Yeni açılan ticarət mərkəzi Bakıda nəqliyyatin hərəkətini iflic etdi – Xaos yaranıb - VİDEO

Avtosfer TV 3 İyun 2024 21:00 Oxunub 6898
Yeni açılan ticarət mərkəzi Bakıda nəqliyyatin hərəkətini iflic etdi – Xaos yaranıb   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gün əvvəl istifadəyə verilən “Crescent Mall”un qarşısında həm piyadalar, həm də sürücülər xaotik vəziyyət yaradır. Avtosfer.az xəbər verir ki, bu vəziyyət bir neçə gün ərzində sürücülərin ciddi narazılığına səbəb olub. Sürücülər bildirir ki, sözügedən ticarət mərkəzinin qarşısında tıxac yarandığı üçün xeyli vaxt itirməli olurlar. Nəticədə avtomobillərin hərəkəti ləngiməklə yanaşı, piyadalar yolda xaotik şəkildə hərəkət etməklə nəqliyyat vasitələrinin qarşısına çıxırlar. Bununla da hərəkət iflic olur.

Ticarət mərkəzinin parkinqinə girən və özlərini “ağıllı” hesab edən sürücülər ikinci zolaqdan sağa manevr edərək parklanma yerinə girməyə çalışırlar.

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə ərazidə müşahidələr aparan nəqliyyat eksperti, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı problemin həll yolunu çox qısa müddətdə aşkar edib.

Məlum olub ki, ərazidə eyni səviyyəli piyada keçidinə ehtiyac var. Eyni zamanda, həm Dəniz Vağzalının, həm də “Port Baku”nun qarşısında piyada keçidinin olduğunu göstərən hər hansı bir istiqamətverici, məlumatverici nişan da yoxdur. Ərazidəki müşahidələrimiz “Port Baku”nun qarşısındakı piyada keçidinin görünməz yerdə qaldığını göstərdi. Nəticədə piyadalar ərazidə keçid olmadığını zənn edərək yolun hərəkət hissəsinə çıxırlar. Bu da ciddi təhlükə yaradır.

Elməddin Muradlı hesab edir ki, ilk növbədə ərazidə müşahidə kamerası quraşdırılmalıdır: “Ticarət mərkəzinin parkinqinə girmək üçün ikinci zolaqda digər nəqliyyat vasitələrinin hərəkətinə mane olan sürücülər cərimələnməlidir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün ərazidə həm də eyni səviyyəli piyada keçidinə, yəni zebra tipli keçidə ehtiyac var. Belə olan halda işıqforla tənzimləmə də mümkündür. Ərazidə yaranan sıxlığın müsbət bir tərəfi də var. Belə ki, Yusif Səfərov küçəsində artıq hərəkət normallaşıb. Çünki burada, yəni Neftçilər prospektində sıxlıq yarandığına görə nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər və nəticədə Yusif Səfərov küçəsindəki sıxlıq aradan qalxmış vəziyyətdədir”.

Nəqliyyat eksperti bildirir ki, Azadlıq meydanının qarşısında 6-7 zolaqla hərəkət edən nəqliyyat vasitələri “Crescent Mall”ın qarşısında təxminən 5 zolaqla hərəkət etməli olurlar: “Daha sonra “Port Bakuya” çatdıqda bir zolağı adıçəkilən ticarət mərkəzinin qarşısında qanunsuz şəkildə park edib kofe içməyə gedən sürücülərin avtomobilləri zəbt edir. “Port Baku” tərəfdən əsas yola, yəni Neftçilər prospektinə çıxan sürücülər birbaşa prospekt boyunca hərəkət edən avtomobillərin yolunu kəsməli olur ki, bu da daha bir zolaqda hərəkəti məhdudlaşdırır. Nəticədə 6 zolaqlı yol iki zolaqlı dar boğaza çevrilir”. 

Elməddin Muradlı həm ticarət mərkəzinin rəhbərliyinə, həm də aidiyyatı qurumlara çağırış edərək ərazidə tezliklə ciddi tədbirlər görülməsini xahiş edib. O, qeyd edib ki, bu baş verməsə, Neftçilər prospektinin taleyi ümumiyyətlə müəmmalı olacaq: “Çünki Neftçilər prospektinin bu hissəsində yaranan problem birbaşa Bayraq Meydanına qədər təsir göstərir. Bu həftə sonu həmin effekt artıq konkret olaraq hiss olunub. Birinci problem “Dalğa plaza”da yaranır. Çünki orada parklanma yerlərinə girib-çıxan avtomobillər var. “Dalğa Plaza”dan sonra Əl Oyunları Sarayının qarşısında “Dəniz Mall”a girib-çıxan nəqliyyat vasitələri və piyadaların hərəkəti Neftçilər prospektinə təsirsiz ötüşmür. Ardınca Azneft dairəsini güc-bəla ilə keçən sürücülər bir qədər sonra “Park Bulvar”ın qarşısında növbəti sıxlıqla üzləşirlər. Çünki ticarət mərkəzinə gələn sürücülərin də əksəriyyəti bir zolaqla yox, iki zolaqda növbə gözləyirlər ki, parkinqə daxil olsunlar. Buranı da keçən sürücülər qarşıda “Crescent Mall”dakı tıxacda dayanmalı olurlar. Beləliklə, Neftçilər prospekti konkret olaraq iflic vəziyyətə düşmüş olur. Hansı ki, bu prospekt Bakının arterial nəqliyyat damarıdır, yəni bir neçə istiqamətdə əsas nəqliyyat axını məhz bu yolla hərəkət edir. Buranı bu vəziyyətə qoymaq isə ciddi poblemlər yaradacaq və artıq yaratmaqdadır”.

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh