“Cəsədi çıxaranda dağıntı altından bir əl qalxıb məndən yapışdı” - VİDEO

Avtosfer TV 14 Aprel 2023 19:43 Oxunub 1564
“Cəsədi çıxaranda dağıntı altından bir əl qalxıb məndən yapışdı”   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fevralın 6-da Türkiyədə baş verən ardıcıl zəlzələlər Azərbaycanı da dərindən sarsıtdı. Hadisədən iki aydan çox vaxt keçməsinə baxmayaraq, zəlzələnin yaratdığı fəsadlar və yaşatdığı təsir hələ də ötüşməyib. Bu faciənin dəhşətini hər kəs hiss etsə də, fəlakət bölgəsinin tam ortasında olan insanların yaşadıqlarını sözlə izah etmək çətin olar. Xüsusilə də xilasedicilərin… Onlar həm dəhşəti yaşayır, həm də can qurtarırdılar.

Faciə baş verdiyi gündən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərildi ki, onlardan 34-ü həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aid idi.

Həmçinin oxuyun: Он жестоко убил просившую развода жену

“Qafqazinfo” həmin günlərdə hadisə yerində olan Elçin İmamquliyev və Oktay İsmayılovla söhbətləşib. Zəlzələnin mərkəzində yer alan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri baş verənləri anbaan və həyəcanla xatırlayırlar…

-  Gördüklərinizdən danışmağınızı istərdik…

- Türkiyədə baş verən böyük fəlakətə qədər demək olar ki, iştirak etdiyimiz elə bir hadisə olmayıb. Fevralın 5-i biz xidmətdə idik. 6-sı xidmətdən çıxanda bu xəbəri eşitdik. Dərhal həyacan siqnalı verildi və mərkəzdə toplanış etdik. Birbaşa hava limanına yola düşdük. Saat 2-də Adana hava limanına çatdıq, yola düşdük. Dağıntıların olması, yolların çökməsi, hava şəraiti tez çatmağa maneə olurdu. Kahramanmaraşa 12 saata çatdıq. Biz hadisə yerinə gedirdik, hadisə yerindəki sakinlər də şəhəri tərk edirdi…Yollar tıxac idi. İlk olaraq bizə verilən ünvana getdik. Səhər saat 8 idi. Bir qadın cəsədi çıxardıq. Yanında kişi də var idi. Kişini çıxaran vaxt uşaq səsi gəldi. Bizdən kömək istəyirdi. Təxminən üç saat işləyəndən sonra o uşağı sağ-salamat çıxara bildik.

- Neçə insanı xilas edə bildiniz?

- Azərbaycanlı xilasedicilər orada olduqları 1 ay müddətində 53 nəfəri sağ olaraq xilas edə bildi. Bununla yanaşı, dağıntılar altından 800-ə yaxın insanın cəsədini çıxardıq. Xilasetmə işləri ilə məşğul olduğumuz zaman 4 azərbaycanlı tələbənin dağıntılar altında qalaraq vəfat etdiyini eşitdik. Lakin bizim olduğumuz ərazidən azərbaycanlı çıxmamışdı. Biz yolda itirdiyimiz vaxt ərzində çox insanı xilas edə bilərdik. Ən çox ona görə təəssüf hissi keçirirəm. Çünki ilk gün insanlardan bəziləri soyuq hava şəraitinə görə donmadan, bəziləri ürəyi partlayaraq ölə bilərdi. Orada olduğumuz vaxt xilasetmə işləri zamanı çox maraqlı hadisələr də yaşanırdı. Hansı ki, bu hadisələr bizi bir qədər sevindirir, ruhlandırırdı. 

Fotoda: Elçin İmamquliyev

Tamamilə dağılmış və axtarışlar zamanı sadəcə cəsədlərin çıxdığı bir binadan iki gənc qardaşı çıxarmışdıq. Onlar o toz-dumanın içindən çıxdılar, lakin danışırdılar ki, içəridə çox təmiz hava var idi. Həmçinin idmançı olduqları üçün proteindən istifadə də edirlərmiş. Zəlzələ zamanı da həmin proteinlər yanlarına düşmüşdü və ondan yeyərək sağ qala bilmişdilər. 198 saat sonra xilas olan bu qardaşları çıxaranda hamımız ağladıq. Ardıcıl olaraq meyitlər çıxarırdıq və canlı insan görəndə çox sevinirdik. 

Belə bir maraqlı hadisə də yaşandı. Deməli, biz 12-13 yaşlarında bir uşağı 3-4 saat işlədikdən sonra kiçik bir yer açaraq xilas edə bildik. O uşağı çıxararkən çox maraqlı bir hal oldu. Belə ki, balaca bir uşaq da öz əlləri ilə dağıntıları qaşıyaraq həmin o balaca yerdən çıxıb qaçdı. Hamımız təəccüb içində idik. 

Təkcə inanları yox, heyvanları da xilas etdik. Bir mənzildə ev pişikləri var idi, onları çıxardıq. Necə ki, bir insan üçün saatlarla vaxt sərf edib çıxarırdıq, eyni ilə pişikləri də. 

Bununla belə, bizi kövrəldən də hadisələr çox olurdu. Məsələn, 14 gün öz ailəsindən xəbər ala bilməyən insan var idi. Bizə yalvarırdı ki, heç olmasa cəsədini çıxarıb verək. Biz 14 gün sonra həmin ailənin cəsədini tapıb verdik. O adam bizim hər birimizi öpüb boynumuza sarıldı. 

- Soyuq hava, hər an ölə biləcək və xilas olmasını gözləyən insanlar... Bütün bunlarla yanaşı orada sizin üçün ən çətin olan nə idi?

- Xilas edilən hər insan dağıntılar altından çıxdıqdan sonra ilk olaraq öz yaxınlarını soruşur. “Onlar da sağdırmı?” Ola bilər ki, onun qohumları, doğmaları artıq həyatda yoxdur. Amma biz ilk olaraq bunu demirdik. Çünki insanın ürəyi partlaya bilərdi. Belə bir hadisə yaşanmışdı. 48 yaşlı İbrahim Sarp binanın 8-ci mərtəbəsində yaşayırdı. Lakin hadisə baş verən vaxt 7-ci mərtəbəyə düşmüşdü. Düz 8 saatdan çox işlədik və onu xilas etdik. O da xilas olan kimi qardaşını, onun ailəsini soruşdu. Hər şeyin yaxşı olduğunu dedik. Təəssüf ki, onun yaxınlarından ölənlər var idi. 

Bu bir qədər çətin olsa da, etməyə məcbur olurduq. Digər çətinlik isə şəraitsizlik idi. Əsas da suyun olmaması. 

Fotoda: Oktay İsmayılov

Ətraflı

 

- Səsini eşidib, amma özünü xilas edə bilmədiyiniz insan oldumu?

- Deməli, 4 mərtəbəli bir bina var idi. Bina yanüstə çökmüşdü. Birinci mərtəbədə fırın (təndirxana) olduğu üçün bina tam çökə bilməmişdi. O binada yaşayan bir ailədən ata və uşaqlardan biri çıxa bilsə də, ana və digər uşaq evdə qalmışdı. Onlar artıq 3 gün idi ki, içəridə idilər. Bina yararsız vəziyyətdə olduğuna görə, girməyə risk olunmurdu. Gün ərzində iki-üç dəfə zəlzələ baş verirdi. Xilas etmək üçün binaya girsələr, hər kəs həyatını itirə bilərdi. Biz gözlədik və binanı müəyyən qədər çökdürdük, lakin hələ də təhlükə qalırdı. Ana artıq həyatını itirmişdi. Uşağın isə sağ olduğunu düşünürdük. Çünki səsi gəlirdi. Müəyyən bir xilasetmə əməliyyatı etmişdik. Artıq uşağın olduğu məkana yaxınlaşırdıq. Daha bir zəlzələ təkanı oldu və bina çökdü. Məcbur qalıb özümüz də oradan çıxdıq. Bundan sonra uşaq da vəfat etdi. Sağ olduğunu bilirdik, bəlkə də yaralı idi. Amma xilas edə bilmədik…

- Sizin orada olduğunuz günlərdə afterşoklar davam edirdi. Bu, sizə həyəcan, qorxu hissi verirdimi?

- İlk günlər zəlzələ olanda həyəcanlanırdıq. Günlər keçdikcə artıq bizim üçün adi hala çevrildi. İş başında olsaq belə, heç nəyi dayandırmadan davam edirdik. Amma bir güclü zəlzələ oldu ki, onda həqiqətən həyatın sonu olduğunu düşündüm. 11-ci gündən sonra Hataya getdik. Axşam saatlarında 6,4 bal gücündə zəlzələ oldu və həmin an hiss etdim ki, faciə baş verən gün insanlar nələr yaşayıblar. Hər yer qaranlıq, yol qarşımızda qalxıb enir, maşınlar bir-birinə dəyir…Dəhşətli idi. 

- Orada 60-dan çox ölkənin xilasediciləri var idi. Sizcə, Azərbaycanın xilasediciləri digər ölkələrinkindən nə ilə fərqlənir? 

- Təbii ki, can yandırmağımız. Digər ölkələrdən gələn xilasedicilər aparatla baxırdılar ki, canlı varmı. Yoxdursa, gedirdilər. Biz isə canlı, ya da cəsəd demədən işləyirdik. Bütün əməliyyatları ürəklə edirdik. Yuxusuz, ac olduğumuzu düşünmədən. Sanki möcüzə idi. Allah bizə böyük güc vermişdi. 

- Yerli əhali Azərbaycandan gəldiyinizi biləndə necə reaksiya verirdi? Xilas etdiyiniz insanlardan hər hansı biri daha sonra sizinlə əlaqə yaradıbmı?

- Bizə çox gözəl münasibət var idi. Çox yaxşı qarşıladılar və yola saldılar. Orada bizə yemək verilsə belə, yenə də öz evlərindən yemək bişirib gətirən sakinlər var idi. Hər xilas etdiyimiz insan üçün bizə böyük minnətdarlıq duyurdu. Bizi qucaqlayıb təşəkkür edirdilər. Kiçik tonqallar yandırıdılar ki, bizə soyuq olmasın. 
Bir ünvanda işlərimizi bitirib digər məkana gedərkən Səlcuq Bayraqdar bizə yaxınlaşdı, çəkdiyimiz əziyyətlərə görə təşəkkür etdi.

İndiyə kimi əlaqəsi olan insan isə orada bizə belə deyək də, yol göstərən, bələdçilik edən Okan adlı sürücüdür. İlk gündən yanımızda oldu. Hələ də əlaqə saxlayır. 

- Unuda bilmədiyiniz nə oldu?

- İlk gündən orada baş verən hər bir hadisə yaddaşımızdadır. Xilas olanlar, vəfat edənlər, yaxınlarını böyük həsrət, həyəcanla gözləyənlər... Lakin elə hadisələr də oldu ki, onlar bizə tamamilə başqa hisslər yaşatdı. Məsələn, fevralın 8-i iş başında idim. Cəsəd çıxararkən dağıntılar altından bir əl çıxıb mənim əlimdən yapışdı. Həmin an özümü itirdim. Bir tərəfdən sevindim ki, sağ insan tapıldı, digər tərəfdən də qəribə bir hiss keçirdim. Həmin an biz cəsədi çıxarma əməliyyatını saxlayaraq sağ insanı xilas etdik.  

-  Hər bir xilasetmə əməliyyatı bir təcrübədir. Türkiyədəki zəlzələ bölgəsində hansı təcrübələri əldə etdiniz, hansı dərsi çıxardınız? 

- Genişmiqyaslı ilk çıxışımız idi. O hadisəni görəndən və elə bir xilasetmə işini edəndən sonra bu gün burada etdiyimiz hadisələr bizim üçün adi hala çevrilib. Böyük bir təcrübə qazandıq. Allah türk xalqına belə bir fəlakəti bir daha yaşatmasın. Lakin onu deyim ki, biz artıq baş verə biləcək hadisələrə tam hazırlıqlıyıq. 

Onu da deyək ki, bizim binalar çox möhkəm, dayanıqlıdır. Bunu iştirak etdiyimiz xilasetmə işləri zamanı görmüşük. Yanğın, uçqun zamanı binaların necə möhkəm sütunlarının olduğunun şahidi olmuşuq. 

İnsan daim özünü təkmilləşdirməli, öz üzərində çalışmalıdır. Pis vərdişlərlə məşğul olmaqdansa, internet vasitəsilə xilasetmə işlərinə baxmaq olar. Hər bir insan xilasedici olmalıdır. Evdə, işdə lazım olan ilk yardımı etmək üçün.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh