Bakıda nasaz avtomobillər yolun ortasında söndü, qorxunc qəzalar baş verdi - VİDEO

Avtosfer TV 12 Fevral 2021 12:57 Oxunub 24154
Bakıda nasaz avtomobillər yolun ortasında söndü, qorxunc qəzalar baş verdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt Bakıda müşahidə olunan tıxacların müxtəlif səbəbləri olur. Burada avtomobil sıxlığı amilini qabardanlar da var. Amma statistikaya görə, Bakı o qədər də avtomobilləşmiş şəhər deyil. Paytaxt küçələrində rast gəlinən tıxacların əsas səbəblərindən biri də nasaz avtomobillərdir. Yolun ortasında qəfildən dayanan avtomobil bir çox hallarda qəzaya səbəb olur. Eyni zamanda məhz bu səbəbdən Ziya Bünyadov, Heydər Əliyev, Babək kimi prospektlərdə bəzən saatlarla böyük tıxacların yaranmasının şahidi oluruq.


Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, burada əsas məsuliyyət sürücülərin üzərinə düşür. “Bəzən sürücü o qədər məsuliyyətsizlik edir ki, avtomobilə adi texniki qulluq göstərmir. Beləcə, hərəkətin sıx olduğu yerdə qəflətən maşın sönür və yolun ortasında qalır. Maraqlıdır ki, bu zaman avtomobili kənara çəkmək barədə belə düşünmür. Nəticədə digər sürücülər qəzaya düşür”.


Ekspert deyir ki, burada ikinci bir amil kiçik qəzalardır. “Belə qəzalar zamanı sürücülər avtomobildən düşərək yolun ortasında sığorta şirkətinin əməkdaşının gəlməsini gözləyir. Amma nə qanunvericilikdə və də dünya praktikasında belə bir şey mövcud deyil. Hər bir hadisəyə yol polisi rəy verməlidir. Sürücülər kiçik qəzalarda öz aralarında razılığa gəlib yol polisinə yaxınlaşarsa və burada sənədləşmə aparılarsa, bundan sonra sığortanın ödəniş etməsi üçün əsas yaranır. Sığorta polisin sənədini əsas götürməlidir. Amma çox təəssüf ki, bəzi sürücülər qəza yerindən polisdən yox, sığortadan qorxduğu üçün bir qarış da kənara çəkilmir. Nəticədə bəzən görürürük ki, kiçik qəzaların ardınca elə həmin yerdə daha ağır qəzalar baş verir.


Bəzən kiçik bir qəzadan sonra saatlarla tıxac yaranır ki, bu da nəqliyyat intensivliyini aşağı salır”.
Elməddin Muradlı deyir ki, yol polisi bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirsə də bir çox hallarda yenə sürücü məsuliyyətsizliyi analoji hadisələrin baş verməsinə səbəb olur. “Təsəvvür edin ki, yol polisi nasaz avtomobillərlə bağlı reyd keçirən zaman sürücülər “imkanım yoxdur, kasıb adamam” və bu kimi bəhanələr gətirirlər. Amma bu nasaz avtomobil yolun ortasında qalanda və başqa maşınların qəza törətməsinə səbəb olanda yenə eyni sözlər təkrarlanır. Düşünürəm ki, bu cür avtomobillərin ümumiyyətlə yollardan uzaqlaşdırılması lazımdır və bununla bağlı Dövlət Proqramı da var”.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hesab edir ki, son günlər sürücülərə dəfələrlə müraciətlər edilməsinə, xəbərdarlıq olunmasına və cərimələnməsinə baxmayaraq hələ də bu cür nasaz maşınları idarə edənlərə rast gəlinir: “Bəzən elə olur ki, bir ay ərzində eyni avtomobili 2 dəfə saxlayıb sürücü barəsində tədbir görürük. Lakin sürücü hər dəfə nasazlığı aradan qaldıracağına söz versə də, əməl etmir. Təəssüflər olsun ki, bəzi sürücülər bunun təhlükəli tərəfini dərk etmir. Baxırsan ki, avtomobildə təhlükəsizliyə aid heç nə qalmayıb. Amma sürücülər belə maşınlarla yola çıxıb özlərini də, başqa hərəkət iştırakçılarını da təhlükəyə atırlar. Biz belə maşınları aşkar etdikdə qanunvericiliyin tələblərini üstün tutaraq texniki nasazlıq aradan qaldırılana qədər həmin avtomobilləri istismara buraxmırıq”.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh