Banner

Ərşad Hüseynov 3 suala cavab verdi – Bu cərimələr qanunsuz yazılır, hakimlər düzgün qərar çıxarmır - VİDEO

Avtosfer TV 14 Noyabr 2023 16:12 Oxunub 2484
Ərşad Hüseynov 3 suala cavab verdi – Bu cərimələr qanunsuz yazılır, hakimlər düzgün qərar çıxarmır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer TV-nin növbəti buraxılışında hüquqşünas Ərşad Hüseynov nəqliyyat eksperti Elməddin Muradlının qonağı olub. Verliş zamanı hüquqşünasa 3 sual ünvanlanıb. 
İlk sual nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan mülkiyyətçinin avtomobildə olub-olmamasından asılı olmayaraq adına protokol tərtib olunması barədə olub. Bu cərimələrin tərtib edilməsi qanunauyğundurmu və belə hallarla qarşılaşan vətəndaşlar nə etməlidirlər?
Ərşad Hüseynovun sözlərinə görə, bu, böyük problemlərdən biridir və məsələdə heç bir qanunauyğunluq yoxdur. İlk olaraq protokol tərtib edilərkən DYP əməkdaşı sürücünün kimliyini dəqiqləşdirməli, onunla üz-üzə görüşməlidir. Məsələ dəqiqləşdikdən sonra müvafiq addımlar atılmalıdır. “Onu qeyd edim ki, belə hallarla qarşılaşan vətəndaşlar çoxdur. Bəzən maşın nənənin adına olur və nəvə idarə edir, lakin cərimələr nənəyə gəlir. Əlbətdə ki, bu, qanunaziddir. Bu kimi problemlə üz-üzə qalan vətəndaş şikayət edib məsələnin yenidən araşdırılmasını tələb edə bilər. Biz dəfələrlə belə halların yaşanmasını qınamışıq və tam əminliklə deyə bilərik ki, bu cür cərimənin yazılması qanunsuzdur”.
Sürücülük hüququ məhdudlaşdırılan şəxslər vəsiqəni əldə etmək üçün hansı hallarda yenidən imtahan verməlidir və sürücülük hüququ məhdudlaşdırılan şəxsə bu barədə məlumat hansı formada verilməlidir sualına cavab olaraq hüquqşünas bildirib ki, sürücülük hüququnun məhdudlaşdırılması müddəti 1 il və ondan azdırsa heç bir imtahana ehtiyac yoxdur, lakin bir ildən artıqdırsa mütləq şəkildə vətəndaş yenidən təcrübə imtahanı verməlidir. “Sürücülük vəsiqəsinin vaxtının bitməsi ilə bağlı məsələyə gəlincə isə sürücülərin bir ay, ən az 15 gün qabaqcadan məlumatlandırılması çox yaxşı olar. Texnologiya buna imkan verir” deyə Ərşad Hüseynov qeyd edib. 
Onun sözlərinə görə, son vaxtlar məhkəmələr qanunsuz olaraq vətəndaşın iştirakı olmadan ödənilməyən cəriməyə görə sürücünün hüququnun məhdudlaşdırılması barədə qərar çıxarır. Burada iki qayda pozulur. Birincisi, işə baxmazdan əvvəl məhkəmə vətəndaşı məlumatlandırmalıdır. Ola bilsin ki,vətəndaş cəriməni ödəyər və məhdudlaşdırmaya da ehtiyac qalmaz. Digər tərəfdən isə sürücülük hüququ məhdudlaşdırılan şəxsə qərar barədə heç bir xəbər verilmir. Vətəndaş bunu yol polisi onu saxlayanda öyrənir. Burada da boşluq odur ki, vətəndaş nə vaxt qərardan xəbər tutursa çatdırılma, xəbərdar olunma həmin müddətdən sayılmalıdır.
Ərşad Hüseynov “Tıxacdan necə qurtulmaq olar?” sualına cavab olaraq qeyd edib ki, bu istiqamətdə hərtərəfli işlər görülməsi şərtdir. Lakin ən əsası şəhərsalma ilə bağlıdır. İlk olaraq Bakıdan kənar olan ərazilər inkişaf etdirilməlidir.
İkincisi, ictimai nəqliyyata yanaşma kökündən dəyişməlidir, yeni metro stansiyaları açılmalı, avtobusların sayı artırılmalıdır və ən vacibi gediş haqqları azaldılmalıdır.” 
“Əgər bütün bu deyilənlər reallaşarsa, şəxsi avtomobilindən imtina edənlər olacmı?” sualına aydınlıq gətirən hüquqşünas qeyd edib ki, vətəndaşlar arasında sorğu keçirilib və çox gözəl nəticə əldə olunub. “Mən inanıram ki, verilən cavablar səmimi idi. Əlbətdə olacaq, bu gün ictimai nəqliyyat səni daha rahat, tez və büdcəyə uyğun şərtlə aparırsa niyə də olmasın. Üstəlik, bunun insan həyatı üçün də önəmi çoxdur”.

Nurlan Sakitoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh