Banner

Səki və yolları piyadalardan daha çox istifadə edən sürücülər - VİDEO - FOTO

Avtosfer TV 23 Noyabr 2023 16:29 Oxunub 1142
Səki və yolları piyadalardan daha çox istifadə edən sürücülər   - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülər arasında dayanma-durma qaydalarının pozulması gündəlik olaraq ən çox rast gəlinən haldır. Avtomobillərin park edilməsinə icazə verilməyən küçələrdə mütləq bir maşınla qarşılaşırıq. Hətta qadağan nişanının mövcud olduğu ərazilərdə belə park edilmiş avtomobil görə bilərik. Bəzi sürücülər daha da irəli gedərək parkı, piyada keçidinin üzərini, dar səkini parkinq zonasına çevirir. Bir qismi də səkinin genişliyindən yararlanaraq maşınını tam şəkildə onun üzərinə çıxarıb park edir. Nəticədə piyada onun hərəkəti üçün nəzərdə tutulan səkidən istifadə edə bilmir və məcbur qalaraq avtomobil yoluyla gedir. Bu isə qəza riskini yüksəldir. Həmçinin market, müəsisə, obyektlərin qarşısında park edilmiş maşınların sayı da çoxdur. Bəlli məsələdir ki, işin cəriməsi yenə piyadaların üzərinə düşür. Yaranmış vəziyyətdə insanların ərazidən keçməsi çətinləşdiyi kimi marketə, obyektə daxil olmaları da mümkünsüz hala gəlir. Buna səbəb olan sürücülərin isə məşhur bir-iki bəhanəsi var: “Bir neçə dəqiqəlik park etmişdim”, “Yaxın ərazidə parkinq yeri yoxdur, harada saxlayım?” deyib işin içindən çıxmaq..Lakin avtomobilini hər gün saatlarla dayanma-durma qaydalarına zidd ərazidə saxlayan sürücülər də az deyil. Maraqlıdır, onların bəhanəsi nədir?
Qeyd etdiyimiz problemlə bağlı müxtəlif ərazilərdə çəkilmiş onlarla foto və videomaterial Avtosfer.az-a göndərilir. Şikayətini, narazılığını dilə gətirən izləyicilər adi hala çevrilmiş qayda pozuntusundan tükəndiklərini bildirirlər. Belə ki, saytımıza daxil olan fotolarda dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib. 
Qayda pozan avtomobillərdən biri Bakının 8-ci kilometr qəsəbəsində qeydə alınıb. Şəkildən aydın göründüyü kimi, 20-EM-768 dövlət nömrə nişanlı “Toyota Prius” markalı maşın obyektin önünü kəsib. Şikayətçinin iddiasına görə, o, avtomobilini hər gün təhsil müəsisəsinin qarşında saxlayaraq məktəblilərin hərəkətinə əngəl olur.
Digər foto isə dayanma-durma qaydalarının mütəmadi pozulduğu ərazi - Əcəmi Naxçıvani küçəsində çəkilib. Belə ki, 90-ZP-048 dövlət nişanlı “Toyota Land Cruiser” markalı və 99-OU-439 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobillər piyada səkisini zəbt edərək insanlara çətinlik yaradıblar. 
Paytaxtın Gülarə Qədirbəyova ilə Qarabağ küçələrinin kəsişməsində çəkilən şəkildə də eyni mənzərəni görürük. Belə ki, 50-BE-001 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil piyada keçidində park edilib və insanların ondan istifadəsinə əngəl törədib. 
Son fotoda isə sürücü 99-AJ-166 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilini tam olaraq səkidə saxlayıb. Rəşid Behbudov küçəsində qeydə alınmış bu mənzərə piyadaların avtomobil yoluyla hərəkət etməsinə səbəb olub.
Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cərimə ödəməlidir.

Nərmin

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh