10 ildən sonra nə ilə hərəkət edəcəyik: dizel hibridləri, elektroskuterlər və avtopilotlar
Gələcəyə nəzər salmaq insanın əbədi arzusudur. Sən demə, bundan asan şey yoxdur, sadəcə olaraq yardım üçün mütəxəssislərə (baxıcılara, futuroloqlara və ya fantastlara yox, məhz mütəxəssislərə) müraciət etmək və sualiı dəqiq ifadə etmək lazımdır. Almanıyanın bosch şirkətinin rəhbərləri bizə 10 ildən sonra avtomobillərin necə olacağı barədə danışdiılar.
Bosch-un buraxdığı komplektləşdirici hissələr bütün iri avtomobil zavodlarına və avtomobillərin ehtiyat hissələri bazarına göndərilir. Bosch nümayəndələri bilirlər ki, əvvəllər məhz hansı detala və hansı həcmdə tələbat olub, hazırda tələbat necədir və gələcəkdə necə olacaq. Onlar avtomobil dünyasının bütün yeniliklərində birbaşa və ya dolayısı ilə iştirak edirlər. Üstəlik, müasir orta statistik avtomobil, onun əsas sistemləri məhz Bosch-da yaranıb – onlar alman mühəndisləri tərəfindən düşünülüb, layihələndirilib və hazırlanıb. Odur ki, onlardan daha səriştəli proqnozçu tapmaq mümkün deyil.
Bosch mütəxəssislərinin sözlərinə görə, on ildən sonra da avtomobil dünyasında elektromobillərin payı o qədər də çox olmayacaq. Əgər 2011-ci ildə söhbət elektromobillərin 2020-ci ilədək dünya avtoparkının 20%-ini təşkil edəcəyindən gedirdisə, indi bu proqnoz dəyişikliyə uğrayaraq 2025-ci ilədək 15% göstəricisinə enib. Səbəb aydındır: böhran dövrüdür, hanı qənaət etməyə çalışır, elektromobillər isə əvvəlkitək bahalı olaraq qalır.
Alış üçün cürbəcür güzəştlər, tələbatın stimullaşdırılması və istismar zamanı yanacağa qənaət ikinci dərəcəlidir. Hələlik elektromobil birmənalı olaraq bahalı nəqliyyat vasitəsidir. O hətta Almaniya, ABŞ və İsveçrədə də bahalıdır. Onun maksimal sürət həddinin az olduğunu da unutmayaq, bu isə onun istifadəsini ciddi surətdə məhdudlaşdırır. Alternativ enerji mənbələrindən qidalanan güc qurğularının quraşdırıldığı avtomaşınların gələcəyi isə daha da dumanlıdır: onlar bahalı, mürəkkəb və təhlükəlidir və s.
Belə görünür ki, Bosch nümayəndələri üçün bu faktları səsləndirmək elə də asan deyil: axı onlar hər il elektromobillərin hazırlanmasına 400 milyon avro yatırırlar, bu il isə litium-ion batareyalarının enerji tutumunun görünməmiş dərəcədə artırılması üzrə nou-hau ilə birlikdə Seeo Inc. Amerika "start-ap"ını alıblar. Amma bu texnologiyanı hərtərəfli işləyib hazırlamaq və konveyerdə tətbiq etmək gərəkdir, bu isə çoxlu qüvvə, vəsait və vaxt tələb edir.
Elektromobillərin istehsalına bəraət qazandırmaq üçün qeyd edək ki, dördtəkərli elektronəqliyyat vasitələrindən fərqli olaraq ikitəkərlilərin sayı ilk növbədə Asiyada sürətlə artmaqda davam edir – odur ki, mototexnika üçün kiçik həcmli benzin motorlarının mövcudluğu təhlükə altına düşür. Mütəxəssislərin proqnozlarına görə, 2025-ci il üçün dünyada 60 milyondan 70 milyonadək elektroskuter olacaq.
Biz Bosch zavodlarından birini ziyarət etdik, orada markanın tarixini əks etdirən sərgi təşkil olunmuşdu. ÇXR istehsalı olan və Bosch komplektləşdiriciləri ilə təchiz olunan elektroskuter müasir məhsullar bölməsinin əsas eksponatı idi. Daha sonra poliqonda markanın yeni məhsullarının "canlı" nümayişi zamanı mən bu cür elektroskuterdə hərəkət etdim. Sürətyığma dinamikasına görə onun motoru ən azı benzin mühərrikindən geri qalmır (məlumat üçün deyim ki, mənim çəkim təxminən iki nəfər orta statistik çinlinin çəkisinə bərabərdir). O, atmosferi çirkləndirmir ki, bu da tüstü dumanından əziyyət çəkən iri şəhərlər üçün böyük qazancdır. Və əlbəttə ki, bu mühərrik səs-küy salmır. Amma burada mənfi məqam da var: alimlər dünyada görmə qabiliyyəti zəif olan insanların sürətlə artacağını proqnozlaşdırırlar, səssiz nəqliyyat vasitələri isə onlar üçün xüsusilə təhlükəlidir, odur ki, elektroskuterləri səs çıxaran hər hansı generatorlarla təchiz etmək lazım gələcək.
Mətləbdən yayınmayaraq əsas mövzuya keçək. Avtomobillərin daxiliyanma mühərrikləri (DYM) təslim olmurlar və hətta yaxın onilliklər ərzində də təslim olmaq niyyətində deyillər. Üstəlik, alman mühəndisləri hesab edirlər ki, bu mühərriklərin inkişaf üçün hələ xeyli resursları var. Belə ki, sadəcə olaraq yanacaqçiləmə sistemində təzyiqi artırmaqla onların effektivliyini və qənaətcilliyini artıq indidən 10-15% artırmaq olar. Bu həm benzin, həm də dizel mühərriklərinə aiddir, özü də almanlar məhz dizel mühərriklərində daha çox potensial görürlər. Birincilərdə maksimal təzyiq 200 bardan 350 baradək, ikincilərdə isə 3000 baradək artır! Yalnız müəyyən fırlanma dövrələrindən sonra effektiv işləyən ənənəvi turbokompressorun köməyinə isə bu qüsurdan azad olan elektrik kompressoru çatır. Bu bizim üçün yenilik olmasa da və biz kombinə olunmuş turbokompressor sistemlərini artıq görmüş olsaq da, onları praktiki işdə sınaqdan keçirdik. Nəticə yaxşıdır, amma hələlik ideal deyil. Konstruktorlardan tələb olunan əsas məsələ belə sistemlərin kifayət qədər böyük resurslara malik olmasını, marketoloqlardan tələb olunan isə kombinə olunmuş kompressorla təchiz olunan mühərriklərin qiymətinin münasib olmasını təmin etməkdir.
Daxiliyanma mühərrikinin də kombinə olunmuş variantı, yəni onun elektromotorla kombinasiyası hazırlanır. Bəli, söhbət hibriddən gedir. Amma Bosch hibrid sistemini indikilərdən daha ucuz, daha kompakt və daha effektiv hazırlayır. Kompaktlılıq xüsusilə önəmlidir, belə ki, dünyada şəhər əhalisinin sayı artır. Hətta 10 ildən sonra da fərdi nəqliyyat vasitələri kimi qalacaq avtomobilləri onların sahibləri haradasa yerləşdirməlidirlər. Kompaktlığa mütənasib olaraq orta statistik minik avtomobilinin çəkisi də azalacaq – buna xəlitələrin, kompozit materialların, son dərəcə möhkəm polad növlərinin daha geniş istifadəsi sayəsində nail olunacaq...
Amma təəssüflənməyə və yüksək sürət üçün darıxmağa dəyməz. Sürət artdıqca ötürücü sistem avtomobilə 150 Nm əlavə edəcək ki, bunun da sayəsində hətta kiçik litrajlı avtomobillər də sportkarlar kimi zirəklik əldə edəcək. Bosch hibridinin enerji ilə qidalanması üçün indiki kimi 400 volt deyil, cəmi 48 volt tələb olunacaq. Müasir avtomobilin 12 voltluq elektrik mənbəyi sistemini 48 voltluq motor-generatorla uzlaşdırmaq üçün DC/DC gərginlik dəyişdiricisinin olması kifayətdir. Bu zaman rekuperasiya sistemini qidalandırmaq üçün avtomobildə təkcə adi akkumulyatora deyil, həm də litium-ion batareyasına yer tapmaq lazım gələcək. Almanların iddia etdiyinə görə, variantlar artıq mövcuddur və cəmi beş ildən sonra dünyada 4 milyon avtomobil 48 voltluq hibridlərlə təchiz olunacaq. Bosch-un proqnozuna görə, 2025-ci il üçün bu cür avtomobillərin sayı dəfələrlə artacaq. Amerikanın Goldman Sachs investisiya şirkətindən olan analitiklər hesab edirlər ki, on ildən sonra dünya avtoparkının dörddə bir hissəsi hibrid güc qurğusu ilə təchiz olunan avtomobillərdən ibarət olacaq. Hazırda hibrid avtomobillərin sayı 5% təşkil edir.
Yer kürəsinin əhalisi həm şəhərlərə köç etdiyinə, həm də yaşlandığına görə Bosch nümayəndələri yaşlı sürücülərin sayının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar, onlara isə daha komfortlu və asan idarə oluna bilən avtomobillər lazım olacaq. On ildən sonra avtomobillər yolların müəyyən hüdudlarla məhdudlaşan hissələrində (məsələn, qapalı şoselərdə) avtonom rejimdə (insanın iştirakı olmadan) hərəkət edə biləcəklər. Avtomobil sahiblərinin smartfondan və ya planşetdən göndərdikləri əmr əsasında avtomaşınlar müstəqil olaraq parklama yerini tuta və tərk edə biləcəklər. Bu imkanı istər avtomobillərin öz arasındakı, istərsə də onlarla ətraf mühit arasındakı kommunikasiyaların inkişafı təmin edəcək. Və əlbəttə ki, onlarla sahibləri arasındakı kommunikasiyalar da buraya daxildir.
Bosch-un son yeniliklərinə gəlincə, sürücünün diqqətinin yol hərəkətindən yayınmamasına imkan yaradan multimedia sisteminin sensorlu displeyini göstərmək olar. Onu 2016-cı il yanvarın əvvəlində Los-Ancelesdə CES şousunda nümayiş etdirəcəklər. Bu, ilk baxışdan xırda məsələ kimi görünə bilər, belə ki, bu sistem sadəcə virtual düymələrin basılmasını barmaqların hiss etməsinə imkan yaradır. Amma onu da yada salaq ki, 100 km/saat sürətlə hərəkət edən avtomobil saniyədə 28 metr məsafə qət edir! Avtomobilin idarə edilməsi sistemləri nə qədər sürətlə və uğurla inkişaf etsələr belə, "insan amilini" yaddan çıxarmaq olmaz...
Bosch ənənəvi olaraq təhlükəsizliyə böyük diqqət yetirir. Bosch təmsilçiləri avtonom idarəetmə sistemlərinin inkişafı ilə əlaqədar olaraq yol-nəqliyyat hadisələrinin sayının kəskin şəkildə azalmasından danışırlar. Hətta qəza statistikaları baxımından vəziyyətin nisbətən yaxşı olduğu Almaniyada da bu sahədə vəziyyəti 37% yaxşılaşdırmaq olar. Sirr deyil ki, qəzaların böyük əksəriyyəti – təxminən 90%-i insanların təqsiri ucbatından baş verir. Yol hərəkətinin daha çox təhlükəsiz olması üçün konstruktorlar avtomatik idarəetmə sistemindən əllə idarəetmə sisteminə ani keçid imkanının yaradılmasını və haker hücumlarından çoxpilləli müdafiə sisteminin qurulmasını nəzərdə tuturlar. Terrorizm təhlükəsinin mövcud olduğu müasir dövrdə bir məhəllədə və ya sürətin yüksək olduğu magistral yol sahəsində kiminsə və ya nəyinsə eyni vaxtda bütün avtomaşınların proqram təminatını "dağıdacağı təqdirdə" nələrin baş verəcəyini təsəvvür etmək lazım gəlir.
Təbii ki, avtomatik idarəetmə sistemli avtomobilləri bütün hüquqi sənədlərdə (təkcə milli deyil, həm də beynəlxalq sənədlərdə) "qeydə almaq" lazımdır. Bu artıq tədricən həyata keçirilir. Ən əsası isə, bu cür sistemə malik avtomobillər test rejimində milyonlarla kilometr məsafə qət etməlidirlər ki, onları kütləvi istismara buraxmazdan əvvəl bütün mümkün nüansları nəzərə almaq mümkün olsun. Artıq bu iş də aktiv surətdə həyata keçirilir.
Beləliklə, 2025-ci ildə yeni orta statistik minik avtomobili yüngül və kompakt, hibrid motorlu (çox güman ki, dizellə işləyən daxiliyanma mühərrikli ilə) və sürücünün istəyi ilə işə salınan avtomatik idarəetmə sistemli nəqliyyat vasitəsi olacaq. Avtomobilin markasını, rəngini və opsiyalarını onun gələcək sahibi öz zövqünə uyğun olaraq seçə biləcək. Beləliklə, sizcə gələcəyin avtomobili üçün indidən pul yığmağa dəyərmi?
Mənbə: Avtomobil.az