Avtobuslardakı 10 tip insan
Avtosfer.az kulis.az-a istinadən şəhərkənarı avtobuslardakı 10 azərbaycanlı tipini təqdim edir:
1. Növbəni hələ dayanacaqda ikən pozanlar – bu adamlar avtobusa minəndə elə bil sərbəst güləşə başlayırlar. Qadın, uşaq, qoca deməyib hamını sağa-sola itələyirlər.
2. Qadınlara və yaşlılara yer verməmək üçün telefonda qurdalananlar - əsasən oyun oynayırlar. Facebookda və Vatsapda yazışanlara da rast gəlmək olur.
3. Özünü qulaqcığa qapdıranlar – hirsli sürücünün, narazı sərnişinlərin qışqırığını eşitməmək, ümumiyyətlə gərgin və ədəbsiz ab-havadan təcrid olunmaq üçün bu ən unikal yoldur.
4. Maşının ortasına keçmək istəməyənlər – qapının ağzında duranda sanki bunlara mükafat verəcək, yaxud ciblərinə pul basacaqlar. Sonuncu dayanacağa gedirlər, amma salonun içərilərinə addım atmağa canları çıxır.
5. Adamlardan diksinənlər – bu tiplər qadın da ola bilir, kişi də. Bilmədən toxunanda adamın üzünə elə baxırlar ki, mövcud olduğuna görə üzr istəmək istəyirsən. Ay qardaş, ay bacı, insanlardan bu qədər rəncidə olursunuzsa, ya həkimə gedin, ya da ictimai nəqliyyata minməyin.
6. Sürücüdə səhv axtaranlar – elə hey deyinirlər. O günü belə etdi, bayaq belə etdi, qapını gec bağladı, dayanacaqda saxlamadı və s. Bəzən hirslənib haranısa yumruqlayaraq qışqıranlar da olur. Hətta söyüş də istisna deyil.
7. Telefonla bərkdən danışanlar – nədənsə əmindirlər ki, onların danışığı hamıya xoş gəlir. Bir qayda olaraq cantaraq olurlar və xoşbəxt görünürlər. Qızıl dişlər də istisna deyil. Çox zaman telefonu 10 il əvvəlki dəblə toqqadan asırlar. İşdir-şayəd yanınızda mobil telefondan “Kurtlar vadisi” musiqisi eşidildisə, qulaqlarınızı tutmanız məsləhətdir. Bundan utanırsınızsa, mümkün qədər yerinizi dəyişin.
8. Minib-düşənlərə yol verməyənlər – bu kateqoriya qapının ağzında dayananlardandır həm də. Qapının ağzında durur, üstəlik yol verməyə can çəkirlər. Nadir hallarda aşağı düşüb yol verənlərə rast gəlmək olar. Çünki, düşəndə minə bilməmək ehtimalı da var.
9. Mərifətli tiplər – etiraf edək ki, bunlar da az deyil. Yaşlıya, qadına, uşağa yer verir, keçənə mane olmur, danışmır, telefon zənginə ya çox asta səslə, ya mesajla cavab verirlər. Bu adamların çoxu yoxsulluq üzündən şəhərdəki evini satıb kəndə köçənlərdir. Sifətlərində sakit mühacir narahatlığı var.
10. Bir küncə qısılıb qəzet və ya kitab oxuyanlar – bunlar adətən hazırlığa gedən gənclər, tələbələr və nadir yaşlı adamlar olur. Ümumiyyətlə, şəhərkənarı avtobuslarda oxuyan adam ağ qarğa kimidir. Adamlar da qəribə baxır, əcnəbi-filan hesab edirlər.