Banner

“Yol hərəkəti haqqında” qanunun yenilənməsinə ehtiyac var” – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Avtosfer TV 16 İyul 2025 19:30 Oxunub 1712
“Yol hərəkəti haqqında” qanunun yenilənməsinə ehtiyac var” – EKSPERTDƏN AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daha əvvəl qeyd etdiyimiz kimi, bu gün Azərbaycanda yol-nəqliyyat hadisələrinin bir neçə növü var və bunlardan ən çox yayılanı piyada vurma və toqquşmalarla bağlı faktlardır. Əvvəlcə ölkmizdə baş verən yol-nəqliyyat hadisələri ilə bağlı statistika və onların həlli ilə bağlı təkliflər barədə məlumat vermək lazımdır.

2024-cü ilin ilk 3 ayı ərzində 325 qəza baş verib:

Hadisələrin 40,9%-i gündüz, 36,3%-i gecə, 22,8%-i isə toran vaxtı, 25,2%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib. Ötən ilin ilk 6 ayında baş verən qəzalar zamanı 333 nəfər ölüb.

2025-ci ilin ilk 3 ayı ərzində 267 qəza baş verib:

Hadisələrin 45,3%-i gündüz, 36,3%-i gecə, 18,4%-i isə toran vaxtı baş verib, 29,2%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Xüsusilə Bakıda sürücülər tərəfindən törədilən qəzaların əksəriyyəti toqquşma nəticəsində baş verir. Toqquşmaların 3 növü var:

Üzbəüz toqquşma - Qarşıdan gələn zolaqlarda sürət həddinin aşılması nəticəsində yaranır. Belə qəzalar ən yüksək ölüm və ağır xəsarət riski daşıyır.

Yandan toqquşma - Kəsişmə və dönmə manevrlərində yol nişanlarına əməl edilmədikdə baş verir. Piyada keçidlərində və dairəvi qovşaqlarda risk yüksək olur.

Arxadan çırpılma - Məsafə saxlamama, qəfil dayanma və yol şəraitinin nəzərə alınmaması səbəbindən. Xüsusilə tıxaclı şəhər yollarında yayğındır.

Növbəti ən çox baş verən qəzalarda isə piyadaların da payı var. Bu növ yol-nəqliyyat hadisələrinin də özünün 3 növü var:

Yerüstü və yeraltı keçidlər, «zebra» olmayan hissələrdən yolu keçmək - bu halda sürücülər onlara yol vermədiklərinə görə qaçmalı olur.

Sürücü və piyadanın diqqətsizliyi səbəbindən – maşının kor nöqtələrinə düşən piyadaların ölüm riski yüksəkdir.

Eskalator və piyada keçidlərində texniki qüsurlar - nasaz eskalatorlar piyadaları yolun avtomobillər üçün ayrılmış hissəsinə yönəldir. Risk qrupları - Uşaqlar, yaşlılar və aztəhsilli piyadalar daha çox təhlükə altındadır.

Bir də sürücülərin özlərinin səhvləri ucbatından baş verən qəzalar var ki, burada qismən təbii faktorlar da rol oynayır. Bu qəzalar isə sürət həddini aşma nəticəsində dərəyə, kanala, uçurumdan aşağıya düşmək və sürüşmələr nəticəsində baş verir. Bəzi hallarda isə sürücülər avtomobillərini qanunazidd şəkildə harda gəldi saxlayırlar.

Aşma qəzaları – sərt döngələri olan və sürüşkən yollarda yüksək sürət nəticəsində baş verir. Belə qəzaların qarşısının alınması üçün hava şəraitinə uyğun təkərlər, avtomobilin digər hissələrinin sazlığı nəzərə alınmalıdır.

Yol kənarında nasazlıq səbəbindən saxlama - texniki nasazlıq və ya diqqətsizlik səbəbindən (hansısa hərəkət iştirakçısını (piyada və digər canlılar) vurmamaq üçün yol kənarında dayanmalı olan avtomobillər. Yanğın və tıxac riski olduqca yüksəkdir. Yol kənarında dayanmaq üçün təhlükəsizlik tədbirlərinin görülməməsi ağır nəticələrə səbəb olur.

Daha az yayılan qəzalar isə sürücü səhlənkarlığı, infrastruktur və qanunazidd şəkildə avtomobil idarə etmə səbəbilə baş verir:

Sürət həddinin aşılması - Hər il qəza səbəblərinin ön sıralarında yer alır. Sürücülər yollardakı radar nöqtələrini əzbərləyib naviqasiya tətbiqləri vasitəsilə bir-birinə ötürürlər. Bununla da radar olmayan yerdə sürət limitini aşmağa meyil edirlər.

Spirtli içkilərin və psixotrop maddələrin təsiri altında avtomobil idarəetmə -  Hüquqmühafizə orqanlarının statistikalarına görə yol-nəqliyyat hadisələrinin təxminən 10–15%-i bu səbəbdən baş verir.

Mobil telefondan istifadə və diqqətsizlik - bununla bağlı qanunvericilikdə cərimə nəzərdə tutulsa da, sürücülər bu vərdişdən əl çəkə bilmir. Qəflətən manevr və gecikmiş reaksiya böyük qəzalara səbəb olur.

Yol nişanlarının çatışmazlığı və düzgün quraşdırılmaması - ağac, reklam lövhəsi, işıqfor, ya da tikinti materialları ilə örtülmüş nişanlar sürücüləri çaş-baş salır və nəticəsi ağır olur.

Düzgün çəkilməmiş xətlər - zolaqların silinməsi və keyfiyyətli təşkil edilməyən asfalt örtüyü bəzi ərazilərdə çətinlik yaradır. Yollar çökdüyü üçün sürücü avtomobili qaçırmağa məcbur qalır. Beləcə, avtomobili harasa çırpır və ən yaxşı halda xəsarətlə canını qurtarır.

Keçid və yolayrıcı problemləri –tələbat olan ərazilərdə quraşdırılmayan piyada keçidləri, tələbat olmayan ərazilərdə tikilən, lakin yararsız halda olan yerüstü və yeraltı keçidlərin işıqlandırılmaması yüksək sürətli ərazilərin qənimidir.

Nasaz və texniki baxışdan keçməyən avtomobil – yolda qəfil dayanma edilərkən, qəza dayanma nişanının olmaması digər nəqliyyat vasitələrinin gec reaksiyasına səbəb olur.

Sürücünün sağlamlığındakı problemlər – bəzi avtomobil idarəçilərinin sağlamlıqlarında yaşadıqları çətinlikləri gözardı edərək yola çıxmaları sonda ya onların, ya da digər hərəkət iştirakçılarının həyatını riskə atır.

Son dövrlərdə piyadaların iştirakı ilə yaranan qəzaların sayı artır. Bu hadisələr zamanı paytaxt sakinləri, eləcə də bölgələrdə yaşayan vətəndaşlar ən yaxşı halda xəsarət alır, ən pis halda isə ölürlər. Bəzən belə hadisələrlə bağlı xəbərlər yayılarkən ictimaiyyətdə kimin günahkar olması sualı yaranır. Mütəxəssislər hesab edir ki, belə məqamlarda günahkar axtarmaq yox, səbəbləri düşünmək lazımdır. Əgər piyada ona aid olmayan hissədən yolu keçibsə, bunu piyadaya məcbur edən səbəblər dəqiqləşdirilməlidir. Çünki piyadaya ən yaxın keçid yaşayış zonasından xeyli uzaqda, heç də əlverişli olmayan hissədə təşkil edilə bilər. Digər tərəfdən, qəza günün qaranlıq saatında baş veribsə, həmin keçidin işıqlandırılmaması da önəmli səbəblərdən biri ola bilər. Yerüstü, yaxud yeraltı keçidə yaxın hissədə baş verən piyada vurma hallarında isə həmin keçidlərin nə qədər yararlı vəziyyətdə olması diqqətdə saxlanılmalıdır.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında bildirib ki, son illər şəhər mühitində nəqliyyat infrastrukturu istiqamətində transformasiya baş verir. Velosiped və avtobus zolaqları çəkilsə də, bu dəyişikliklərdə piyadalar diqqətdən kənarda qalıb:

“Şəhər hər bir vətəndaş üçündür. Avtomobildən, avtobusdan və ya mikromobil vasitədən düşdükdən sonra hər birimiz piyadaya çevrilirik. Ən az qorunan iştirakçı piyadadırsa, bu halda onun təhlükəsizliyi təmin olunmalıdır. Təəssüflər olsun ki, mövcud infrastruktur buna cavab vermir. Azərbaycanda hələ 1998-ci ildə qəbul olunmuş “Yol hərəkəti haqqında” qanun hələ də qüvvədədir və artıq bu qanunun yenilənməsinə ehtiyac var.

"Qəzaların əsas səbəblərindən biri düzgün planlaşdırılmamış keçidlər, piyadalar üçün yetərli şəraitin yaradılmaması və yol hərəkəti mədəniyyətinin zəifliyidir. Yol hərəkəti ilə bağlı məsələlər yalnız texniki infrastrukturla deyil, eyni zamanda maarifləndirmə, təhlil və effektiv qərarlarla həllini tapmalıdır".

Ekspertin fikrincə, ölkəmizdə yol hərəkətinin təşkili ilə əlaqədar maarifləndirmə tədbirləri təkcə mətbuat vasitəsi ilə həyata keçirilməməlidir.

Yerli mütəxəssislər hesab edir ki, bu gün Azərbaycanda vətəndaşların ən çox diqqət etdiyi maarifləndrimə vasitələri sosial şəbəkələrdir. Bu baxımdan, istər onlayn televiziyaların, istərsə də blogerlərin öz "YouTube" kanallarında, "TikTok", "Instagram" və "Facebook" hesablarında paylaşdıqları yol hərəkəti qaydalarına riayət edilməsi, eləcə də yol infrastrukturundakı problemlərlə əlaqəli videolar daha gözəçarpan elementlər ola bilər. Bu istiqamətdə dövlət qurumları ilə ictimai nüfuza sahib şəxslərin koordinasiyalı əməkdaşlığı əhalinin daha çox məlumatlanmasına, qurumların isə qəza ocaqları ilə bağlı daha çevik mənbə əldə etməsinə səbəb olacaq.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Fidan Məmmədova

ŞƏRH YAZ
Ad

E-mail

Şərh