Maşında soyuq silah gəzdirənlərin məqsədi nədir? – Beşbarmaq, beysbol çubuğu, bıçaq... - VİDEO

Avtosfer TV 25 Yanvar 2024 15:00 Oxunub 6376
Maşında soyuq silah gəzdirənlərin məqsədi nədir? – Beşbarmaq, beysbol çubuğu, bıçaq...    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi sürücülərin idarə etdiyi nəqliyyat vasitələrində bıçaq, balta, beşbarmaq, beysbol çubuğu və s. kimi soyuq silahlar gəzdirməsi halları çoxalıb. Sürücülər arasında anlaşmazlıqların tez-tez müşahidə olunduğunu nəzərə alsaq çox böyük fəsadlarla nəticələnə bilər. Belə ki, mübahisələr böyüdükcə əlbəyaxa davalara çevrilir. Bu, işin yaxşı tərəfidir. Amma avtomobildə soyuq silah varsa belə kiçik münaqişələr böyük cinayətlərə səbəb ola bilər. Yəni ani əsəb bir anda ağır cinayətə gətirib çıxarır.

Bəs görəsən sürücülər avtomobildə soyuq silahları hansı səbəbdən gəzdirir? Bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Bu barədə Avtosfer.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, avtomobili olan hər kəs texniki nasazlığa görə yolda qalma ehtimalına qarşı hansı cihaz və əşyalara ehtiyac olduğunu bilir və onları yük yerində saxlayır:

“Lazımi əşyalara əlavə olaraq soyuq silah saxlanılırsa, deməli, məqsəd başqadır. Bəzi insanlar hər zaman ola biləcəyi mühitlərdə dava ehtimalını göz önündə saxlayır. Sürücü davaya meyillidirsə və o silahla müdaxilə etmə potensialı varsa avtomobilində soyuq silah gəzdirir”.

Sosioloq vurğulayıb ki, silahların gəzdirilməsi halı ümumiyyətlə yolverilməzdir.

“Soyuq silahların gəzdirilməsi qadağan edilməlidir. Sürücülərin yoxlanılıb, silahlar aşkar edilib, müsadirə edilməsi tamamilə düzgündür. “Özündən tez çıxan” təbiətli insanlar çoxdur. Belə insanlara odlu və ya soyuq silahlar gəzdirməsi təhlükə mənbəyidir”.   

Psixoloq Bahar Bəylərova qeyd edib ki, sürücülərin nəqliyyat vasitəsində soyuq silah gəzdirməsinin səbəbləri şəxsiyyət tipləri ilə əlaqədardır: “Təbii ki, bu, hamıya şamil edilmir. Məsələnin çox fərqli səbəbləri ola bilər. Hər şeyi ağılla həll etməkdə özlərinə güvənməyən insanlar adətən soyuq silahlara qurşanırlar. Hər zaman nəinki qol gücü, ağıl gücü öndə olmalıdır. Bu da tərbiyənin bir göstəricisidir”. 

Soyuq silahlarla baş verən cinayət hadisələri günbəgün artır. İnsanlar artıq münaqişələrdə söz və ağılla yox, qol gücü ilə davranırlar. Güman edirik ki, sürücülər qeyd olunan məsələnin necə böyük fəsadlara yol açacağının fərqinə varar. Nə avtomobilində, nə də üzərində cinayət alətinə çevrilə bilən əşya gəzdirməz.

Ekspert Elməddin Muradlı hesab edir ki, gələcəkdə qanunvericiliyə dəyişiklik etməklə avtomobildə soyuq silah gəzdirənlərlə ciddi mübarizə aparmaq olar. Bunun üçün yol polislərinə səlahiyyət verilməlidir ki, onlar hansısa qayda pozuntusuna görə saxladıqları maşınlara baxış keçirsin, belə əşyaları müsadirə edib sürücü barəsində müvafiq tədbir görsün.

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh