Bakıda magistral yola qaçan piyada belə vuruldu - ŞOK VİDEO
Bakıda bir müddət əvvəl baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aeroport yolunda baş verib. Yüksəksürətli yola qaçan kişini "Reno" markalı avtomobil vurub. Hadisə nəticəsində piyada yerindəcə keçinib.
Hadisəni şərh edən nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, analoji qəzaların baş verməsinə əsas səbəb piyadaların yüksəsk sürətli yollara qəflətən çıxmasıdır. "Həmin yolda dəmir arakəsmələr var. Videoya baxdıqda görünür ki, piyada yolun bir tərəfini keçib. Lakin ikinci tərəfdə yola doğru qaçan zaman vurulur. Həmçinin sürücünü də çaşdırır. Sürücü manevr etmək istəyir. Amma piyada sanki avtomobilin üstünə qaçır."
Ekspert hesab edir ki, bu cür yollarda yerüstü piyada keçidlərinin sayı artırılmalıdır. "Bu olmadıqca analoji qəzalar da baş verəcək. Amma hazırda ən optimal yol mövcud keçidlərdən istifadə etməkdir. Ola bilər ki, bir qədər məsafə qət edəcəksiniz. Əsas odur ki, həyatda qalacaqsınız."
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ötən il baş verən piyadavurma hadisələrində 13 fakt məhz piyadaların günahı ucbatından baş verən qəzalar olub. “Təbii ki, bu istiqamətdə dəfələrlə çağırışlar edilib, maarifləndirmə işləri aparılır. Amma yenə də nəticədə bu cür acı hadisələrin şahidi oluruq. Ötən illərlə müqayisədə faktların sayında azalma müşahidə olunsa da yol polisi qabaqlayıcı tədbirləri davam etdirir. Düşünürəm ki, bu cür tədbirlər görməklə piyadavurmaları minumuma endirə biləcəyik.”
Orxan Əli














