İnşaatçılar metrosunun ətrafında cəngəllik qanunları hökm sürür – Kim nə istəyir edir... - VİDEO

Avtosfer TV 2 Fevral 2024 13:35 Oxunub 638
İnşaatçılar metrosunun ətrafında cəngəllik qanunları hökm sürür – Kim nə istəyir edir...   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda İnşaatçılar metrosunun çıxışında hər gün xaos yaşanır. Avtosfer.az Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində çəkiliş apararaq yaşanan mövcud vəziyyətin səbəbini öyrənməyə çalışıb. Ərazidə olan problemlərdən biri tıxacdır. Tıxaca səbəb isə sərnişin avtobuslarının yolun ikinci və bəzən də üçüncü zolaqlarını zəbt etməsidir. Xüsusilə axşam saatlarında 1-ci zolaqda park edilən avtomobillər və avtobus dayanacağında parklanan “manatlıq” taksilərə görə avtobuslar dayanacağa girə bilmir. Məcburən ikinci və üçüncü zolağı zəbt edərək sərnişin mindirib-düşürməli olurlar.

Maraqlısı budur ki, gündüz saatlarında dayanacaqda kifayət qədər yer olsa da avtobuslar yenə də 2-ci və 3-cü zolağı zəbt edib tıxaca səbəb olur. Hətta bir neçə avtobus eyni anda gələndə vəziyyət elə qəlizləşir ki, gəl görəsən.

Avtobuslar üçün dayanacaq və xüsusi yer ayrılsa da avtomobillərin bu yerdə parklanması və bəzi şəxslərin buranı özü üçün “obyekt”ə çevirməsi nəticəsində böyük tıxaclar yaranır.

Bu tip hallar paytaxtın müxtəlif yerində də müşahidə olunur. Lakin sözügedən İnşaatçılar metrosunun ətrafının özünəməxsus bir problemi var. Belə ki, avtobus dayanacağında parklanan avtomobilin içini açar təmiri üçün vitrin edən şəxs səkiyə reklam plakatı qoyub piyadaların da yolunu kəsir. Sürücü maşının arxa qeydiyyat nişanını çıxarıb, ön nişanının isə qarşısına taxta yeşik qoyaraq gizlədib. Bu yolla “görünməyəcəyini” düşünərək özünə avtobus dayanacağında biznes qurub.

Digər problem isə taksilərin dayanacağa girib sərnişin mindirib-düşürməsidir. 10-15 metr qabaqda taksi duracağı yeri qurulmasına baxmayaraq sürücülər avtobus dayanacağını zəbt edib sıxlıq yaradırlar. “Manatlıq” taksilər isə elə dayanacaqda parklanıb müştəri gözləyir. Həmçinin üzərində taksi nişanı “Daewo” markalı, B651CP750 Rusiya dövlət nömrə nişanlı avtomobil yolun ikinci zolağını saatlarla zəbt etdiyi görüntülərdə aydın əks olunub.

Ərazidə təhlükəli vəziyyətlərdən biri də vətəndaşların keçidlərdən istifadə etməməsidir. Yolu digər tərəfə keçmək üçün piyadalar həyatlarını təhlükəyə atır. Görüntülərdə çoxlu piyadanın bu hala yol verdiyi əks olunub. Bir çox vətəndaş isə o qədər rahatdır ki, yolun hərəkət hissəsində əli cibində hərəkət edir. Hətta piyadalardan biri ona yol vermədiyi üçün avtobus sürücüsü ilə də mübahisə edir. Ərazidə yeraltı keçid təşkil olunmasına baxmayaraq insanlar yolun hərəkətli hissəsi ilə hərəkətə üstünlük verir.

Bu barədə vətəndaşlardan biri Avtosfer.az-ın mikrofonuna danışıb. O, qaydaları pozan sürücülərə haqq qazandıraraq bildirib ki, yeraltı keçidlər məntiqsizdir:

“Urbanistik şəhərlərin hamısında yerüstü piyada keçidləridir. Yəni heç kimi yerin altından keçməyə məcbur edilmir. Çünki bu, heç bir məntiqə sığmır. Şəxsən mən yeraltı keçiddən keçməyə ərinirəm. Ona görə də avtomobilləri gözləyib yolun hərəkət hissəsilə də keçəcəm. Həyatımızı düşünürlərsə nizamlanan piyada keçidi təşkil etməlidirlər”.

Piyadaların həyatlarını tələsərək təhlükəyə atmağı özü də məntiqsizdir. Bir neçə gün əvvəl elə həmin ərazidə piyadavurma hadisəsi baş vermişdi. Nəinki sözügedən küçədə, paytaxtın bir çox yerində tez-tez piyadavurma hadisələri baş verir. Lakin bundan heç kim nəticə çıxarmır.

Piyadalarla yanaşı velosiped sürücüləri də təhlükəli hərəkətlərə yol verir. Görüntülərdə yolun 3-cü zolağında velosiped sürən şəxs əks olunub. Digər velosiped sürücüsü isə yolun hərəkət hissəilə qarşı tərəfə keçir.

Bütün bunları gördükdən sonra ağıla təkcə bir cümlə gəlir ki, ərazidə hər gün xaos yaşanır. Bu ərazidə sanki dövlət yox, cəngəllik qanunları işləyir...

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh