Dünyanın ən dərin ikinci metrosu – 116 metr aşağıda yerləşir – VİDEO

Avtosfer TV 29 Fevral 2024 23:42 Oxunub 690
Dünyanın ən dərin ikinci metrosu – 116 metr aşağıda yerləşir – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Metro böyük şəhərlərdə tıxacların qarşısını almaqda ən ideal vasitədədir. Yerin altı ilə heç bir nəqliyyat vasitəsinə mane olmadan və sürətlə hərəkət edən qatarlar insanların həm təhlükəsiz, həm də daha tez ünvana çatmağa kömək edir. Dünyanın ən dərin ikinci metrostansiyası isə “Hongyancun” stansiyasıdır.

Avtosfer.az xəbər verir ki, bu stansiya 2022-ci ildə Çində istifadəyə verilib.

Dünyanın ikinci, Çinin isə ən dərin metro stansiyası olan “Hongyancun” stansiyası 39 mərtəbəli binanın hündürlüyünə bərabər olan 116 metr dərinlikdə yerləşir.

Bu metrostansiya “Dağ şəhərinin” daha bir cazibəsinə çevrilib. Yerli sakinlərin və xarici turistlərin böyük rəğbətini qazanıb. “Chongqing Dəmiryol Tranziti”nin 9-cu xəttində yerləşən stansiya şəhərin qərbində, Yuzhong rayonunda yerləşir. Stansiya dağın dərinliyində tikilib. Onun dizaynı və tikintisi olduqca çətin olub. 100 metrdən çox dərinliyi olan şaquli şaftların qazılması üçün dağ-mədən avadanlıqları ilə tikintiyə 2017-ci ilin avqustunda başlanılıb. Tikinti işlərinin təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün stansiyanın əsas hissəsinin tamamlanması üç ilə yaxın vaxt aparıb. Çin mediası bildirib ki, tikinti mərhələsində işçilər sahəyə çatmaq üçün hər gün təxminən 40 dəqiqə qalxıb enməli olublar. Dağı qazmaq üçün isə 400 gündən çox vaxt lazım olub.

Stansiyada iki giriş/çıxış nöqtəsi var. 2 nömrəli Giriş/Çıxışa çatmaq üçün üç eskalator keçmək lazımdır ki, bu da 13 dəqiqədən çox vaxt tələb edir. Çıxış yolu isə dağın ətəyindəki Jialing çayına çıxır.

Chongqing şəhərinin metro xətləri son illərdə genişlənməyə davam edərək, 500 km-i keçib və tədricən dünyanın ən böyük dağ şəhəri dəmir yolu nəqliyyat şəbəkəsinə çevrilib. Bununla belə, bu metro bir neçə dəfə sıradan çıxıb. 2023-cü ilin iyulunda metroda on gün ərzində ard-arda üç nasazlıq baş verib. Həm bu olanlar, həm də stansiyasının dərinliyi vətəndaşların təhlükəsizlik ilə bağlı narahatlıqlarını artırıb. Sakinlər bildirib ki, metro stansiyasının açılması əraziyə böyük rahatlıq gətirsə də, fövqəladə hallar zamanı sərnişinlərin 116 metrlik stansiyadan sürətlə təxliyyə edə biləcəyindən narahatdırlar.

Qeyd edək ki, dünyanın ən dərin metrostansiyası Pxenyandadır, bu stansiyanın yer səthindən dərinliyi 200 metrdir.

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh