Banner

Psixoloq “Lukoil”-dən şikayət etdi; işçilər bu yolla fırıldaqla məşğuldur - VİDEO

Avtosfer TV 12 Sentyabr 2025 14:00 Oxunub 1968
Psixoloq “Lukoil”-dən şikayət etdi; işçilər bu yolla fırıldaqla məşğuldur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanacaqdoldurma məntəqələrində müştəriləri aldatmağa yönəlmiş fırıldaqçılıq halları getdikcə artmaqdadır. Belə hallar xidmətin keyfiyyətinə mənfi təsir göstərir və müştərilərin haqlı narazılığına səbəb olur.

Avtosfer.az xəbər verir ki, bəzi məntəqələr müştərinin başını qataraq benzini tam doldurmayıb yarısını vurduqları ilə bağlı şikayətlər alır. Belə bir hadisə psixoloq Tehranə Əsgərovanın da başına gəlib. 

Onun sözlərinə görə, Ağ şəhərdə yerləşən “Lukoil” YDM-də bir işçi benzini vurur, digər işçi isə hələ maşının çəni tam dolmamış yaxınlaşaraq müştərinin başını qatır, hesab götürür və benzini yarıda saxlayaraq 6-7 litr qənaət edir:

“Administratoru çağırıb şikayət etsəm də, işçilərin hamısı əlbir olduqları üçün heç bir faydası olmur. Benzin vurduğunuz zaman gözünüzün benzinin tam dolmasında olmasına və ödənişi yalnız bundan sonra etməyə diqqət yetirmək lazımdır”.

Bu cür hallar hər kəsin başına gələ bilər və müştərilər soyuqqanlı olmalı, diqqətli davranmalı, xidmət tamamlanmadan ödəniş etməməlidirlər.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Avtosfer.az-a açıqlamasında bidirib ki, bir neçə il öncə “Lukoil” ilə bununla bağlı məhkəmələrimiz də olub:


“Avtomobilin çəni 44 litr tutduğu halda, ona 50 litrdən çox benzin vurulmuşdu. Məsələ məhkəmə müstəvisinə qədər qaldırıldı, hətta Rusiya qəzetlərində də bu anormal vəziyyət barədə yazılar dərc olundu. Sonradan məhkəmə iddiaları geri götürüldü. “Lukoil” ilə bağlı bu cür məsələlər barədə bizə daim telefon zəngləri gəlir, amma yazılı şikayətlər yoxdur.

Adətən avtomobili saxlayanda deyirlər “qabağa sür”, yəni istehlakçı rəqəmləri görməsin. Onlar bu üsulla işləyirlər. Hər ay bir-iki dəfə “Lukoil” YDM-lərdə müxtəlif istehlakçı hüquqlarının pozulması ilə bağlı bizə telefon zəngləri gəlir.

Keçmişdə “Lukoil”in rəhbərliyi ilə dəfələrlə görüşmüşəm və bu məsələnin aradan qaldırılması, həmçinin ölkədə yayılmış “Luksoil”, “Likoyl”, “Linkoil” kimi oxşar adla fəaliyyət göstərən və hamısı qırmızı rəngdə olan yanacaqdoldurma məntəqələrinin də problemlərinin həlli məsələsini müzakirə etmişəm. Bu söhbətlər təxminən 8 il əvvəl olub. Təəssüf ki, “Lukoil”də bu kimi hallar baş verir və bu gün də davam etməkdədir”.

Eyyub Hüseynov əlavə olaraq qeyd edib ki, kimin hüququ pozularsa, bu sahədə Birliyə yazılı müraciət etsinlər ki, hüquqlarını qorumaq üçün lazımi addımlar ataq”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh