Reklam

Sovet Azərbaycanının yük avtomobilləri – “Pinqvin” və digərləri - FOTO

Avtosfer Foto 21 Noyabr 2022 09:00 Oxunub 5474
Sovet Azərbaycanının yük avtomobilləri – “Pinqvin” və digərləri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan SSR-in ağır sənayesi sovet sənayesinin tərkib hissəsi kimi 50-ci illərdən etibarən avtomobil və traktor sənayesi üçün detallar istehsal edirdi. Məsələn, məşhur “Neva” tormoz mayesi Sumqayıtda istehsal edilirdi. VAZ avtomobillərinin təkər toplarındakı yastıqlar (podşibnik) da Bakıda istehsal olunaraq Tolyattiyə göndərilirdi. Traktorlar üçün istehsal edilən məhsullar arasında isə yüksək təzyiq üçün şlanqlar yer alırdı. 


Obyektivlik naminə qeyd edək ki, istehsal keyfiyyəti yüksək idi. Şəxsən bizim “Jiquli”dəki yastıq 500 000 km yol qət edib. Bu yastıq ölçüsünə görə “Ford Transit” və “Mercedes” avtomobillərinə uyğundur. 
Ötən əsrin 70-ci illərindən etibarən Bakıda avtomobillərin kiçik seriya ilə yığılmasına start verildi. 1961-ci ildə fəaliyyətə başlayan Bakı Avtomobil Detalları Zavodu 1976-cı ildə profilini dəyişərək tez xarabolan məhsulların daşınması üçün nəzərdə tutulmuş “ПАЗ-3742” və “ПАЗ-37421” modellərinin istehsalına hazırlıq başladı. 2 il sonra zavodun adı dəyişdirilərək БЗСА - Бакинский Завод СпецАвтомобилей, və ya Azərbaycan dilində БИАЗ - Бакы Ихтисаслашдырылмыш Автомобиллəр Заводу oldu. 1977-ci ildə ПАЗ-3742 markalı refrijeratorlar həyata vəsiqə aldı və 53 maşın sifarişçilərə çatdırıldı. Bir müddət sonra isə avtomobilə ПАЗ-37421 indeksi verildi. Üzərində buta simvolu olan texnikaya tezliklə “Pinqvin” ləqəbi verildi. Texnika qısa vaxtda bütün SSRİ-də məşhurlaşdı.


Refrijerator hamıya tanış olan ZMZ-53 mühərriki ilə təchiz olunmuşdu: V8, karbürator, 4.2 litr. 
Əvvəlcə hazır detallar kənardan gətirilərək Bakıda yığılırdısa, 1980-ci ildə qaynaq xətti hazır olduqdan sonra istehsal bütünlüklə Bakıya köçürüldü. 
1988-ci ildə konstruksiya alüminium detalların tətbiqi ilə 300 kq yüngülləşdirildi, avtomobilin yükgötürmə qabiliyyəti artdı, yanacaq sərfiyyatı aşağı düşdü. Bu, sırf bakılı mühəndislərin beyninin məhsulu idi və Moskvada təqdir edildi. Bu zaman refrijeratorlar ПАЗ-3742-01, furqonlar isə ПАЗ-37421-01 indeksini aldı.


Hər 2 modelin istehsalı (bütün modifikasiyalar daxil) təxminən 9 il davam edərək 1989-cu ildə başa çatdı. 
1989-cu ildə zavod MAZ və ZİL avtomobillərinin bazasında БЗСА-4706 markalı furqonların istehsalını mənimsədi. Lakin 3 ildə istehsal olunan texnikanın sayı heç 100 ədədə çatmadı (ehtimal ki 66 ədəd) və istehsal dayandı. Kifayət qədər proqressiv olan texnikanın konveyer ömrü çox çəkmədi.
1991-ci ildə müəssisənin adı dəyişdirilərək БакАЗ (Бакинский АвтоЗавод) Bakı Avtomobil Zavodu adlandırıldı. Yeni ad düşərli olmadı və müəssisənin qara günləri başladı. SSRİ-nin süqutu ilə əlaqələr kəsildi, detalların təchizatı dayandı. Zavod çıxış yolu kimi əldə qalan detallardan avtobus və furqon istehsal etməklə vəziyyətdən çıxmaq istəsə də uzun çəkmədi. 1992-93-cü illərdə Azərbaycan ordusu üçün bir neçə sanitar avtomobil də istehsal edildi. 1994-cü ildə isə proses tamamilə dayandı. İstehsalın rentabelli olması üçün ixrac vacib idi. Bunun üçünsə sertifikatlaşma tələb olunurdu. Zavodun buna nə maliyyəsi, nə də marağı vardı. Dövr də başqa idi. 


Beləliklə, sovet dövründə qurulmuş zavodlardan biri fəaliyyətini başa vurdu. İxrac üzrə ixtisaslaşan müəssisələrimizdən biri də tarixə qovuşdu. Lakin zavodun texnikası 2000-ci illərin əvvəllərinədək keçmiş SSRİ məkanında ictimai nəqliyyatda və yük avtomobili kimi istifadə edildi. İndi isə bunları yalnız rus kolleksiyaçıların qarajında tapmaq mümkündür. 

Zavod 2001-ci ildə prezidentin sərəncamı ilə (No647, 22.03.2001) özəlləşdirilməyə çıxarıldı. Müəssisənin indi nə işlə məşğul olduğunu bilmək maraqlı olardı. 

 

Vüqar Yaşaroğlu

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh