Reklam

"İllərdir öz həyətimizdə maşın saxlamaq üçün pul ödəyirik" - QALMAQAL - FOTO

Avtosfer Foto 26 Avqust 2021 15:38 Oxunub 3632
"İllərdir öz həyətimizdə maşın saxlamaq üçün pul ödəyirik" - QALMAQAL - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bakının Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində qeyri-qanuni avtodayanacaq salınıb. Sakinlərə məxsus həyət zəbt olunub, illərdir öz həyətimizdə avtomobilimizi saxlamaq üçün pul ödəyirik”. Bu iddia ilə “Qafqazinfo”ya həmin ərazidə yaşayan vətəndaş Rüstəm Babayev müraciət edib. Onun sözlərinə görə, dəfələrlə aidiyyəti orqanlara bununla bağlı şikayət olunsa da, heç bir tədbir görülməyib: “Mən bu ünvanda 23 ildir yaşayıram. İki bina arasında qeyri-qanuni avtodayanacaq fəaliyyət göstərir. Ərazidə tüfeyli həyat sürən Pərviz adında şəxs, hər gün orada içki məclisi qururdu. Həmin yuva mənim yaşadığım evin pəncərələri ilə üzbəüzdür. Dəfələrlə şifahi xəbərdarlığıma baxmayaraq, o içki məclisindən əl çəkməyib. Nəhayət, bu il iyun ayında rəsmi ərizə ilə Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətlərinə, Bakı Nəqliyyat Agentliyinə, Polis bölməsinə və digər aidiyyəti orqanlara müraciət etmişəm. Məlum olub ki, bu şəxs binanın sakinlərinə aid olan həyəti özününküləşdirib və bələdiyyədən alınmış saxta sənədlə idarə edir”.

Şikayətçi redaksiyamıza sakinlərin dövlət orqanlarına etdiyi müraciətlərinin cavab məktublarını da təqdim edib. Həmin məktublarda ərazidə avtodayanacaq üçün hər hansı icazə verilmədiyi qeyd olunur. Mənzil Kommunal Təsərrüfatı Birliyinin şikayətçiyə ünvanlanan məktubunda sözügedən şəxs tərəfindən tikilmiş taxta konstruksiyaların sökülməsi üçün göstəriş verildiyi qeyd olunub. Nəsimi rayon Bələdiyyəsinin cavabında isə həmin ərazidə avtodayanacaq üçün torpaq sahəsinin ayrılmadığı bildirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Asim Rzayev də sözügedən ərazidə avtodayanacaq üçün İcra Hakimiyyəti tərəfindən hər hansı torpaq sahəsinin ayrılmadığını qeyd edib: “Orada bir neçə il bundan əvvəl məhəllədaxili avtomobillərin saxlanıldığı əraziyə nəzarət üçün qeyri-rəsmi köşk tikilib. Həmin köşkün tezliklə sökülməsi qərarı verilib. Hazırda məsələ ilə bağlı araşdırılma aparılır, müvafiq qaydada tədbirlər görüləcək”.



ŞƏRH YAZ
Ad

E-mail

Şərh