Kök sürücülər sükan arxasında niyə yatır? – Dietoloq ŞOK SƏBƏBLƏRİ AÇIQLADI - VİDEO
Son vaxtlar sükan arxasında infarkt keçirmə, ürək tutmasından ölüm halları baş verir. Bu da digər nəqliyyat vasitələri ilə toqquşmalara gətirib çıxarır. Yəni sürücü ölür və ya huşunu itirir ki, bu zaman avtomobil idarəetmədən çıxıb digərləri ilə toqquşur. Nəticədə böyük faciələr baş verir.
Əsas hadisələr sırasında yuxulu halda sükan arxasında yatan sürücülər durur. Belə hadisələr niyə baş verir?
Bu barədə Avtosfer.az-a açıqlama verən dietoloq Tutu Zeynalova bildirib ki, sürücü olmaq özü piylənmə və artıq çəkili olma riskini artırır: “Məsələn, mənim yanıma gələn pasiyentlər çox vaxt deyir ki, maşın alandan sonra kökəldim. İnsanlara haradasa maşını park edib, bir az yol, məsafə gəzmək çox çətin gəlir. Biz bunu çox vaxt qayda pozan sürücülərdə də görürük. Hansısa mağazaya girəcək deyə düz yolun ortasında maşını saxlayır, sanki özünə əziyyət verib 200 metr gəzsə, 200 qram yağı gedər deyə narahatdır. Bilmirəm, hərdən mən açıq yolda belə hadisələr görəndə çox əsəbləşirəm”.
Dietoloq vurğulayıb ki, artıq çəki problemini yaradan faktorlardan biri də məhz sürücü olmaqdır: “Statistika da göstərir ki, ildə 19 min kilometrdən artıq yol gedən sürücülərin piylənməyə yaxalanma riski 30 faiz daha çoxdur. Yəni bu bizim artıq çəkili olma riskimizi 30 faiz daha artırır. O ki qaldı kilolu sürücülər, təbii ki, burada biz bir çox xəstəliklərin yaranma ehtimalını, xüsusilə də, uzaq yol sürən sürücülərdə ürək-damar xəstəlikləri, uroloji xəstəliklər kimi problemlərin yarandığını görürük. Problemlərdən biri də sürücülərin yolda yatmağıdır. Artıq çəkili insanlarda yuxu apnesi olur”.
Tutu Zeynalova təəssüflə qeyd edib ki, artıq çəkili insanların yol qəzalarında dünyasını dəyişmə ehtimalı daha çoxdur: “İnsanlar arasında ölüm riski artıq çəkili insanlarda digərlərinə görə 50 faiz çoxdur. Həm qəza zamanı çox vaxt bu insanlar yuxuda olduqları üçün, həm də kök adamlarda dayanıqlıq daha az olduğuna görə onların daxili orqanları zədələnir və dünyasını dəyişmə ehtimalı artır. Eyni proses çox arıq insanlarda da baş verir. Buna görə də çalışaq ki, hər bir halda çəkimizə diqqət edək”.
Avtosfer.az-ın qonağı olan dietoloq bildirib ki, sürücülər sükan arxasında çox aqressiv olurlar: “Bunun əsas səbəblərindən biri sürücülərin sükan arxasında su içməməsidir. Belə bir deyim var ki, “əsəbiləşmisənsə, get su iç”. Su içərkən əsəblərimizi nəzarət altına ala bilirik və buna görə də mütləq bütün sürücülərə su içmələrini tövsiyə edirəm. Daha bir məsələ sürücülərin xüsusilə də oyaq qalmaq üçün energetik içkilərə üstünlük verməsidir. Bu bəzən gündəlik normanı aşır. Yəni bir neçə banka energetik içki istifadə edirlər ki, bu da arzuolunan deyil. Həmçinin belə hal ani ölümlərə səbəb olur.
Bu gün statistik məlumatlar da göstərir ki, xüsusilə gənclər arasında ani ölüm səbəbləri məhz bu energetik içkilərin normadan artıq istifadə olunmasıdır”.
Qonağımız qeyd edib ki, qlisemik indeksi yüksək qidalardan istifadə etdikdən sonra da insanlarda yuxu yaranır: “Qlisemik indeks bir qidanın qan şəkərini yüksəltmə qabiliyyətidir və qan şəkərimiz sürətlə yüksəldikcə bir müddət sonra qan şəkəri sürətlə düşür. Bu yuxuluq hissi yaradır ki, sükan arxasında yatmaqlarının daha bir səbəbi budur. İkinci bir məsələ ondan ibarətdir ki, yuxusuzluq orqanizm üçün ən böyük stressdir və uzaq yol sürücüləri daha çox gecə vaxtı yolda olurlar və onları orqanizmə stress yaranır. Gün ərzində qan şəkərimiz dalğalanır deyə biz gün ərzində özümüzü daha yuxulu hiss edirik. Bundan əlavə daha çox yemək istəyirik. Daha çox yemək yediyimiz üçün kökəlirik, kökəldiyimiz üçün daha zərərli qidalar istifadə edirik. Belə bir burulğana düşürük, ondan çıxa bilmirik”.
Dietoloq belə halların qarşısını almağın yollarını da açıqlayaraq qeyd edib ki, mümkün qədər evdə yeməyi bol salatla, bol yaşıllı tərəvəzli salatla başlayıb, yeməyin ət hissəsini ikinci növbədə istifadə etmək lazımdır: “Bundan əlavə, yeməkdən öncə yaxşı olar ki, ev üsulu hazırlanmış alma sirkəsi istifadə etsinlər. Bir daha deyim ki, çalışın sükan arxasında diqqətli olasınız. Normal yatın. Çünki yuxu rejimimiz bizim həyatımıza çox təsirlidir. 3-2-1 prinsipinə riayət edin: yatmazdan üç saat əvvəl yeməyinizi dayandırın. İki saat əvvəl su içməyi dayandırın və bir saat əvvəl də mavi işığı dayandırın. Yəni, telefonları kənara qoyun ki, sağlam yuxu yatasınız. Bu, növbəti gün özünüzü daha gümrah, rahat hiss etməyinizə və sükan arxasında da öz əsəblərinizə, emosiyalarınıza daha yaxşı hakim olmağınıza səbəb olacaq”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Məhəbbət Tərlanoğlu