Reklam

“Peugeot nənə” Azərbaycanda yaşayır, və ya fransızlar “Khazar” barədə - FOTO

Avtosfer Foto 14 Mart 2024 15:50 Oxunub 980
“Peugeot nənə” Azərbaycanda yaşayır, və ya fransızlar “Khazar” barədə  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən günlərdə Avtosfer.az saytında yerli mütəxəssislər Azərbaycanda istehsal olunan avtomobillərə münasibət bildirdilər. Bu mütəxəssislərin öz sahələrinin peşəkarı olduqları üçün fikirlərinə hörmətlə yanaşıram. Amma bir məqamı da deməyi borc bilirəm. 
Bizə elə gəlir ki, Azərbaycanda yığılan avtomobillər barədə ölkə xaricində heç kimin xəbəri yoxdur. əslində belə deyilmiş. Fransanın ciddi avtomobil saytlarında bizim “Khazar” avtomobili barədə çox sayda xəbər tapmaq mümkündür.  
bienpublic.com saytı 2023-cü ilin mayında yazırdı: “1996-cı ilin aprelində, 10 il istehsaldan sonra “Peugeot 405”in Fransada istehsalı, Avropada isə satışları dayandırıldı. Payızda isə İranda istehsal başladı.... Bu gün də 405 İranda başqa adla, həm də çox keyfiyyətsiz detallarla istehsal olunur... Bir neçə ildir Azərbaycanda, “Azermash”da istehsal olunan 405 təqaüdə çıxmağa hazırlaşmır”. 

Keyfiyyətsiz detallar barədə bir sual məni daim düşündürür. Bakıda taksi kimi istifadə etdiyim bütün “Khazar” avtomobillərinin şüşələrinin üzərində 90-cı illərdə istehsal edildiyi göstərilir. 2021-2023-cü illərdə istehsal edilmiş avtomobildə bu təzadı necə izah edək? Şüşələr həqiqətən köhnədir, yoxsa iranlılar tənbəllik edib ştampları dəyişməyiblər?

leblogauto.com saytı 2019-cu ildə yazırdı: “CAR və Misirdə karyerasını başa vuran “yenilənmiş” “Peugeot 405” Azərbaycanın Neftçala şəhərində yenidən istehsala qaytarılıb. Bu məqsədlə illik istehsal gücü 10 000 avtomobil olan zavodun tikintisinə 14 milyon dollar sərmayə qoyulub”.

Müəllif qeyd edir ki, avtomobil Azərbaycanda və Rusiyada satılacaq. Onun Fransadakı modellərlə 30 illik texnoloji fərq ayırır. 
Məqalədə avtomobilin Fransaya ixracının qeyri-mümkünlüyünə də aydınlıq gətirlir. Bildirilir ki, “Khazar”in mühərriki zamanın sınağından çıxsa da, Avropanın ekoloji standartlarına cavab vermir. Bu avtomobilin dizaynı məşhur Pininfarina atelyesinə deyil, iranlılara məxsusdur. 
Mühərrik barədə də xatırlatma yerinə düşər: Bir neçə il əvvəl iranlı mühəndislər (çox ehtimal ki, çinlilərin köməyi ilə) 405 mühərrikini karbüratordan injektora keçirərək adını “Motore melli”, yəni milli mühərrik qoydular (bir növ rusların “Jiquli” mühərrikinə injektor tətbiq etməsi kimi). 
Texnologiya tarixindən az-çox xəbərdar olanlar bilir ki, “milli mühərrik”, “yerli və milli avtomobil” ifadələrini 4-5 xalq işlədə bilər. Onların arasında isə müsəlman dövlətləri ümumiyyətlə yer almır.  
Fransız həmkarımızın yazdığı məqalənin başlığı da diqqəti cəlb edir: “Peugeot 405 nənə” hələ də Azərbaycanda yaşayır”.
Fransa ilə əlaqələrimizin çox da yaxşı olmadığını nəzərə alaraq kimsə iddia edə bilər ki, parisli jurnalistlər qərəzə yol veriblər. Onların nə dərəcədə obyektiv olub-olmadığını bilmək üçün Bakıdakı taksi sürücülərinə yerli avtomobillər barədə bircə sual vermək kifayətdir.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh