Reklam

Qayınata və kürəkənin birgə ərsəyə gətirdiyi mühərrik - FOTOLAR

Avtosfer Foto 10 Noyabr 2022 12:00 Oxunub 878
Qayınata və kürəkənin birgə ərsəyə gətirdiyi mühərrik - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Klassik daxili yanma mühərriklərinin (DYM) icadından 150 ilə yaxın vaxt ötsə də, nəzəri problemlərin əksəriyyəti həll olunmayıb. Bu gün də kompüter kimi düşünən başlar mühərriklərin resursunun artırılması, ekoloji problemlərin həlli və saymaqla bitməyən bir sıra məsələlərin üzərində çalışırlar. 

Avtosfer.az  xəbər verir ki, çoxları klassik sistem üzərində çalışsa da, bundan imtina edərək yeni yol seçənlər də tapıldı. Məsələn 50-ci illərdə alman mühəndislər Vankel və Froyde rotor mühərriki patentləşdirdilər. 80-ci illərdə isə karbüratordan imtina edilərək injektor sistemi tətbiq olunmağa başladı. 

Bu gün söhbət açacağımız mühərrik 1996-cı ildə ərsəyə gəlib. Avstraliyalı mühəndis Hover Smit 1995-ci ildə yuxuda ağlına gələn ideyanı həyata keçirməyə başladı. Bir il sonra 2000 Avstraliya dolları xərc və dərin zəhmət bahasına yeni mühərrikin ilk prototipi hazır oldu. O, mühərriki  qayınatası ilə birgə hazırlayıb. Həmin il Smit “Revetec” şirkətini qurur və ixtirasını Sidney avtosərgisinə çıxarır. Ardınca, generator və digər stasionrar qurğular üçün nəzərdə tutulan ikinci prototipin hazırlanmasına başlanır. Avtomobil sənayesinin bu ixtiraya diqqətinin artması ilə Smit yenidən avtomobilə doğru yönəlir.  “Revetec” şirkətinin patentləşdirdiyi mühərrik belə adlanırdı – yanma prosesi idarəolunan mühərrik (ingiliscə Controlled combustion engine, fransızca Moteur à combustion contrôlée).

İş prinsipi

“Revetec” mühərriki üçtilli, əks istiqamətdə fırlanan iki valdan ibarətdir. Vallar hər tərəfdən diyircəkli yastığa oturdulur. Valların üstünə isə bir birinə əks istiqamətdə porşenlər yerləşdirilir (oppozit mühərriklərdəki kimi). 
Vallar hərəkətə gətirildikdə qayçı prinsipi ilə porşenləri itələyir və klassik DYM-dəki kimi taktlar icra olunmağa başlayır. Yuxarı ölü nöqtəyə (YÖN) çatdıqda alışma baş verir və yaranan kompressiya porşeni geri itələyir. Öz növbəsində porşen valı fırladır. Ən yüksək güc isə porşen YÖN-dən 5-10 dərəcə aşağı endikdə alınır. Klassik DYM-də isə bu göstərici 40-60 dərəcəyə bərabərdir. Bu səbəbdən də mühərrik sərbəst rejimdə çox kiçik dövrlərdə vibrasiyasız işləyir. 

Porşenlərin bir xətt üzrə yerləşməsi nəticəsində yan təsirlər, vibrasiya və zərbələr azalır, silindr sayı azaldığı üçün sürtünmə və aşınma minimuma enir. Nəticədə təzyiqli yağlamaya ehtiyac qalmır. Beş fırlanan detaldan ibarət mühərrikdə valın bir dönməsi ilə 6 takt icra olunur. Valların tillərinin sayı 5 olduqda isə bir dönüşdə icra olunan taktların miqdarı 8-ə bərabər olur. Müqayisə üçün deyək ki, klassik DYM-ində valın bir tam dönüşü 4 takta bərabərdir. Rotor mühərrikdə isə hər takt 1 dönüş yaradır. 
Mühərrikin kütləvi istehsalı olmasa da, sınaq üçün bir çox avtomobilə tətbiq edilib.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh