50-lik yola kağızla 90 yapışdırılmasına - DYP-dən açıqlama- VİDEO
Bakı-Gəncə magistralının kənarındakı yol nişanı görənlərin marağına səbəb olur. Maksımum sürət həddi 50 kilometr/saat olan bu nişanın üzərinə kağıza yazılmış 90 rəqəmi yapışdırılıb. Bu da sürücülərdə çaşqınlıq yaratmaqla bərabər, müəyyən suallar ortaya çıxarır. bu rəqəmi kim dəyişib və buna görə sürücülər cərimələnə bilərmi? Yol nişanının üzərində maksimum sürət həddi 90 kilometr/saat göstərilib. Diqqətlə baxdıqda isə bu rəqəmin kağıza yazılaraq yapışdırıldığı məlum olur. Sosial şəbəkələrdə yayılan bu görüntü sürücülərdən biri tərəfindən Bakı-Gəncə yolunda çəkilib.Kadrları çəkən sürücü yolboyu bir neçə nişanda bu hala rast gəlindiyini,kağızın altında isə əsl sürət həddinin 50 kilometr/saat olduğunu bildirib.Yol hərəkəti üzrə ekspert ərşad Hüseynov deyir ki,bu kağız böyük ehtimalla yoldan keçə hər hansı bir şəxs tərəfindən yapışdırılıb. Çünki,əsl yol nişanında müəyyən standartlar mövcuddur.
Ekspert bildirir ki, yol nişanlarına nəzarəti Yol Patrul Xidmətinin əməkdaşları həyata keçirir. Nöqsan aşkarlandıqda isə müvafiq qaydada aradan qaldırılmalıdır. Kağızı nişana yapışdıran şəxs isə inzibati məsuliyyətə cəlb edilə bilər. Bunun üçün isə fiziki şəxslər üçün 30 manatdan 50 manatdək cərimə nəzərdə tutulur.
Ərşad Hüseynovun sözlərinə görə, sürücülərə bu nişandakı yanlışlıq səbəbindən sürət həddini aşdığına dair hər hansı bir protokol gələrsə,müvafiq qaydada cəriməni ləğv etdirə bilərlər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev isə Avtosfer.az-a bildirib ki, həmin ərazidə təmir işləri ilə əlaqədar olaraq yolda hərəkət sürəti 50 km/saata endirilmişdi, Lakin bayram günləri ilə əlaqədar olduğu üçün təmirdən sonra yeni nişanlar qoyulmayıb. Əvəzində isə yolu təmir edənlər standarta uyğun olan, işıqqaytarıcı effektə malik plyonkalı rəqəmləri printerdən çıxaraq həmin nişanının üzərinə vurublar. Kamran Əliyev bildirib ki, artıq bu gün səhər həmin ərazidəki iki yol nişanı dəyişdirilib və yenisi ilə əvəz olunub. O ki qaldı həmin ərazidə 50-lik nişanının üzərinə 90 yazıb sürücülərin radara salınmasına, Kamran Əliyev bildirib ki, bundan söhbət gedə bilməz. Çünki müvəqqəti nişanlar quraşdırılarkən həmin ərazidəki radarların və DYP avtomobillərindəki İ-patrul sisteminin göstəriciləri yeni nişana uyğunlaşdırılır: "Yəni həmin ərazidə kiminsə radara düşməsindən söhbət gedə bilməz. Əgər belə hallar olarsa, Dövlət Yol Polisinin 902 qaynar xəttinə müraciət etsinlər. Lakin tam əminliklə deyirəm ki, orada nişanının dəyişdirilməsi ilə əlaqədar radara düşən ola bilməz".
Avtosfer.az mövzu ilə bağlı videomaterialı təqdim edir: