Müasir dövrün tələbi: Həyatımızı asanlaşdıran İKT vasitələri – AÇIQLAMA - VİDEO
Dünyanın inkişaf etmiş bütün ölkələrində yeni texnologiyaların tətbiqi istiqamətində ardıcıl addımlar atılır. İnformasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə çağdaş dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan bu sahə inkişaf səviyyəsinə görə bir çox ölkələrdən fərqlənir. Elmi-texniki inkişaf müharibələrin metoduna da təsirsiz ötüşmür. Mütəxəssislər bildirirlər ki, gələcəkdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq.
Bəs informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinin əhəmiyyəti, vacibliyi nədir? Buna niyə ehtiyac var?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi dövrün və zamanın əsas tələbidir: “Hazırda bu sahədə çox böyük inkişaf var. Əksər inkişaf etmiş dövlətlər, inkişaf etməkdə olan dövlətlər informasiya və kommunikasiya texnologiyalarını dərindən təbliğ etmək, faktiki olaraq idarəetmədə, müəssisələrdə, fabrik, zavodlarda, bir sözlə həyatın hər bir hissəsində tətbiq etmək, yaşamı daha da asanlaşdırmaq yolunu tutublar”.
Deputat bildirib ki, Azərbaycanda artıq uzun illərdir ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsində elektron dövlət layihəsinin uğurla həyata keçirilməsində öncül sıralardadır: “Bu gün Azərbaycan hökuməti çoxlu sayda elektron xidmətlər göstərir. Bu da həm idarəetməni asanlaşdırır, həm şəffaflığı təmin edir, həm də vətəndaşların zamanına qənaət edilir. Nəticə etibarilə məhz informasiya və kommunikasiya texnologiyalarının həyatımızda olması hərtərəfli olaraq bizə zaman qazandırır və həyatın, eyni zamanda işin keyfiyyətini də artırır. Bu baxımdan da hər bir vətəndaş da informasiya və kommunikasiya texnologiyalarının incəliklərini öyrənməli və öz həyatımızda bunu həmişə tətbiq etməliyik. Əks təqdirdə biz müasir cəmiyyətdən kənarda qalmış olacağıq. Biz mümkün olan qədər elektron xidmətlərin sayını artırmalı, İT-nin bizə yaratdığı imkanlardan düzgün istifadə etməliyik”.
Mövzü ilə bağlı Avtosfer.az-a açıqlama verən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin media ilə iş üzrə Baş mütəxəssisi Tural İbadlı bildirib ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı günümüzün vacib çağırışlarından biridir: “Təbii ki, mövcud iqtisadi münasibətlər sistemindən İKT-nin hansı dərəcədə tətbiqi hər bir dövlətin mövcud potensialından və real inkişaf göstəricilərindən asılıdır. Bu addımın atılmasında əsas məqsəd dövlət idarəetməsinin təkmilləşdirilməsi, azad rəqabət mühitinin və sahibkarlığın dəstəklənməsi və cəmiyyətdə texnoloji bacarıqları olan insan kapitalına istiqamətlənmiş fundamental addımların atılmasına nail olmaqdır. Məqsədə çatmaq üçün rəqəmsallaşmanı əsas vasitələrdən biri kimi seçən Azərbaycan da bu gün İKT-ni inkişaf etdirmək və qlobal trendlərlə ayaqlaşmağı hədəfləyib. Texnoloji inkişaf ölkələri, şirkətləri bütövlükdə isə cəmiyyəti bir sıra imkanlarla yanaşı, müəyyən çağırışlarla üz-üzə qoyur. Belə ki, artıq rəqəmsal cəmiyyət və rəqəmsal iqtisadiyyatın formalaşması istiqamətində ciddi addımların atılmasına başlanılıb. Rəqəmsallaşma strategiyasının həyata keçirilməsi ölkələr üçün bir neçə kontekstdən əhəmiyyətlidir. İlk olaraq bu, ölkənin iqtisadiyyatında özünü büruzə verir. Qeyd etdiyim kimi, rəqəmsal iqtisadiyyatın inkişafı məhsuldarlığın artmasına və yeni innovativ iş yerlərinin açılmasına səbəb olur. Nəticədə isə vaxt itkisi minimuma enir və keyfiyyətli xidmət ortaya qoyulur. Rəqəmsallaşma, həmçinin dövlət xidmətlərinin şəffaf və keyfiyyətli şəkildə həyata keçirilməsinə şərait yaradır. Belə ki, rəqəmsal ictimai xidmətlərin artması göstərilən həmin xidmətlərin əhatə dairəsini genişləndirməklə yanaşı, vətəndaş məmnunluğunun da yüksəlməsinə səbəb olur”.
Tural İbadlı qeyd edib ki, göstərilən xidmətlərin rəqəmsallaşması cəmiyyətin də inkişafına təsirsiz ötüşmür: “Xüsusən də səhiyyə və təhsil sahələrində xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması, həmçinin sosial inklüzivlik və kommunikasiyanın inkişafı baxımından bu, xüsusi effektiv əhəmiyyətə malikdir. Diqqət yetirə biləcəyimiz növbəti əsas məqam ətraf mühitin qorunması ilə bağlıdır. Belə ki, tullantıların “ağıllı” idarəertmə sisteminin qurulması, ekoloji çirklənmənin qarşısının alınması, yaxud onun nəzarətdə saxlanması, həmçinin resursların səmərəli və dayanıqlı istifadəsi üçün də rəqəmsallaşma mühüm əhəmiyyətə malikdir. Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) fəaliyyətə başladığı dövrdən əsas diqqətdə saxladığı məsələlərdən biri də şəbəkələrin dayanıqlığı və etibarlığıdır. Belə ki, istehlakçılara dayanıqlı və keyfiyyətli xidmət göstərmək öhdəliyi olan telekommunikasiya operator və provayderlərinin şəbəkələri aparıcı təhlükələr, texniki problemlər və ya fövqəladə vəziyyətlərin təsirlərinə dayanıqlı, həmçinin belə təsirlərə məruz qalarsa, qısa müddətdə öz fəaliyyətini bərpa etmək imkanlarına malik olmalıdır. Belə ki, İKTA-nın Nizamnaməsində də göstərilib ki, Agentliyin dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək, həmçinin Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək vəzifəsi var. Məhz Nizamnamə tələblərinə uyğun olaraq, Agentlik fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür”.
Tural İbadlı onu da qeyd edib ki, 2023-cü ilin dekabrında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası tərəfindən “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiq edilib. Həmin sənəddə telekommunikasiya sahəsində fəaliyyət göstərən operator və provayderlər qarşısında qoyulan tələblər sırasında təhlükəsizlik məsələləri də yer alıb. Belə ki, informasiyanın tamlığının, əlçatanlığının, konfidensiallığının və mötəbərliliyinin mühafizə edilməsi xidmət keyfiyyətinin əsas prinsiplərindən biri kimi göstərilib. Təbii ki, bu göstəricilərə əməl edilməsi ilə bağlı əsas tənzimləyici orqan kimi İKTA müəyyən edilib.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;" istiqaməti üzrə hazırlanıb.
Müəllif: Məhəbbət Tərlanoğlu