Banner

Bakı Limanında ilin 11 ayı ərzində 8 milyon tona yaxın yük aşırılıb – AÇIQLAMA - VİDEO

Avtosfer TV 18 Dekabr 2025 21:00 Oxunub 260
Bakı Limanında ilin 11 ayı ərzində 8 milyon tona yaxın yük aşırılıb – AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə 100 min TEU səviyyəsinə çatıb. Bununla əlaqədar, Azərbaycan Dəmir Yolları QSC liman ərazisinə mediator təşkil edilib. Mediatur zamanı əvvəlcə mətbuat nümayəndələrinə liman ərazisində təhlükəsizlik qaydaları izah edilib. Daha sonra hər birinə dəbilqə və jilet verilməklə ərazi göstərilib. Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyi tərəfindən illik konteyner aşırma göstəriciləri ilə bağlı məlumat verilib.

Avtosfer.az xəbər verir ki, Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və logistika xəritəsində xüsusi strateji mövqe tutur.

Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb. Əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 min 395 TEU konteyner daşınmışdısa, 2024-cü ildə 76 min 775 TEU konteyner daşınıb ki, bu da öz növbəsində 90 faiz və ya 1,9 dəfə artım deməkdir. Limanın ümumi yükaşırma nəticələrində də davamlı artım müşahidə edilir. Əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.

Qeyd edək ki, bu ilin 11 ayında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz çoxdur. Bakı Limanı regionda “Yaşıl Liman” (“EcoPort”) sertifikatına sahib ilk liman kimi əməliyyatları beynəlxalq ekoloji tələblərə uyğun təşkil edərək Orta Dəhliz üzrə daşımaların dayanıqlılığını təmin edir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı Limanının ilkin yükötürmə qabiliyyəti 15 milyon ton nəzərdə tutulmuşdu və bu gün il ərzində 100000-ci konteyerin aışırılması əməliyyatına şahidlik edilib:

“Daxili resurslar çərçivəsində limanda 150 min konteynerə qədər yükdaşıma imkanları genişləndirilib. Hədəf olaraq 260 min TEU, yəni 20 futluq konteynerin qəbulu yönündə işlər görüləcək. həmçinin növbəti mərhələlərdə 2-ci faza üzrə ümumi yükötürmə 25 milyon ton, 500 min TEU konteynerin qəbul və ötürmə imkanları üzrə işlər görüləcək”.

Tədbir zamanı o da diqqətə çatdırıldı ki, Bakı Limanına gələn yüklərin təxminən 38-40%-i Çindən gələn idxal və tranzit mallarıdır. Xüsusilə son zamanlar Çin istehsalı olan avtomobillərin və ehtiyat hissələrinin daşınmasında böyük artım müşahidə olunur. Bununla yanaşı, İsveçrə, Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ənənəvi ticarət tərəfdaşları ilə də əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır.

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh