Evləri dəmir yolunun içində tikiblər – Bu mənzərəyə sürət qatarı yaraşırmı? - VİDEO

Avtosfer TV 2 Aprel 2024 12:00 Oxunub 904
Evləri dəmir yolunun içində tikiblər  – Bu mənzərəyə sürət qatarı yaraşırmı?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda bəzi ərazilər var ki, həmin yerlər insanların yaşayışı üçün uyğun deyil. Təbii ki, belə ərazilərdə qanunla ev tikmək qadağandır. Lakin buna baxmayaraq, paytaxtda, hətta mərkəzi küçələrdə qanunsuz tikililərə rast gəlmək olur.

Yaşayış üçün qadağan olunmuş ərazilərdən biri də qatarların keçdiyi yerlərdir. Hərəkətdə olan nəqliyyat vasitəsinin yaşayış sahəsinə yaxın yerləşməsi hər şeydən öncə insanların həyatı üçün təhlükəlidir. Digər nəqliyyat vasitələrindən fərqli olaraq qatarların sürətini azaltmaq, yaxud fövqəladə hallar zamanı hərəkətini saxlamaq olmur. Belə olduqda ərazidə məskunlaşan sakinlərin qəzaya düşmə riski daha da artır. Həmçinin qatarın hərəkəti zamanı yaranan səs-küy də insanların rahatlığına təsir edən amillərdəndir.

İşıqlandırdığımız məsələylə bağlı görüntü sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Avtosfer.az xəbər verir ki, xoşagəlməz mənzərə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Videodan aydın göründüyü kimi, yaşayış yerləri dəmir yolu xətləri keçən ərazidə salınıb. Ərazidən keçən sürət qatarları ilə evlər arasında məsafə demək olar ki yoxdur. Nəticədə çölə çıxan sakinlər qatarla üzləşməli, dəmir yolu xətlərinin üzəriylə hərəkət etməli olurlar. Sakinlər mövcud şəraitə alışaraq ehtiyatlı davransalar belə bu, qəzanın olmayacağına əminlik yaratmır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. Bununla yanaşı yaxın olan sahədə tikinti işləri aparmaq üçün Nəqliyyat Nazirliyinin icazəsi olmalıdır. Amma illər öncə hazırda ləğv edilmiş bu nazirlik hər şeyə göz yumaraq xaotik tikinti işlərinin dəmir yolu xətlərinin yaxınlığında aparılmasına imkan verdi. Nəticə isə göz önündədir. Belə olan halda sürət qatarı tələb edib mənzil başına daha tez çatmaq istəyənlərə nə cavab vermək olar? Bu yoldan hansı sürətlə keçmək olar ki, insanlar narahat olmasın və evləri uçmasın?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) Avtosfer.az-a bildirilib ki, qurumun balansında olan bir neçə magistral dəmir yolu xətlərinin ətrafında və mühafizə zolağında müxtəlif vaxtlarda qanunsuz inşa edilmiş yaşayış evləri dəmir yolu xətlərinə və qurğularına çox yaxın yerləşməklə, qatarların hərəkətinin, əhalinin həyat və sağlamlığının təhlükəsizliyinin qorunmasına ciddi maneə yaradır. Məsələn, Nərimanov rayonunun inzibati ərazisində Bakı sərnişin-Keşlə və Nərimanov-Böyükşor dəmir yolu xətlərinin arasında əhali hələ dəmir yolunda aparılan Bakı-Sumqayıt dairəvi dəmir yolu xəttinin yenidən qurulmasına qədər qanunsuz olaraq birbaşa mühafizə zolağında məskunlaşıb: “Dəmir yolu xətti həmin ərazidə hələ 1903-cü ildə çəkilib. Son 30-35 il bundan qabağa qədər həmin zəbt olunmuş ərazidə mühafizə zolağı boş idi. Sonralar yaranmış boşluqdan sui-istifadə edən şəxslər tərəfindən qanunsuz olaraq ərazi zəbt olunmuş, torpaq zolağında evlər tikilib. Qeyd edilən yerdə dəmir yolunun mühafuizə zolağının eni Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən 24 metr məsafə təşkil etdiyi halda sakinlər bilə-bilə Qərarın və Azərbaycan Dövlət Tikinti norma və qaydarının tələblərini pozaraq relsin bir neçə metrliyinə qədər tikinti aparıblar. Uzun müddət aidiyyəti qurumlarımız tərəfindən qanunsuz tikintilərlə əlaqədar vətəndaşlara dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq onlar zaman-zaman öz qanunsuz əməllərini davam etdiriblər. İlk dövrlərdə orada yaşayan sakinlər təhlükəsizlik hasarı olmadığı üçün birbaşa dəmir yolunun üzərindən keçməklə gedib-gəlirdilər. Lakin dəmir yolunun rekonustrusiyasından sonra həmin ərazidən keçməklə sürətli qatarların hərəkəti zamanı əhalinin təhlükəsizliyi məsələsi otaya çıxdı. Bu məsələnin mümkün həlli üçün dəmir yolu tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühafizə zolğında dəmir yolu xələrinin yaxınlığından təhlükəsizlik hasarı çəkilmiş və sakinlərin yaşayış yerlərinə giriş-çıxışının təşkili üçün avtomobil yolunun çəkilməsi mümkün olmadığı üçün yalnız dəmir yolunun kontakt şəbəkəsinin üzərindən keçməklə piyada keçidləri inşa edilib.

Sözügedən ərazinin hər iki tərəfində dəmir yolu xəttinin olması ilə yanaşı evlərin bir-birinə sıx şəkildə bitişik tikilməsi həmin ərazidə baş verə biləcək hər hansı fövqəladə vəziyyət (yanğın, uçqun, sakinlərin xəstəliyi və s.) zamanı operativ nəqliyyat vasitələrinin əraziyə girişini mümkünsüz edib. Sakinlər tərəfindən əhalinin həmin ərazidən köçürülməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına, eləcə də ADY-yə müraciətləri daxil olub, lakin həmin sakinlərə kompensasiya ödənilməsi dəmir yolunun maliyyə imkanları xaricindədir”.

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh