Reklam

Xammalı Azərbaycandan gedən alman avtomobili - Almaniyanın simvolu - “Trabant” - FOTO

Avtosfer Foto 9 Noyabr 2022 14:29 Oxunub 1270
Xammalı Azərbaycandan gedən alman avtomobili - Almaniyanın simvolu - “Trabant” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Alman avtomobili dedikdə ağla ilk gələn nə olur? Mercedes, Opel, Audi və s. Lakin heç kim Trabant, Wartburg, Robur, Multicar deməyəcək. Bəs necə olur ki, Mercedes, Opel, Audi dünyada tanındığı halda, sosialist düşərgənin (ADR) texnoloji cəhətdən geri qalmış avtomobili vahid Almaniyanın simvolu oldu? Çox da uzaq olmayan tarixə qayıdaq. 
9 noyabr 1989, cümə, Berlin. 28 illik “xidmətdən” sonra iki Almaniyanı ayıran səddin varlığına son qoyulur. İnsanlar “utanc divarı” deyilən səddi kərpic-kərpic sökürlər. Bir qədər aralıda isə kiçik bir stulda əyləşən bakılı violonçel ustası Rostropoviç Baxın simfoniyalarını ifadə edir. Almaniyanın keçmiş kansleri Angela Merkelə bu prosesi görmək nəsib olmadı. Həmin tarixdə o, adəti üzrə rəfiqəsi ilə sərhəddən bir qədər aralıdakı saunaya getmişdi. Saunadan çıxanda isə Merkel divarın uçurulduğunu görüb, Şərqi Berlinə keçir. 

Avtosfer.az-ın xəbərinə görə, həmin gün kapitalist Almaniya (AFR) Qərbi görməyə gələn kiçik avtomobillərin tıxacına şahidlik edir. Beləliklə, “Trabant” almanların azadlıq simvoluna çevrildi.

Tarixi arayış
 
Müharibədən çıxmış ADR-in hökuməti maya dəyəri ucuz avtomobil hazırlamaq niyyətinə düşür. Mühəndislər işə girişir və avtomobillə motosikletin qarışığı olan bir mikroavtomobil ərsəyə gəlir. 
4 nəfər sərnişin tutumu olan ilk “Trabant P50” 1959-da satışa çıxarılır. Qabaq intiqallı, müstəqil asqılı, mühərriki eninə yerləşdirilmiş bu avtomobil o dövr üçün texnoloji yenilik hesab olunurdu. 1964-cü ildə satışa çıxarılan “P601” isə tarixə “Trabi” kimi düşdü.

Texniki göstəricilər

Avtomobildə hər şey qənaətə hesablanıb. Müharibədən sonra qara metal qıtlığı yaşayan ölkədə avtomobilin karkası duroplast deyilən materialdan hazırlanır. Duroplast pambıq, ipək və hətta (bəzi vaxtlarda) kağız lifləri ilə möhkəmləndirilmiş təkrar emal məhsullarından alınan sərt rezindir. Material əsasən Azərbaycan SSR-in pambıq emalı sənayesinin tullantılarından hazırlanırdı. Sözügedən material qəza zamanı sərnişinləri qorumur. Zərbə zamanı şüşə kimi parçalanan duroplastın təkrar emalı qeyri-mümkündür. Bu səbəbdən 90-cı illərin sonunda avtomobil qəbiristanlıqlarındakı Trabantların karkasına materialı parçalamaq üçün xüsusi bakteriyalar yerləşdirildu. 
Avtomobilə 2 taktlı, 2 silindrli mühərrik yerləşdirən istehsalçı burada da qənaəti yaddan çıxarmayıb. Mühərrikdə yanacaq, yağ və su nasosları, mərkəzi yağlama sistemi yoxdur. Yanacaq karbüratora Yerin cazibə qüvvəsi sayəsində daxil olur (motosikletdəki kimi – müəl.). Avtomobilin asqısı da özünə uyğundur, lakin tormoz sistemi çox effektlidir. Mühərriklə tormozlamanın faktiki mümkün olmadığı avtomobilin bütün təkərləri barabanlı tormoz sistemi ilə təchiz olunub. Mühərrikin vibrasiyasına görə tez-tez boşalan qabaq panelin vintlərini də vaxtaşırı sıxmaq lazım gəlir. Göy və ya qara tüstü buraxmayan “Trabant”a isə rast gəlmək mümkün deyildi. 
İstehsal ucuz başa gəlsə də, avtomobilin yanacaq sərfiyyatı hər kəsin büdcəsinə görə deyildi. Mühərrikin ekoloji tərəflərindən isə ümumiyyətlə danışmağa dəyməz. 
Avtomobil çox sadə quruluşa malik olduğu üçün onu hər kəs ev şəraitində təmir edə bilərdi. İstehsalçı öz məhsuluna alman deyil, sovetə xas münasibət göstərib (грубо, тяжело, но надежно). Texnologiyanın köhnəlməsi nəticəsində istehsalın maya dəyəri aşağı düşsə də, keyfiyyət də bərbad vəziyyətə gəlirdi. Avtomobili zavoddan çıxmazdan qabaq bir mütəxəssis çəkic və ya təpiklə vuraraq texniki baxışdan keçirirdi. Avtomobilin qapıları cəmi bir neçə ay normal örtülürdü. İstismar təlimatında göstərilirdi ki, alandan bir müddət sonra və ildə ən azı bir dəfə avtomobilin bütün detalların bərkitmək (крепешка) lazımdır. 
“Trabant” həm də sosialist Almaniyasındakı texnoloji geriliyin göstəricisi idi. 

Lakin bayaqdan tənqid etdiyimiz bu avtomobilə sahib olmaq üçün bəzən 5 il növbəyə durmaq lazım gəlirdi. “Trabant”a sahib olmaq keçmiş SSRİ-də QAZ-24-ə sahib olmaqla müqayisə edilə bilər. 
1957-91-ci illərdə 3 051 385 ədəd istehsal olunmuş “Trabant”dan 2007-ci ilin sonuna təqribən 52 000 ədəd qalmışdı. Almaniyanın birləşməsindən sonra, insanlar bu texnikadan kütləvi surətdə imtina etməyə başladılar. “Trabant”ın yeni modellərinin hazırlanması cəhdləri də iflasa uğradı. Bu gün avtomobilə muzeylərdə və “Trabant” həvəskarlarının kolleksiyalarında rast gəlmək mümkündür. 
Frankfurt 2009 avtosalonunda elektrik mühərrikli “Trabant” təqdim olundu. Yeni “Trabi nT” adlı bu model 2012-ci ildə təqribən 20 min avroya satışa çıxarılması planı isə iflasa uğradı.
Trabantın Svikau şəhərində Trabant istehsal edilən zavodda bu gün Folksvagen şirkəti elektromobil yığır. Yeri gəlmişkən, bu gün Almaniyada Trabantlar sayca Tesladan daha çoxdur. Birincinin sayı 38 173 ədəd olduğu halda, ikinci təxminən 5000 ədəddir. 
Bu gün vahid və güclü Almaniyada antik avtomobillər arasında Trabant polulyarlığına görə Mercedes və ya Audidən geri qalmır.
Maraqlıdır ki, bu avtomobil Sovet İttifaqına ixrac edilməyib. Lakin sosialist bloku dağılarkən Rusiya, Ukrayna və Belarusa bu avtomobillər müəyyən qədər daşınıb. Almaniyada xidmət etmiş sovet zabitləri tərəfindən. 

PS. Görəsən vahid Azərbaycanın simvolu hansı avtomobil olacaq?

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh