Ekspertin taksi və avtobusla bağlı verdiyi suallara nazir müavini belə cavab verdi - VİDEO
Yol Hərəkəti Haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilən brifinqdə nəqliyyat eksperti Elməddin Muradlı aktual olan məsələlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətova suallar ünvanlayıb.
Avtosfer.az-ın məlumatına görə, ekspert ilk olaraq taksi fəaliyyətiylə bağlı mexanizmin düzgün şəkildə qurulduğunu vurğulayaraq ara-sıra kiçik problemlərin yarandığını bildirib. O, qeyd edib ki, son günlərdə qızğın müzakirə mövzularından biri olan taksilərdə kondisionerin istifadəsiylə bağlı qərar sürücü və sərnişinlər arasında münaqişələrə səbəb olur: “Taksiyə minən sərnişin sürücüdən havalandırma sistemini qoşmasını istəyir. Sürücü isə gediş haqqından əlavə 1 manat ödənişlə kondisioneri yandıracağını bildirir. Nəticədə onlar arasında mübahisə yaranır”.
Elməddin Muradlı ictimai nəqliyyat vasitələrində də eyni problemin mövcud olduğunu bildirib: “Avtobuslarda da sürücü və sərnişinlər arasında kondisionerlə bağlı tez-tez xoşagəlməz hadisələrin görüntüləri yayılır. Bununla bağlı redaksiyamıza da şikayətlər gəlir. Sürücülər isə cavablarında daşıyıcı şirkətin kondisionerin dərəcəsini azaltmalarını qeyd edərək qoyulan tələbi icra etdiklərini deyirlər”.
Elməddin Muradlı paytaxt küçələrində getdikcə artan skuterlərlə bağlı problemlərdən də danışıb: “Skuterdə iki nəfərin hərəkət etməsi qanunla qadağandır. Lakin bu halda skuterdən istifadə edənləri sıx şəkildə görürük. Digər tərəfdən skuter sürücüləri velosipedçilər kimi dəbilqədən istifadə etməlidir, yoxsa yox? Bu yaxınlarda iştirak etdiyim görüşdə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi bununla bağlı sual ünvanladı. O, Avropada dəbilqədən istifadə etməyənlərlə yanaşı onu düzgün bağlamayanların da cərimələndiyini bildirdi. Amma bizim ölkədə hələ də bununla bağlı cərimə yoxdur”.
Ekspert skuterlərin düzgün şəkildə parklanmamasına da münasibət bildirib: “Bəzən sürücülər elektroskuteri parklanma yerində səhv saxlayırlar, yaxud düzgün park etmələrinə baxmayaraq kimsə yaxınlaşaraq onun yerini dəyişir. Bu xətanı kimin törətdiyi necə müəyyən olunsun? Daşıyıcı şirkətlərin (Bolt, Uber və sair) elektroskuterlərinə nəzarət olsa da, fərdi qaydada fəaliyyət göstərən kifayət qədər skuterlər var. Elə bu qeyd etdiyim xoşagəlməz mənzərinin yaranmasına gətirib çıxarır”.
Elməddin Muradlı ictimai nəqliyyat vasitələrində say probleminə də toxunub: “Taksilərdə kvota məsələsi hələ ki, yaxşı qarşılanmasa da indiki dövr üçün vacibdir. Düşünürəm ki, taksilərdə say məsələsi zamanla öz həllini tapacaq. Xüsusilə ictimai nəqliyyat vasitələrinin sayı artdıqca bu narazılıqlar aradan qalxacaq. Avtobuslarla bağlı dəyişikliyə ehtiyac var. Məlumdur ki, cənab Prezident tərəfindən bu sahəyə xeyli vəsait ayrılıb. Bu vəsait daşıyıcı şirkətlərə yönləndirilməli və ya subsidiyalar, dotasiyalar şəklində köməklik göstərilməlidir ki, onlar yeni avtobuslar alıb ölkə ərazisinə gətirə bilsinlər”.
Ekspert bildirib ki, nişanlanma xətləriylə bağlı problem hələ də davam edir. “Zolaqlar çəkilərkən keyfiyyətsiz boyalardan istifadə olunduğu üçün 3 ay sonra “yoxa çıxır”. Xahiş edirəm bu məsələlərə incə yanaşılsın və test rejimi tətbiq edilsin”.
Daha sonra nazir müavini Rəhman Hümmətov ekspertin qeyd etdiyi məsələlərə münasibət bildirib: “Taksilərlə bağlı problemin həllinin ən uyğun yolu onlara nəzarət edən tənzimləyici quruma vaxtında məlumatın ötürülməsidir. Çünki illər boyu bu sahədə müəyyən problemlər mövcud olub və onların eyni anda aradan qalxması mümkün deyil. Təbii ki, istəyimiz problemlərin qısa zamanda yox olmasıdır. Təəssüf ki, bununla bağlı zamana ehtiyacımız var. Eyniylə bu hal avtobuslar üçün də keçərlidir. Hal-hazırda 600-ə yaxın yalnız “BakuBus”a məxsus avtobus fəaliyyət göstərir və onların hər birində kondisioner sistemi işlək vəziyyətdə olur və operatorlar tərəfindən izlənilir. Köhnə avtobuslarda bəzi sürücülərin səhlənkarlığı, havalandırma sisteminin olmamasıyla bağlı problemlər yaranır. Əlbəttə ictimai nəqliyyat vasitələrində mövcud olan qüsurların qeydə alınması və aradan qaldırılması vacibdir”.
Nazir müavini velosiped və elektroskuter istifadəçilərinin dəbilqədən istifadə etməsiylə bağlı məsələyə də açıqlama verib: “Skuter və velosiped sürənlərin dəbilqədən istifadə etmələri bizim qanunvericiliyin də tələbidir. Yeganə istisna kirayə verilən skuter və velosipedlərdə dəbilqədən istifadə etməmə seçimi olmasıdır. Lakin istənilən halda vətəndaş öz təhlükəsizliyi üçün dəbilqədən istifadə etməlidir. Burada da məntiqi əsas ondan ibarətdir ki, qanunvericiliyə görə, sözügedən nəqliyyat vasitələrinin sürəti məhdudlaşdığı üçün dəbilqədən istifadə etməmə imkanı var. İkinci halda skuter və ya velosipedi icarəyə götürən şəxs bir məntəqədən digərinə çatmalıdırsa o demək deyil ki dəbilqəni gün ərzində özüylə daşımalıdır”.
O bildirib ki, yol nişanları və zolaqlarla bağlı problem hamını narahat edən məsələdir: “Bu sahədə də görülən işlər qısa müddətdə öz faydasını verəcək. Problem yalnız boyanın keyfiyyətində deyil, yolların layihələndirilməsiylə də bağlıdır. Nümunə olaraq “8 Noyabr” prospektini qeyd edə bilərik. Bəlkə də ilk yollardandır ki, bu əzəldən yalnız bizim nazirlik tərəfindən deyil, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən kifayət qədər müzakirə edilir. Şuranın nəzdində ekspertlər qrupundan ibarət platforma yaradılıb və ora çıxarılan məsələlər öncədən detallı şəkildə işlənilir. Qeyd etdiyim yolda istər piyadalar üçün səkilərin təşkili, xüsusi avtobus zolağının olması, eləcə də avtomobillər üçün zolaqların eninin standartı tətbiq edilir. Düşünürük ki, bu proses başa çatdıqdan sonra öz effektini vermiş olacaq”.
Nərmin