Toyu yasa döndərən sürücülər: Onları bu hərəkətlərdən kim çəkindirməlidir? - VİDEO

Avtosfer TV 25 Sentyabr 2024 19:39 Oxunub 4724
Toyu yasa döndərən sürücülər: Onları bu hərəkətlərdən kim çəkindirməlidir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda toy karvanı ənənəsi qədimdir. Zaman keçdikcə gəlini köçürmək üçün faytonları maşınlar əvəz etdi və dövrün tələbinə uyğun olaraq ən yaxşı maşın seçilməyə başladı. Eyni zamanda toy kortecinə qoşulan avtomobillərin sayı da artdı. Əvvəllər gəlinlə bəyi iki-üç maşın müşayiət edirdisə, artıq maşınların sayı 10 və çox olmağa başladı. Karvanın təşkilində xüsusilə bahalı avtomobillərdən istifadəyə maraq yarandı.

Son bir neçə ayda toy karvanlarında baş verən qəzaların sayı durmadan artır. Bu xoş günün faciə ilə bitməsinə başlıca səbəb isə karvanı müşahidə edən maşınların sürət həddini aşması və yol hərəkəti qaydalarını pozmasıdır.

Təəssüf ki, bəzi toy karvanları mərasimdən çox bir-birini ötməyə çalışan avtomobillərin yarışına bənzəyir. Hətta sürət həddini aşan sürücülər maşınların nömrə nişanlarında xüsusi dəyişikliklər etməklə (bəzən qeydiyyat nişanı olmadan) törətdikləri xətanı gizlətməyə çalışırlar. Əslində isə məqsəd sadəcə toyun keçirildiyi məkana çatmaqdır.

Digər tərəfdən toy kortecində iştirak edən avtomobillər yolboyu səs siqnallarından lüzumsuz istifadə edərək narahatlığa səbəb olur. Yolun hərəkət zolaqlarını tutmaq, işıqforun qırmızı işığında dayanmadan hərəkət etmək, yolayırıcına daxil olarkən növbəsini gözləməmək də toy karvanında ən çox törədilən qayda pozuntuları arasındadır.

İllər öncə Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında necə hərəkət etməyi öyrədən animasiya hazırlamışdı. Animasiyada toy karvanlarında hərəkət qaydaları izah olunub və baş vurulan qayda pozuntularının hansı nəticələrə gətirib çıxara biləcəyi izah edilib. Belə ki, yollardakı sıxlığı və toy mərasimi yerinə qədər olan məsafəni nəzərə alaraq toy karvanında maşınların sayını 6-dan çox olmaması filmdə göstərilib. Həmçinin kortecdə olan avtomobillər mütəşəkkil şəkildə hərəkət edərkən yan-yana, dağınıq formada yox, yolun sağ hərəkət zolağı ilə bir cərgədə hərəkət etməsi bildirilib.

Müasir Psixologiya Mərkəzinin təsisçisi psixoloq Aidə Sübhan mövzuyla bağlı Avtosfer.az-a açıqlamasında bildirib ki, son vaxtlar toy karvanlarında baş vermiş qəzalarla bağlı tez-tez xəbərlər eşidirik: “Təəssüf ki, qeydə alınan yol-nəqliyyat hadisələrində ölüm faktı da olur. Qəzalara səbəb sürət həddinin və sürücülərdə, xüsusilə də gənclərdə görülən aktivliyin son dəcərə yüksək olmasından qaynaqlanır. Bəzi gənclər törətdikləri əməlin ağır nəticələnəcəyini bilməsələr də, bir qismi qəsdən özünü və digər hərəkət iştirakçılarını təhlükəyə atır. Bu da insanların yüksək əhval-ruhiyyəsinin anidən korlanmasına gətirib çıxarır. Təbii ki, baş verə biləcək təhlükəni dəf etmək üçün toydan və hazırlıqlardan öncə xüsusi tədbirlər görülməlidir”.

Sağlam Cəmiyyət Hərakatının eksperti sosioloq Lalə Mehralı Avtosfer.az-a bildirib ki, toy karvanında hətta bəy və gəlinin öldüyü qəzaları görmüşük: “Əlbəttə, bu, məsuliyyətsizlikdən, etinasızlıqdan qaynaqlanır. Karvanda hərəkət etmək istisna deyil, sürücü olan şəxslərə heç bir üstünlük qazandırmır. Toy kortecindəki maşınlar da ümumi istifadədə olan avtomobil yollarında hərəkət edir və bunu nəzərə alaraq sürücülər qəbul olunmuş qayda-qanunlara əməl etməlidirlər. Toy karvanındakı maşınların sayından asılı olmayaraq hər bir sürücü məsuliyyətini dərk edərək sükan arxasında oturmalıdır. Sürücülər xoşagəlməz musiqi və desibeli yüksək səs siqnallarından istifadə etməməlidirlər. Bir sözlə, toy karvanında hərəkət etmək digər sürücülərin dincliyini və təhlükəsizliyini pozmağa icazə vermir. Baş verə biləcək faciənin qarşısını almaq üçün kortecdə iştirak edəcək avtomobillərin sürücülərinə əvvəlcədən toy sahibi, yaxud ağsaqqallar tapşırıq verməli, məsuliyyətini dərk etmələri üçün xəbərdarlıq etməlidirlər”.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, toy karvanında hərəkət edən sürücüləri ekstra diqqətli olmağa və necə hərəkət etmələrinə dair tövsiyə verib: “Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə, bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.

Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm dəyər verdiyimiz insanların ən xoş günlərinin xöşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”.

Avtosfer.az saytının rəhbəri nəqliyyat eksperti Elməddin Muradlı da mövzuya münasibət bildirib: “Son zamanlar respublikanın üç bölgəsində toy karvanlarında ağır qəzalar baş verib və insan itkisiylə nəticələnib. Bir gün əvvəl 5 nəfərin ölümüylə nəticələnən toy karvanında baş vermiş qəza Biləsuvar rayonu ərazisində, ondan öncə Naxçıvanda və Şəkidə qeydə alınmışdı.

Çoxzolaqlı yollarda, xüsusilə şadlıq evlərinin çoxluq təşkil etdiyi ərazilər olan Heydər Əliyev və Babək prospektlərində toy karvanına məxsus avtomobillərin bütün zolaqları məşğul etdiyini yenə də görürük. Bununla kifayətlənməyən sürücülər “şou” göstərmək niyyəti ilə yolda təhlükəli manevrlər edirlər, qarşı yola çıxmaqla bir-birlərini ötürlər, əl əyləcindən istifadə edərək avtomobili yerində fırladırlar, yaxud nəqliyyat vasitəsini ikitəkər qaldırırlar. Təbii ki, bu halda qəza qaçılmaz ola bilər.

Tövsiyəmiz ondan ibarətdir ki, toy karvanında hərəkət edən sürücülər yol hərəkəti qaydalarına riayət edərək sakit, bir zolaqla hərəkət etsinlər. Çünki onların bu karvanda hərəkəti toy iştirakçılarını bir ünvana aparmaqdır. Karvanda qəzaya düşən, yaxud ölən şəxs toy sahibinin qohumu, yaxını olmasa belə, istənilən halda mərasim sahibinin mənəvi əzab çəkməsinə gətirib çıxarır. Məhz bu səbəbdən toy sahibi, yaşca böyük olan insanlar öncədən sürücülərə xəbərdarlıq etməlidirlər. Toy karvanında hərəkət edən gənc sürücülər düşünürlər ki, onlara bu halda müdaxilə oluna bilməz. Amma toy kortecində kobud qayda pozan sürücülər hadisə yerində, yaxud sosial şəbəkələrdə yayımlanan görüntülər vasitəsilə yol polisi əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunurlar”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh