 65 saylı avtobusların sürücüləri üçün buranı keçmək yunan mifologiyasındakı Tantal əzabına bənzəyir. Sürücülər çox vaxt sərnişinləri üçüncü və ya dördüncü cərgədə düşürməli olurlar. Bu iş riskli və sərnişinlərin narazılığına səbəb olsa da, avtobus sürücülərinin başqa seçimi yoxdur. 18 saylı marşrutdakı iritutumlu, qoşalaşdırılmış avtobusların sürücülərinin vəziyyətini isə sözlə təsvir etmək mümkün deyil. 
Bəzi sürücülər bunu təzə salınmış velosiped yolu ilə əlaqələndirsə də, reallıq başqadır. Başlıca problem parkinqə girişin ləng olmasıdır. Bunun üçün şlaqbaumsuz, nömrətanıma sistemli giriş tətbiq eidlməlidir. Sürücü girişdə dayanmasa hərəkətlilik sürətlənəcək. Çıxışda isə ləngimə sadəcə olaraq mümkün olmayacaq. Çünki hər zaman harasa tələsən sürücülərimiz parkinqdən istifadə edə bilməyənləri “siqnala qərq edərək” “tərbiyələndirəcəklər”. 
Müasir şəhərlər üçün başlıca tələb piyadayönümlü olmaqdır. Şəhərədə avtomobilə də, ictimai nəqliyyata da, velosiped və piyadaya da yer tapılmalıdır.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh