Reklam

Avtobus sürücülərinə və piyadalara XƏBƏRDARLIQ

Avtoxəbər 8 Fevral 2016 12:08 Oxunub 1620
Avtobus sürücülərinə və piyadalara XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərtib olunan inzibati protokolların sayı 2831 fakt azalıb"

Bu il yanvarın 1-dən 6-dək Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən sürücülər barəsində 59474 elektron protokol tərtib edilib. Yol polisi əməkdaşları tərəfindən isə yol hərəkəti qaydalarının pozulmasına dair 84 488 inzibati protokol tərtib olunub. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. O qeyd edib ki, ötən ilin müvafiq dövründə bu rəqəm 87319 təşkil edib: "Yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə tərtib olunan inzibati protokolların sayı 2831 fakt azalıb. Bu isə onu göstərir ki, paytaxtda sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsinə diqqət artıb, onların mədəni səviyyəsi yüksəlib. Eyni zamanda, belə müsbət göstəricinin əldə olunmasında ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə qanunvericilikdə cəzaların sərtləşməsinin də ciddi rolu olub".

Bölmə rəisinin sözlərinə görə, demək olar ki, əksər hallar üzrə azalma müşahidə edilib. Məsələn sərxoş, işıqforun qırmızı işığında keçən, yol ayrıclarını keçmə qaydalarını pozan, qarşı hərəkət zolağına çıxan, avtomobili nömrəsiz idarə edən, polisə tabe olmayan, qəza şəraiti yaradan sürücülərin sayı azalıb. Yalnız sürət həddini 10-20 km/saat civarında aşan sürücülərin sayı nisbətən artıb. Amma daha çox narahatlıq doğuran başqa məqamlardır: "Sərnişindaşıma sahəsində qaydaların pozulması ilə bağlı 242 fakt artıb və 434 avtobus sürücüsü məsuliyyətə cəlb edilib. Eyni zamanda avtomobilin müvafiq sənədləri olmadan idarə edilməsi halları da 133 fakt artaraq 565 olub. Bundan əlavə, yolu necə gəldi keçdiyinə görə məsuliyyətə cəlb edilən piyadaların sayı 11778-dən 12881-ə çatıb. Ona görə də bir daha belə sürücüləri və piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq. Axı bu qaydaların pozulması hər an sizin və yaxınlarınızın həyatı bahasına başa gələ bilər".

Qeyd edək ki, bu il yanvarın 1-dən fevralın 6-dək Bakı şəhərinin inzibati ərazisində 52 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nətəcədə 10 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh