Reklam

“Ölü şəhər”in ekoloji təmiz nəqliyyatı - Tramvayı kimlər və nə üçün məhv etdi? - FOTOLAR

Avtosfer Foto 14 Yanvar 2023 12:00 Oxunub 2022
“Ölü şəhər”in ekoloji təmiz nəqliyyatı - Tramvayı kimlər və nə üçün məhv etdi? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbərin başlığı təzadlı görünə bilər, amma həqiqətdir. SSRİ-də ilk dəfə insanlara az da olsa söz azadığı verildikdən sonra 1987-ci ildə məlum oldu ki, Sumqayıt kimya zavodlarının sayına görə “liderdir”. Burada hava sözün həqiqi mənasında zəhərli olduğu üçün “ölü şəhər”dir.
Avtosfer.az xəbər verir ki, Azərbaycanın ən “cavan” tramvay sistemi Sumqayıtda mövcud olub. Cavanlığın səbəbini elə şəhərin salınma tarixində axtarmaq lazımdır.

50-ci illərdə Sumqayıt şəhəri salındıqda bura keçmiş SSRİ-nin hər yerindən mütəxəssislər və işçilər gəlir. Təbii ki, SSRİ-də həmin dövrdə istehsal edilən aztutumlu və ləng avtobuslar birdən-birə artan tələbatı ödəyə bilməzdi. Burda da ən səmərəli variant tramvay idi. Bu şəhərdə də tramvay xətləri trolleybusdan daha tez salınıb. Şəhərdə ilk tramvay xətti 11 mart 1959-cu ildə açıldı. Sonradan genişləndirilən şəbəkə şəhərin bütün sənaye zonalarını əhatə edir və Xəzər sahili boyunca uzanırdı. Sistem planlı şəkildə qurulmuşdu və sənaye müəssisələrində işləyənlərin mütləq əksəriyyəti bu nəqliyyat növündən istifadə edirdi. Sənaye zonasından yaşayış massivlərinə getmək üçün ən əlverişli nəqliyyat tramvay idi. İlk dövrlərdə Riqa istehsalı olan RVZ-6 tramvayları xəttə buraxılmışdı.

2 il sonra, 28 aprel 1961-ci ildə, o vaxtın terminologiyası ilə desək Azərbaycanda sovet hakimiyyətinin quruluşunun ildönümündə şəhər trolleybusla tanış oldu. 
Lakin bu 2 nəqliyyat növü Gəncədən fərqli olaraq rəqib deyildi. Sumqayıt tramvayı səhər saat 5.30-dan gecə saat 2.00-dək işləyirdi (maraqlıdır ki, müasir avropa şəhərlərində hazırdı tramvay bu qrafiklə işləyir). Şəhərin mərkəzindən Nasosnı (indiki Tağıyev) qəsəbəsinə tramvayla getmək mümkün idi. Şəhərin əsas nəqliyyat yükü məhz relsli nəqliyyatın üzərində idi.
Bununla belə, tramvayın xoş günləri təxminən 30 il sürdü. 90-cı illərdə başlayan böhran tramvayı da vurdu. Baxımsızlıq və parkın yenilənməməsi üzündən 20-ci əsrin sonlarında bütün sistem yararsız vəziyyətə düşdü. İş o yerə çatmışdı ki, tramvayın çöl tərəfində qopan dəmir lövhələri istismardan çıxarılmış maşınlardan kəsib digərlərinə qaynaq edirdilər. Bütün vaqonlar eybəcər hala düşmüşdü. Tramvayın sonuncu dayanacağı – dönmə yeri bazara çevrilmişdi. Bütün bazarı dövr edən tramvay əsasən yük daşımaq üçün istifadə edilirdi. Tramvay parkı Rusiya istehsalı olan “КТМ-5” vaqonlarından ibarət idi. 
Sumqayıt tramvayı təxminən Bakı tramvayı ilə eyni vaxtda, 2003-cü ilin iyulunda ömrünü başa vurdu. Burada da relslər və vaqonlar ömrünü metaləritmə müəssisəsində başa vurdu. Halbuki tramvay sistemi digər nəqliyyatın işinə mane olmurdu. 
Tramvayın ləğvindən sonra isə Bakı kimi Sumqayıtı da mikroavtobuslar doldurdu. Sonuncular nəinki vəziyyətdən çıxış yolu olmadı, əksinə şəhərə əlavə problemlər gətirdi (sıxlıq, tıxac, ekoloji vəziyyətin pisləşməsi, qəza, qayda pozuntusu və s). Tramvayın ləğvinin fəsadları bu gün də özünü göstərir.

Hazırda Sumqayıt tramvayından heç bir nişanə qalmayıb – arxiv fotolarından başqa. 

P.S. Əziz oxucu, sizcə Sumqayıtda tramvayın yeri görünürmü?

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh