Krallara nəzərdə tutulmuşdu, muzeylərə qismət oldu - "Bugatti Royale" - FOTOLAR

Avtosfer Foto 16 Yanvar 2022 13:14 Oxunub 1854
Krallara nəzərdə tutulmuşdu, muzeylərə qismət oldu - "Bugatti Royale" - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər avtomobil istehsalçısına bütün tarixi boyu təqdim etdiyi modellərin keyfiyyətinə görə qiymət verilib. Lakin hər firmanın özünə məşhurluq gətirmiş xüsusi modelləri var. Mələsən “Rover”in “Defender”i, “Mercedes”in “600” modeli və ya “Lada”nın “Niva”sı kimi. “Bugatti”nin tarixində də 2 belə model olub: 20-ci əsrin əvvəllərində “Royale” və 21-ci əsrdə “Veyron”.

1926-cı ildə ata və oğul Bugattilər tərəfindən hazırlanmış “Bugatti Royale Type 41” firmanın ən nüfuzlu antik modelidir. Monarx və krallar üçün nəzərdə tutulmuş bu model o dövrdə “Rolls Roys”dan 3 dəfə baha idi. Elə adından da görünür ki, maşın krallar üçündür (royale – kral sözünün fransız dilində sifət forması).

Qəribə tale

Planetin ən zəngin kralları üçün hazırlansa da, bu model ciddi marağa səbəb olmadı. Ata Buqattinin sağlığında istehsal olunmuş 6 avtomobildən cəmi üçü satıldı. Əslində 25 avtomobil istehsal etmək nəzərdə tutulsa da, qlobal maliyyə böhranı imkan vermədi. Lakin “heç nə çox baha, heç nə çox gözəl deyil” prinsipini rəhbər tutan ata Buqatti öz arzularını 6 avtomobildə həyata keçirməyi bacardı.

Avtomobillərin sonrakı taleyi də maraqlı oldu. Üç avtomobil hazırda öz ömrünü vətəndə – Fransa Milli Avtomobil Muzeyində keçirir.

Bir avtomobili isə (kabriolet) alman iş adamı aldıqdan bir müddət sonra Asiya ölkələrindən birinə satır. Bir müddət sonra bir amerikalı bu avtomobili alır, bir neçə il istifadə edərək atır. 1941-ci ildə “General Motors”un bir mühəndisi avtomobili Vaşinqtondakı avtomobil qəbiristanlığından götürərək bərpa edir. Avtomobil hazırda Detroytda “Ford”un muzeyində qorunur.

1931-də istehsal olunmuş bir avtomobilin sahibi isə xoşbəxt bir İsveç vətəndaşıdır.

Klassik hipomobil (fayton) stilində hazırlanmış bir model isə əvvəllər “Samsung”un şefini gəzdirsə də, indi Kaliforniyada avtomobil muzeyində sərgilənir.

Bir sözlə, heç bir avtomobil it-bata düşməyib.

 

Texniki göstəricilər

Mühərrik həcmi: 12763 sm3

Silindr sayı: 8

Porşenin diametri və gedişi: 125 × 130 mm

Qazpaylama: 1 ədəd yuxarı qazpaylama valı (o dövr üçün nadir hal), hər silindrə 1 sorma, 2 xaricetmə klapanı. Bu model üçün xüsusi karbürator hazırlanıb. Hər silindrə 2 alışdırma şamı düşür.

Mühərrikin kütləsi: 350 kq.

Maksimal güc: 1700 dövrdə təqribən 250 at gücü

Sərfiyyat: 100 kilometrə təqribən 60 litr

Sürət qutusu: 3 pilləli sinxronizatorlu mexaniki

Maksimal sürət: 200 km/saat

Avtomobilin uzunluğu/eni: 6401 mm/4300 mm

Kütləsi: 3180 kq (modeldən asılı olaraq kiçik fərqlər mümkündür)

Qiymətə gəlincə, müasir dövrdə istehsal edilərsə, bu avtomobilin qiyməti azı 500 min avro olardı. Sözügedən avtomobillərdən biri 1987-ci ildə 8.1 milyon dollara satılmışdı. 1990-cı ildəki satışın dəyəri 15.7 milyon dollara çıxmışdı. 2001-ci ildə donuncu satış 10 milyon funt sterlinqə bərabər oldu.

Bu qiymətləri təsəvvür etmək üçün bir faktı deyək ki, 1990-cı ildə neftin 1 bareli 20 dollar ətrafında dəyişirdi. Qızılın 1 unsiyası (31 qram) 400 dollara çatmırdı. Hazırda 1 qramı 60 dolları keçib.

Mühəndis ata və oğlun şah əsərinə qiymət verməyi oxucuların ixtiyarına buraxırıq.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh