Taksi sürücülərini və operatorları hansı cəzalar gözləyir? – Ekspert sadə dildə izah etdi - VİDEO

Avtosfer TV 22 Fevral 2024 20:27 Oxunub 7990
Taksi sürücülərini və operatorları hansı cəzalar gözləyir? – Ekspert sadə dildə izah etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baxdığı inzibati xətalar haqqında işlərin siyahısı genişləndirilib. Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Yeni dəyişikliklərdə şəhərlərarası müntəzəm və ya qeyri-müntəzəm sərnişin daşınması, taksi minik avtomobili ilə sərnişin daşımaları, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrut üzrə sərnişin daşınması və s. kimi vacib məqamlar tənzimlənib. Qeyd olunanlar pozulduqda 40 manatdan 40 min manatadək cərimələr nəzərdə tutulub.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı inzibati xətalar haqqında işlərin siyahısındakı məsələləri daha aydın və ətraflı şərh edib. Qeyd edib ki, taksi sürücüləri, taksi operatorları, eləcə də vəzifəli şəxslər bir neçə qayda pozuntusuna görə cərimə oluna bilər. Bu qaydaların pozuntularının nələrdən ibarət olduğunu aşağıdakı videodan izləyə bilərsiniz.

 

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baxdığı inzibati xətalar haqqında işlərin siyahısına aşağıdakılar daxil edilib:

Hazırlıq keçməmiş sürücüləri sərnişin və yük daşınmasına cəlb edənləri RİNN cərimələyəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baxdığı inzibati xətalar haqqında işlərin siyahı genişləndirilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baxdığı inzibati xətalar haqqında işlərin siyahısına aşağıdakılar daxil edilib:

- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının bilet-uçot vərəqi olmadan həyata keçirilməsi (əlli manat məbləğində cərimə edilir);

- qeyri-müntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsi (əlli manat məbləğində cərimə edilir);

- taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsi (əlli manat məbləğində cərimə edilir);

- taksometrin göstəriciləri və ya taksometr funksiyasını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi (əlli manat məbləğində cərimə edilir);

Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkili (vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir);

- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkili (vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir);

- Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkili (vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir).

Qeyd edilən əməllərin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi ilə bağlı inzibati xətalar haqqında işlərə də nazirlik baxır.

Eyni zamanda nazirlik inzibati xətalar haqqında işlərə baxacaq:

- Beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından (jurnallarından) istifadə qaydalarının pozulması (“İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir);

- Hazırlıq keçməmiş sürücülərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına cəlb edilməsi (“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir .Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində cərimə edilir);

- Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması (İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir).

Yeri gəlmişkən, Prezident İlham Əliyevin imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda daha bir dəyişiklik edilib. Belə ki, aşağıda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxacaq:

- Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir)

- Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (səksən manat məbləğində cərimə edilir)

- Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir);

- Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (yüz manat məbləğində cərimə edilir)

- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi (Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə min manat məbləğində cərimə edilir).

Son olaraq onu da bildirək ki, əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək. Bu, Prezident İlham Əliyevun imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh