Toyota-nın Çin və Avropa üçün istehsal etdiyi modellər arasındakı fərq və ya işə yaramayan yalançı zəmanət - VİDEO

Avtosfer TV 27 Dekabr 2023 13:37 Oxunub 9868
Toyota-nın Çin və Avropa üçün istehsal etdiyi modellər  arasındakı fərq və ya işə yaramayan yalançı zəmanət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qeyri-rəsmi şəbəkələr vasitəsilə Çin və ərəb ölkələrindən Azərbaycana gətirilən Toyota avtomobillərini əldə edənlər maraqlı suallarla çıxış edirlər və soruşurlar ki, bu maşınlar arasında nə kimi fərq var. Hətta həmin şəbəkələrin öz adlarından “zəmanət” təqdim etməsi də sual doğurur. Ancaq sonradan belə maşın sahibləri həmin “zəmanət”dən faydalana bilmir.


Bu və digər məsələlərlə bağlı araşdırma aparan nəqliyyat eksperti, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı “Toyota”nın Avropa və Çin üçün istehsal olunan “Corolla” modelləri arasında fərqi izah edib. O bildirib ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə Toyota-nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulub və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.


Azərbaycanda rəsmi Toyota diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə Toyota tərəfindən Avropa regionu üçün nəzərdə tutulub və xüsusilə də Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. Toyota ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir. “Ona görə də, Çindən və Ərəb ölkələrindən idxal olunan və bu yeni avtomobilləri qeyri-rəsmi şəbəkələrdən əldə edən şəxslər sonradan hər hansısa bir zəmanət məsələsi ilə üzləşdikdə çox təəssüf ki zəmanət çərçivəsində köməksiz qalırlar. Çünki bu avtomobillər Toyota tərəfindən başqa region üçün nəzərdə tutulub və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir.”


Qeyri-rəsmi şəbəkələrin təqdim etdiyi “zəmanət”ə münasibət bildirən ekspert qeyd edib ki, Azərbaycanda yalnız rəsmi Toyota mərkəzləri Toyota avtomobillərinə zəmanət təqdim etmə haqqına sahibdirlər. “İstehsalçı tərəfindən milyonlarla ehtiyat hissələri zəmanətlə əhatə olunur. Hətta zəmanətlə əhatə olunan ehtiyat hissələrin bəzən birinin dəyəri 30-35.000 ABŞ dollarına çatır. Ancaq qeyri-rəsmi şəbəkələr tamamilə öz risklərinə və öz adlarından bu “zəmanəti” alıcılara təqdim edirlər. İstehsalçının bu zəmanətlə heç bir ələqasi yoxdur. Bu riskləri hər zaman nəzərə almaq lazımdır. Çünki təqdim edilən zəmanət müddətində hər hansı bir detal sıradan çıxdığı zaman həmin qeyri-rəsmi şəbəkələr bu dərəcədə bahalı hissələri həqiqətən qarşılaya biləcəklərmi? Həmçinin bu şəbəkələr öz fəaliyyətinə dayandırdıqda bu halda müştərilər kimə müraciət edəcəklər? Göründüyü kimi bır sıra cavabsız suallar yaranır. Alıcılar çox diqqətli olmalıdırlar”.


O ki qaldı Toyota-nın iki fərqli region üçün istehsal olunan modelləri arasındakı fərqə, bunu təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


Qeyd edək ki, Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni Toyota avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 km-ə qədər təqdim olunur.


Toyota-nın Azərbaycanda rəsmi diler mərkəzləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi, Toyota Gəncə Mərkəzidir. Bu mərkəzlərdə Toyota tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək standartlara uyğun xidmət göstərir.

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh