Banner

Sürücü işıqforun qırmızı işığında mobil telefondan istifadə edə bilər? – ƏRŞAD HÜSEYNOVDAN AÇIQLAMA - VİDEO

Avtosfer TV 3 İyul 2025 20:24 Oxunub 3672
Sürücü işıqforun qırmızı işığında mobil telefondan istifadə edə bilər? – ƏRŞAD HÜSEYNOVDAN AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkə gündəmini zəbt edən əsas məsələlərdən biri sürücülərin cərimələnməsi ilə bağlıdır. Bəzi sürücülər onlara yazılan cərimələrin səbəbsiz yazıldığını iddia etsə də, mütəxəssislər sürücülərin bu iddialarının əsassız olduğunu bildirir. Bəzi sürücülər yol polisinin gözəyarı kəmərdən istifadə etməməyi müəyyənləşdirib cərimələndiyini, bəziləri isə yollarda quraşdırılan xüsusi texniki vasitənin sürücülərin geyindikləri köynəyi gecə görünüşündə ağardıb daha sonra cərimələnməsini bildirir. Bununla əlaqədar Baş dövlət Yol Polisi idarəsinin də açıqlaması olmuşdur ki, xüsusi texniki vasitələrə hansısa birbaşa müdaxilə olmur. Onların, onsuz da, gecə rejimində belə bir funksiyası mövcuddur.

Başqa bir qism sürücü isə yollarda quraşdırılan yol nişanlarına görə cərimələndiyini deyir. Onların fikrincə bəzi yollarda quraşdırılan səhv nişanlar 15 dəqiqə ərzində telefonlarında cərimə ilə bağlı mesaj gəlməsinə səbəb olur. Sürücülər bu məsələnin aradan qaldırılmamasının onlara vaxt itkisinə, eləcə də tıxacda gözləmələrinə gətirib çıxardığını bildirirlər. Bununla əlaqədar mütəxəssislər bildirirlər ki, səhv yol nişanları ilə əlaqədar cərimələnmələrin qarşısını almaq üçün Avropa nümunəsi təcrübədə müsbət nəticələrini verəcək. Sürücü ya cəriməsini sildirmək üçün, yaxud da yolda düzəliş edilməsi üçün mütləq şəkildə yol polisi idarəsinə getməməlidir. Mütəxəssislər hesab edir ki, sürücülərin bu probleminin həlli üçün alternativ sistemin tətbiq edilməsi artıq zəruri hala çevrilib. Bu gün ölkəmizdə “E-polis” mobil tətbiqi var və bu tətbiq vasitəsilə sürücülərin şikayətinin araşdırılması və öz həllini tapması üçün müvafiq şəraitlər yaradılıb. Lakin qeyd edilən məsələ ilə əlaqədar da sürücülərin idarəyə getməsinin qarşısı aidiyyəti qurumlar tərəfindən alınmalıdır.

Son günlər sosial şəbəkələrdə sürücülər tərəfindən cavabını tapmaq istədikləri bir sual müzakirə obyektinə çevrilib. Nəqliyyat vasitəsi idarəçilərini narahat edən məsələ tıxac zamanı, yaxud işıqforun qırmızı işığında ikən telefonla məşğul olmağın cərimə səbəbi olub-olmamasıdır.

Çünki İnzibati Xətalar Məcəlləsinibn 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə edilir. Qanunun bu hissəsində “hərəkət zamanı” sözü sürücüləri çıxılmaz vəziyyətə salıb. Buna görə də bəzi sürücülər həmin bənddə qeyd olunduğu kimi maşın işıqforun qırmızı işığında olarkən sui-istifadə edir, telefonla danışır, mesajlaşır, canlı yayım açır və s. Bu isə ağır yol-nəqliyyat hadisələrinin qaçılmaz olmasından xəbər verir. Sürücünün diqqətinin bir və bir neçə saniyə yoldan, sükandan kənarlaşması ya uzunmüddətli tıxaclara, ya da qəzalara gətirib çıxarır.

Mövzunu ilə bağlı hüquqşünas Ərşad Hüseynovun Avtosfer.az-a açıqlamasında deyib ki, araşdırmalar nəticəsində dünyada baş verən qəzaların əksəriyyətinin sükan arxasında telefondan istifadə səbəbilə baş verdiyi məlum olub:

“Belə bir statistika bizim ölkəmizdə də var. Ola bilsin ki, bu statistika tam rəsmiləşdirilmir. Amma yollarımızda baş verən zəncirvari qəzaların əksəriyyəti məhz bu səbəbdən baş verir. Bəzən baş verən qəzanın görüntüsü kənardan baxan adama məntiqsiz görünür. Həmin o məntiqsiz qəzaların, demək olar ki, hamısı sükan arxasında telefondan istifadə edən sürücünün yol hərəkəti şəraitinə nəzarət etməməsi səbəbindən baş verir. Adam sadəcə yol hərəkəti şəraitində nəzarət etmir, avtomobil hərəkət edir və onun qarşısına çıxan hansısa maneəni görmür. Məsələn biz videolara geniş planda baxırıq, görürük ki, günün günorta çağı bir avtomobil düz yolda getdi başqa avtomobilə çırpıldı. Amma biz həmin an sürücünün nə ilə məşğul olduğunu görə bilmirik. 99% hallarda sürücü həmin an mobil telefondan istifadə etmiş olur”.

Mütəxəssislərin fikrincə, 1998-ci ildə qəbul edilmiş "Yol hərəkəti haqqında" Qanunda bir sıra dəyişikliklərin edilməsi vacibdir. Qanun qəbul edilərkən hələ texnoloji sarıdan xeyli əskikliklər olduğu üçün həmin dövrdə qəbul edilən qanun bu gün öz effektivliyini göstərə bilmir. Belə məsələlərdən biri də məhz 342.6-cı maddədir. Bu gün sürücülərin istifadə etdiyi nəqliyyat vasitələrinin belə içərisində avtomobil və yolla bağlı bir sıra məlumatları özündə əks etdirən monitorlar var. Hətta həmin monitorlar belə sürücülərin diqqətini yayındıran vasitə hesab edilir. Lakin qanunda bu məsələlər nizamlanmır deyə, sürücülər sui-istifadə edirlər. Bu da son nəticədə ya sürücülərin, ya da hərəkətin digər iştirakçılarının canından olmasına gətirib çıxarır.

Qardaş ölkə Türkiyədə bu məsələ qanunvericiliklə daha dəqiq formada göstərilir və istər qırmızı işıqda, istərsə də, tıxac zamanı sürücülərin mobil telefondan istifadəsinin qarşısını almaq üçün qanunun müvafiq maddələrinə 2012-ci ildə dəyişiklik edilib. Ümumilikdə, Türkiyədə qanunlarda edilən dəyişikliklərin tez-tez şahidi olmaq mümkündür. Belə ki, daha əvvəl xaricdən gətirilən avtomobillərlə bağlı icazələr mövzusunda da qanuna dəyişiklik edildiyi məlumdur. Türkiyədə yol hərəkəti ilə bağlı qanuna hər 2 ildən bir dəyişiklik edilir. Buna səbəb kimi isə həm ölkədəki nəqliyyat növlərinin çoxluğu, həm də texnoloji yeniliklərin nəqliyyat vasitələrinə də təsirsiz qalmaması gösdtərilir. 2020-ci ildə ölkəyə gətirilən avtomobillərin yaşının minimum 10-a endirilməsi son 5 ildə Türkiyədə nəqliyyat vasitələrinin orta istismar yaşının 17 ilə qədər düşməsinə gətirib çıxarıb. Bu il, 2025-ci ilin yanvar ayında verilən qərara əsasən ölkəyə gətirilən nəqliyyat vasitələrinin istismar yaşı 8 ilə düşürülüb. Türkiyəli mütəxəssislər hesab edir ki, bu addımlar ölkədəki nəqliyyat vasitələrinin orta istismar yaşını 14-ə qədər endirmək mümkün olacaq.

Ölkəmizdə sürücülərin gündəmə gətirdiyi qırmızı işıq və tıxacda telefondan istifadə ilə bağlı Türkiyədəki qayda isə ölkədə çox da işə yaramayıb. Buna səbəb kimi bu ölkədə sürücülərin yol hərəkəti qaydalarını tez-tez pozmaları və bu qaydalara bir çox hallarda tabe olmamaları göstərilir. Belə ki, qardaş ölkənin vətəndaşı olan sürücülər yollarda nəqliyyat vasitəsi idarə edərkən canlı yayım açmağa kütləvi şəkildə meyil ediblər. Bir çoxları hətta bunu sosial şəbəkədə bloq fəaliyyəti ilə əlaqələndirir. Ötən il sükan arxasında canlı yayım açan 56 yaşlı Ömür Narin adlı qadın yol şəraitini nəzərə almadan avtomobili idarə etdiyi üçün qəza törədib. Nəqliyyat vasitəsi uçurumdan aşağı yuvarlanan qadın canlı yayımda izləyicilərindən kömək istəyib. Xilasetmə qrupları Ömür Narini yaralı olaraq xilas etməyi bacarıblar.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh