“28 May” barəsində verilən qərar necə qarşılandı? – Razı olan da var, olmayan da… - AÇIQLAMA - VİDEO

Avtosfer TV 12 Mart 2024 18:30 Oxunub 900
“28 May” barəsində verilən qərar necə qarşılandı?  – Razı olan da var, olmayan da… - AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Qərar bu gündən qüvvəyə minib.

Bu barədə Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ərazidə bir çox sürücü cərimələnib: “Bu gündən etibarən “28 May” metrostansiyası ətrafında şəxsi avtomobillərlə giriş məhdudlaşdırılıb və bununla bağlı əraziyə giriş qadağandır nişanı qoyulub. Amma artıq oxucuların izləyicilərin bizə verdiyi məlumata görə, ərazidə çoxlu sayda sürücü cərimələnib. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var. Birincisi, sürücülər yəqin ki, diqqətsiz deyillər. O qədər gözləri öyrəşib ki, o əraziyə giriş üçün bu gün də nişanlar, nişanlanma xətləri və digər yol hərəkəti infrastrukturuna fikir vermədən əraziyə daxil olublar. Çox istərdim ki, yol polisləri də ən azından bu həftə ərzində sürücüləri orada cərimələməyə yox, maarifləndirməyə, təbliğat aparmağa üstün tutardı. Çünki cərimə məbləği də çox böyük məbləğdir. 80 manat az pul deyil. Həm də oxucularımızdan biri yazıb ki, Dilarə Əliyeva küçəsindən dönərkən 3.1 nişanı köşkün arxasında gizlənir, görünmür. Belə məhdud şəraitdə sürücüləri də anlamaq lazımdır. Yəni infrastruktur qurulması barədə məlumat qəflətən oldu. Dünən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini açıqlama verdi. Bu gün artıq qərar icra olunur. Ona görə insanlara bir az anlayış göstərmək daha yaxşı olardı. Həm yol polisi, həm AYNA nın əməkdaşları ilə giriş qadağandır nişanının ətrafında dayansalar, orada xidmət aparsalar yaxınlaşan sürücülərə nişanı göstərsələr ki, artıq belə bir nişan var. Bu daha yaxşı olar, nəinki kənar bir yerdə dayanıb gözləmək ki, sürücü nişanın tələbini pozsun tez tutub, cərimələnsin. Bu yaxşı hall deyil. Artıq ciddi narazılıqlar var. İnsanlar bununla bağlı öz fikirlərini bizim saytımıza bildirib. Əməkdaşlarımız ordan çəkiliş edib və baxıb görürük ki, bu qıcıq yaradır. Bu məsələdə diqqətli olmaq lazımdır. Amma ümumilikdə həmin ərazidə nəqliyyatın hərəkətinin hansısa formada tənzimlənməsi həyata keçirilməlidir. Çünki Bakı Dəmiryol Vağzalı ətrafında yerləşir. Ordan gəlib qatardan düşən insanlar çemodanlarla yüklə hara gedəcəklər, maşın necə gəlib onları qarşılayacaq, harada qarşılayacaq? Ümumiyyətlə, hansısa bir formada bunun yolu tapılmalıdır”.

Məsələ ilə bağlı Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, qeyd edilən ünvanlarda ictimai nəqliyyat istisna olmaqla, digər avtomobillərin həmin küçələrə daxil olması qadağandır: “Bunun üçün də həmin küçələrin girişlərinə müvafiq olaraq 3.1 giriş qadağandır yol nişanı quraşdırılıb. Ona görə də sürücülərdən xahiş edirik ki, qaydalara riayət etsinlər, yol nişanlarına uyğun olaraq hərəkətlərini tənzimləsinlər”.

Avtosfer.az-ın əməkdaşları vəziyyətlə yerində tanış olub, vətəndaşların, avtobus sürücülərinin eləcə də qayda pozan sürücülərin də fikirlərini öyrənib.

Piyadalar yeni qərarın rahat hərəkəti təmin etdiyini deyiblər. Lakin bəzi piyadalar səkidə qurulan piştaxtalardan narazıdır.

Avtobus sürücüləri yoldakı vəziyyətin digər günlərə nisbətən daha rahat olduğunu qeyd ediblər.

Qayda pozan sürücülərdən isə müxtəlif cavablar aldıq. Qərardan ən çox narazı olanlar isə taksi sürücüləridir. Ərazidə taksi fəaliyyəti göstərən avtomobillər üçün kifayət qədər yer yoxdur.

Qeyd edək ki, “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında bu gün çoxlu avtomobil sürücüsü cərimələnib. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal, 80 manat məbləğində cərimə olunur.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh