Yükdaşıma qaydasını pozanlara qarşı cəzalar sərtləşir - 200 manatdan 8 min manatadək CƏRİMƏ - VİDEO

Avtosfer TV 7 İyun 2024 19:03 Oxunub 3060
Yükdaşıma qaydasını pozanlara qarşı cəzalar sərtləşir - 200 manatdan 8 min manatadək CƏRİMƏ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Normadan çox yüklənən avtomobillərin kameralarla cərimələnməsinə görə icraatın aparılması qaydası dəyişir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) yeni redaksiyada verilir.

Layihə ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə pozuntunun nədən ibarət olması dəqiq müəyyən olunur.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı yeni layihədəki nüansları izah edib. O, bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 127.1-ci maddəsinə ediləcək dəyişikliklərdən sonra avtomobilin yükgötürmə qabiliyyətindən daha artıq yük vuran sürücülər məsuliyyət daşıyacaq. Burada sürücülərlə yanaşı, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti də nəzərdə tutulur. Maddəyə edilən dəyişikliklərdə sürücülük hüququndan məhrumetmə məsələsi qanundan çıxardırlıb ki, bu da humanistlik yanaşmasıdır. Amma cərimə sanksiyaları sərtləşdirilir: “Son vaxtlar yük avtomobili sürücüləri artıq yük vuran kimi tutulduqlarından şikayətlənirlər. Yük ağır olduqda nəqliyyat vasitələrinin qəza riski yüksək olur, sürücü yorulur, yuxulayır, avtomobilə artıq yük vurduqda maşın çətinliklə hərəkət edir və nəticədə sürücü də onu idarə edə bilmir. Ağır yük həm də yol təsərrüfatına ziyan vurur. Ona görə yol polisi artıq konkret qərar qəbul edib. Heç kəsə güzəşt yoxdur”.

Ekspert qanuna ediləcək dəyişiklikləri sürücülərin nəzərinə çatırıb. Yükün qabariti artıq olduqda, yəni hündürlüyü hətta 20 sm və daha artıq olduqda, habelə 15 sm sağa və ya sola çıxma, arxaya və yaxud da ön tərəfə 20 sm çıxma kimi halların hamısı məsuliyyət yaradır və buna görə 200 manat cərimə tətbiq edilir. Yəni yükün çəkisinə görə ayrıca 600 manat cərimə, nəqliyyat vasitəsinin qabaritindən kənara çıxılması halında isə 200 manat cərimə nəzərdə tutulur.

Nəzərə almaq lazımdır ki, burada həm də qeyd olunan xətaların xüsusi texniki vasitələr tərəfindən qeydə alınmasından söhbət gedir. Yəni kameralar, elektron tərəzilər bunları artıq qeydə alacaq.

Layihə ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə pozuntunun nədən ibarət olması dəqiq müəyyən olunur. Həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla da bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur. Artıq elektron tərəzilər bəzi yollarda var. Xüsusən cənub istiqamətində, Ələt-Astara yolunda, Bakı-Qazax yolunda, eləcə də Bakı-Quba-Rusiya sərhədi yolunda quraşdırılıb. Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə ediləcək.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Hazırkı qanunvericiliyə görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla 1 200 manat məbləğində cərimə olunur. Layihəyə əsasən, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1 200 manat məbləğində cərimələnəcək.

Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə olunacaq.

Hazırkı qanuna görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

Layihə ilə həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 500 manata məbləğində, hüquqi 7 000 manatadək məbləğdə cərimələnəcək. Burada hüquqi şəxslərə bir az güzəşt var. Cərimə məbləği 8 mindən 7 minə endirilib. Cərimə və sürücülük hüququnun məhdudlaşdırılması isə qanundan çıxarılır. Bu da ola bilsin, qanunun humanistliyindən irəli gəlir”.

Elməddin Muradlı bildirib ki, bu dəyişikliklər avtomobil yollarının qorunmasına xidmət edən bir layihədir: “Hər bir yükdaşıma şirkəti və ya sürücüsü başa düşməlidir ki, artıq yüklərin daşınması yol təsərrüfatına ziyan vurur. Təxminən iki ilə yaxındır ki, yükdaşıma ilə bağlı verilən qərarlardan sonra sürücülər özləri artıq razılıqla bildirirlər ki, normal yükdaşıma ilə məşğul olduqdan sonra özlərinə rahatlıq yaradıblar. Yəni avtomobil normada yüklənirsə, sürücü onu rahat şəkildə idarə edə bilir, yorulmur. Gəlin, hüquqi və fiziki, eləcə də vəzifəli şəxslər bu qanunun tələblərinə birlikdə əməl edək, yollarımızı və sürücülərimizi qoruyaq. Onların digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasının qarşısını alaq”.

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh