Reklam

Ziya Məmmədov dövründən qalan ənənə; planı ver, avtobusu hara istəsən apar - FOTO

Avtosfer Foto 26 Avqust 2024 14:04 Oxunub 1354
Ziya Məmmədov dövründən qalan ənənə; planı ver, avtobusu hara istəsən apar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda, xüsusən də Bakı şəhərində müstəqilliyin ilk illərində yranmış ictimai nəqliyyat problemlərini yəqin çoxları xatırlayır. Sovet dövründə alınmış İkarus, Paz, LAZ, LİAZ markalı texnika sıradan çıxdıqdan sonra onların yerini aztutumlu mikroavtobuslar tutdu. Hansısa iş adamı Almaniya və ya Rusiyadan 15-20 mikroavtobus gətirərək sürücülərə gündəlik icarə əsasında işlətməyə verirdi. 

2000-ci illərdən bu ənənə başqa formada davam etdi. Bu dəfə dövlətin hesabına alınmış iritutumlu avtobuslar sürücülərə bu prinsiplə verildi: necə sürürüsən sür, axşam planı gətir. Nağdsız ödəniş sisteminə keçidə isə hər vəchlə maneə yaradıldı. Bakı şəhəri nəqliyyatda nağdsız ödənişə keçidə görə MDB ölkələri arasında ən axırıncı yerlərdə qərarlaşdı.

Ziya Məmmədovun vəzifəsindən getməsi ilə  bəzi məsələlər həllini tapdı. AYNA-nın ciddi iş görmədiyini iddia etmək obyektivlikdən uzaq olar. Artıq Bakının mərkəzində nağd ödənişlə işləyən marşrut qalmayıb. Təbii ki, müasir ödəniş sistemləri kiminsə ürəyincə deyil, amma bu başqa söhbətin mövzusudur. 

Müasir avtobusların fəaliyyət göstərdiyi xətlərdə interval məsələsi xaric əksər problemlər həllini tapıb. Söhbət Bakubus və Faiqoğlu şirkətlərinin istismarında olan xətlərdən gedir. Lakin kiçik, adları çox da məlum olmayan şirkətlərlə problemlər hələ də qalmaqdadır. Burada da başlıca problem yenə də avtobusların “küçədə gecələməsi”, texniki və tibbi müayinədir. 
Fotodakı avtobusun aylardır hər gecə Ağasadıq Gəraybəyli küçəsində, məşhur marketlərdən birinin qarşısında park edildiyinin şahidiyəm. Sürücü hər gecə avtobusu burada saxlayaraq evinə gedir.
Belə olan halda bir sual ortaya çıxır: bu avtobusa nə vaxt texniki qulluq göstərilir, sürücü nə vaxt tibbi müayinədən keçir?

Normal olaraq hər bir avtobus işdən sonra qaraja qayıtmalı, burada onun texniki vəziyyəti yoxlanmalı, yuyulub təmizlənməlidir. Sürücü də reysə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidir. Bunların heç birini küçədə və ya ev şəraitində etmək mümkün deyil. 
Əslində binaların qarşısında və ya küçədə qalan avtobus tək bu deyil. Bakıətrafı kəndlərə xidmət edən maşınlar yalnız sınanda qaraj üzü görür. Şəxsən özüm yaşadığım ərazidə bununla bağlı problemin şahidi olmuşam. Saat 5 radələrində yuxudan duran sürücü avtobusun mühərrikini işə salaraq qonşularda haqlı narazılıq yaradırdı. Bundan sonra sürücü avtobusu binadan aralı saxlamağa məcbur oldu. 

Lakin bu vəziyyətə görə sürücüləri təqsirkar hesab etmək doğru olmaz. Axı sürücü axşam işini başa vurduqdan sonra evinə qayıtmalıdır. Hər gün evə taksi ilə qayıtmaq sürücünün gəlirinə mütənasib deyil. Məsələ nəqliyyat şirkətlərinin sürücüləri evə aparıb-gətirmək işini öz üzərinə götürməməsindən qaynaqlanır. Halbuki, nəqliyyat şirkəti bir və ya bir neçə mikroavtobus alaraq bu işin öhdəsindən gələ bilər. bunun əksinə olaraq, şirkətlər əlavə pul xərcləməmək üçün iritutumlu avtobusları sürücülərin ixtiyarına verirlər. 

Göründüyü kimi məsələ kifayət qədər ciddidir. Lakin həllolunmaz deyil. Məsələnin həlli üçün dövlət qurumlarının daşıyıcı şirkətlərə rəsmi xəbərdarlığı və bir neçə gecə reydi kifayət edər. 

O ki qaldı qarajı olmayan şirkətin sərnişindaşıma ilə məşğul olmasında, bu, ümumiyyətlə yolverilməzdir.
 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh