Taksilərin qiyməti artacaqmı?: Sürücüləri və şirkətləri gözləyən təhlükə - VİDEO

Avtosfer TV 17 May 2024 17:00 Oxunub 548
Taksilərin qiyməti artacaqmı?: Sürücüləri və şirkətləri gözləyən təhlükə    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi bu gündən etibarən taksilərdə qiymətlərin artacağı barədə informasiyalar yayılmağa başlayıb. Belə informasiyaların daha çox taksi sürücüləri tərəfindən yayılması barədə məlumat alırıq. Lakin taksi şirkətləri bunu təsdiqləmir.

Məsələ ilə bağlı danışan Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, əvvəlki proqnozlarda da qiymətlərin artımının qaçılmaz olacağı bildirilmişdi: “Çünki əvvəl köhnə, yəni istehsal ili 2010-dan aşağı olan avtomobillərlə taksi xidməti göstərən insanlar indi artıq həmin nəqliyyat vasitələri ilə sərnişin daşımayacaq. Bu isə təxminən 50 qəpik və ya 1 manat civarında qiymətə təsir göstərə bilər. Amma bu gün taksi sürücüləri informasiya yayırlar ki, iyulun birindən minimal qiymət təxminən 4 manat 50 qəpik olacaq. Bu ikiqat qiymət artımı deməkdir. Hal-hazırda 2 manat 50 qəpik minimal qiymətdir. Yayılan informasiyalarda qeyd edilən qiymətlər real deyil. Çünki bu taksi fəaliyyətində bir çökməyə səbəb ola bilər və ən pisi də tamamən əks effektlər verə bilər. Belə ki, hər gün baha qiymətə taksi sifariş edən vətəndaş artıq fikirləşəcək ki, “Mən necə edim ki, aylıq taksiyə xərclədiyim 400 manatı daha səmərəli, investisiyaya çevirim”. Və belə nəticəyə gələcək ki, avtomobil alsın. Məsələn dünənə qədər sifariş verdiyi taksi, elə “Toyota Prius” artıq bazara çıxıb. 15 ilin maşınıdır, taksiyə də yaramır, sistem onu qəbul etmir. Vətəndaş da qiyməti ucuzlaşan belə avtomobilləri ya nağd, ya da kreditlə alıb sürəcək. Sözsüz ki, bu bizə lazım deyildi. Yəni hazırda dövlətin siyasəti ondan ibarət idi ki, taksi fəaliyyətində bir təkmilləşmə prosesi getsin. Bakı şəhərində təxminən 70 minə yaxın taksi çoxdur və burada islahata da ehtiyac var. Çünki taksi sürücüləri arasında bu xidmətə yararsız kifayət qədər insanlar var. Tələblərdən sonra onlar təlimlərə cəlb olundu, tibbi arayış və s məsələlərdən keçəndən sonra narkomanlar, dəlilər, psixlər və s. kimi avtomobili yararsız olanlar da kənarda qaldı. Amma bu gün paralel olaraq ictimai nəqliyyat inkişaf etmədiyinə görə insanlar hələ də taksidən asılı vəziyyətdədirlər. Son günlər bizə müraciət edənlər bildirir ki, artıq ekonom yox, biznes, VİP xidmət üzrə taksi sifariş verdikdə belə avtomobil tapa bilmir. Bu da təbii prosesdir. Şirkətlər qiyməti bu formada fantastik həddə çatdıra bilməzlər. Çünki bu, onlara da pis təsir göstərəcək. Bu barədə dövlət tərəfindən ciddi addımlar atılmalıdır. İlk növbədə avtobusların sayını artırmaq lazımdır. Təcili şəkildə yeni avtobuslar, müxtəlif istiqamətlərdə nəqliyyatın şaxələndirilməsi həyata keçirilməlidir. Bunlar hələ bu gün ideya kimi ortaya atılır, amma taksilərin qabağı dərhal kəsilir. Bu da dediyim kimi, sonda başqa nəticələr verəcək. Yəni ictimai nəqliyyatda sıxlıq görənlər, onlardan istifadə etmək istəməyəcək. Bu zaman vətəndaş taksi də tapa bilməyəcəksə məcbur olacaq ki, avtomobil alsın. Nəticə olaraq yenə yollarda taksi kimi sürülən maşınlar artıq şəxsi avtomobil kimi sürüləcək. Bir üstün cəhəti olacaq ki, taksi kimi 24  saat dayanmadan sürülməyəcək. Şəxsi avtomobil kimi müəyyən saatlarda, xüsusən də pik saatlarda yollarda olacaq”.

Ekspert vurğulayıb ki, yaranan və yaranacaq vəziyyətdən dərhal çıxış yolu tapılmalıdır: “Yəni bu belə davam edə bilməz. İctimai nəqliyyat inkişaf etmədən birdən-birə ictimai nəqliyyatın daha komfortlu bir növü olan taksini bu vəziyyətə salmaq, müəyyən çətinliklərə gətirib çıxara biləcək. Düşünürəm ki, aidiyyati qurumlar bunun çıxış yolunu düşünürlər və hansısa bir formada müəyyən addımlar atacaqlar. Ya bu qərarı bir müddətə ertələmək lazımdır, ya da nəqliyyatın paralel formada inkişafını təmin etmək lazımdır. Bu isə qısa müddətdə real görünmür. Çünki bura milyonlar yox, milyardlarla vəsait lazımdır ki, bu sistem tamamilə yenidən qurulsun. Nə yeni metro stansiyası açılıb, nə tramvay, nə də təzə avtobuslar gətirilib. Ümid taksiyə qalmışdı amma taksi də bu vəziyyətə düşəndə nəticə nə olacaq? Biz bunu yəqin ki, iyul ayından sonra daha qabarıq şəkildə görəcəyik. Amma indidən bu müraciətimin də əsas mahiyyəti, və səbəbi odur ki, indidən qabaqlayıcı tədbirlər görmək lazımdır”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh