Bakıda “parkovşik”lərin dövranına son qoyulur: Vəziyyətə artıq sistem nəzarət edir - FOTO - VİDEO

Avtosfer TV 14 Oktyabr 2023 12:20 Oxunub 1908
Bakıda “parkovşik”lərin  dövranına son qoyulur: Vəziyyətə artıq sistem nəzarət edir   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının mərkəzi küçələrində bir müddət əvvələ qədər maşın əlindən heç piyada tərpənmək də mümkün deyildi. Buna “Qış parkı”nın, metronun “Nərimanov” stansiyasının yaxınlığını misal çəkmək olar. Avtomobilləri kim harada istədi, necə gəldi saxlayırdı. Yetər ki, ciblərində azı iki manat olsun. Pulu verirdilər yaşıl gödəkçə geyinib sürücülərə “gəl-gəl” deyənlərə, avtomobillərini də ürəkləri istəyən yerdə qoyub gedirdilər. Amma bu yaşıl gödəkçəlilərin də dövrü bitmək üzrədir.

Bu gün metronun “Nərimanov” stansiyasının yanından keçəndə maşınların muncuq kimi bir sıraya düzüldüyünün şahidi oldum. Sən demə, artıq Nərimanov parkının qarşısı da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarətə götürülüb. Ərazidə ödənişli parklanma yeri salınıb.

Yadıma o məşhur videogörüntü düşdü: Nərimanov parkı yaxınlığında bir “parkovşik” deyirdi ki, buranın “palajeniyasına” biz baxırıq, 70 manat ödənişi veririk, kimin avtomobilini harada, necə saxlamaq olar, deyirik. Gün ərzində özlərinə 12-15 manat pul qaldığını da bildirirdi.

İndi Təbriz küçəsində ab-hava başqadır, AYNA tərəfindən ayrılan ödənişli parkinq sahəsinin qaydaları hökm sürür. Ərazidəki sürücülərlə söhbətləşirik. Avtomobillərinin çəkilməsini, adlarının verilməsini istəməsələr də, parklanma sistemindən razı olduqlarını deyirlər:

“Tək problem parklanma vaxtına “start” verilməsi üçün həddən çox məlumat istənilməsidir. Gələcəkdə parklanma vaxtının başlanılması və bitməsini QR-kod ilə təmin etsələr, lap yaxşı olar”.

Parklanma edərkən çətinlik çəkənlərə yardım üçün ərazidə əməkdaşlar fəaliyyət göstərirlər. İkinövbəli xidmət aparan parklanma əməkdaşlarının iş qrafiki saat 7:00-15:00-a və 15:00-22:00-d qədərdir. Qeyd edim ki, “Qış parkı”ndan fərqli olaraq, burada parklanmanın saatı 70 qəpikdən hesablanır. “Qış parkı”nda isə 1 manatdır. 

Bəxtimizdən, elə sürücü ilə parklanma işçisinin köməkləşdiyi anı yaxalaya bildik. Kadrlarda da gördüyünüz kimi, sürücülər parklanma yerindən çıxarkən vaxtı sonlandırmaq üçün onlardan kömək alırlar.

Sistem yeni olduğu üçün düşünürəm ki, bu məqamlar yaxın zamanda adiləşəcək. Metronun “Nərimanov” stansiyası yaxınlığında daha bir parklanma ərazisinin salınacağı gözlənilir.

İlkin məlumata görə, növbəti istiqamət “Metropark” ticarət mərkəzinin ətrafı olacaq. Paytaxt yollarında tıxacların azaldılması və piyadaların daha rahat hərəkətini təmin etmək üçün dekabrın 22-dək ödənişli parklanma ərazilərinin salınması prosesi davam edəcək.

Maraqlı bir məqamı da qeyd edim. Çəkiliş əsanasında öyrəndik ki, bəzən sürücülər parklanma yerindən çıxsalar da, parklanmanı sonlandırmağı unudurlar. Bu isə parklanma qiymətinə təsir edir. Parklanma ərazisinə nəzarət edən şəxslər sistemdə məşğul görünən, lakin real olaraq avtomobilin dayanmadığı yeri gördükdə, həmin yerdə parklanma vaxtını sistemdə sonlandıraraq sürücülərə jest edirlər. Bunun özü də çox maraqlı təşəbbüsdür.

Ödənişli parklanma ərazilərinin tətbiqindən piyadalar da razılıq edirlər:

“Həm şəhər səliqəli görünür, həm də sürücülər avtomobillərini bir-birinə mane olmadan saxlayırlar. Sona qədər belə qayda-qanunla getsə, şad olarıq”.

Şəhərin görüntüsünə, sürücülərin rahatlığına xidmət edən bütün tədbirləri dəstəkləyirik. Sakinlərin də dediyi kimi, sonadək qayda-qanunla tətbiq edilməsi arzusu ilə…

ŞƏRH YAZ
Ad

E-mail

Şərh