Bakıda kuryer işləyən türk tələbənin ölümünün səbəbkarı taksidir? – Ailəsi narazıdır - VİDEO
Paytaxtın Yasamal rayonunda moto kuryerin ölümü ilə nəticələnən yol qəzası anbaan müşahidə kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 8-də saat 08:07 radələrində Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. “20 Yanvar” metrosu istiqamətində hərəkətdə olan 99-F-694 dövlət nömrə nişanlı “Jıanshin” markalı motosikletin sürücüsü anidən idarəetməni itirir və nəqliyyat vasitəsini yol kənarındakı bardürə çırpır. Nəticədə motosikletdən düşən sürücü bir neçə dəfə yüksək zərbə ilə ağaca dəyir və yerə yıxılır. Sürücü dəbilqədən istifadə etmədiyi üçün başından aldığı ağır xəsarətdən hadisə yerində ölür. Kadrda motosikletlə eyni zolaqda hərəkət edən “Hyundai Sonata” markalı maşının olduğu aydın şəkildə görünür. Hətta görüntüdə taksi fəaliyyəti ulə məşğul olan sürücünün avtobus zolağına girdiyi və qəzadan sonra sol zolağa keçid etdiyi aydın şəkildə əks olunur.
Qeyd edək ki, ölən sürücü Halvalı Furkan adlı türk vətəndaşı Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dünya iqtisadiyyatı fakültəsində təhsil alırdı və kuryer fəaliyyətiylə məşğul olurdu.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, noyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisində Türkiyə Respublikası vətəndaşı Furkan Halvalının motosiklet qəzasında həyatını itirməsi faktına görə başlanan cinayət işi nəzarətə götürülüb. Hazırda cinayət işi üzrə Yasamal RPİ-də istintaq hərəkətləri aparılır, iş üzrə ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun qərar qəbul ediləcəkdir.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Ceyhun Mircavadlı Cinayət Prosessual Məcəlləsinin 85.1 və 106-cı maddələrini rəhbər tutaraq qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon Prokurorluğuna yönləndirib.
Ölən sürücünün qardaşı Halvalı Yunus Əmrə Avtosfer.az-a açıqlamasında qəbul olunmuş ilkin qərardan narazılığını bildirərək qəzaya “Hyundai”markalı avtomobilin sürücüsünün səbəb olduğunu qeyd edib: “Müstəntiqin qərarı ilə razı deyilik. Əgər taksi digər zolaqla hərəkətdə olsaydı, ya da düz getsəydi qəza olmayacaqdı. Amma videoda da aydın görünür ki, sürücü motosikleti qəsdən sıxışdırır. Bu səbəbdən taksi sürücüsü ətraflı şəkildə sorğu-sual edilməli və həbs olunmalıdır. Yenə də qardaş ölkə Azərbaycana güvənimiz sonsuzdur. Ümid edirik ki, sonda ədalətli qərar qəbul olunacaq”.
“İnstagram”da yaradılmış “Kuryerlər Birliyi” qrupunun admini Əziz Vələdov Avtosfer.az-a açıqlamasında qəzanın görüntülərini sosial şəbəkədə paylaşdığını və “Hyundai” markalı maşındakı müştəri qismində olan sərnişinin hadisə ilə bağlı ona məlumat verdiyini bildirib. Şahid bildirib ki, qəza baş verməzdən öncə moto kuryerlə taksi sürücüsü arasında yol üstündə mübahisə baş verib. Onun iddiasına görə, kuryer avtomobilin güzgüsünü vurub və ona iradını bildirən sürücüyə qarşı nalayiq ifadələr işlədib. Ardınca əsəbiləşən sürücü yol boyu onu təqib edərək sıxışdırıb və qəza törətməsinə səbəb olub. Sərnişin, hətta qəza baş verdikdən sonra sürücünün “Məni təhqir edib mübahisə elədiyi üçün yaxşı ki, qəzaya düşdü” deyərək ərazidən uzaqlaşdığını qeyd edib. Lakin sürücünün hadisə zamanı kuryerin ölməsi ilə bağlı məlumatı olmayıb.
Nərmin