Reklam

Avtomobil idxalı 1 milyarddan 120 milyona düşüb

Avtoxəbər 27 Avqust 2016 09:09 Oxunub 1841
Avtomobil idxalı 1 milyarddan 120 milyona düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahibkarların gəliri 3 dəfə azalıb, vəziyyətin düzələcəyinə isə ümid azdır

Dövlət Kömrük Komitəsinin statistikasına görə bu ilin 7 ayında ölkəyə 120 327.62 min dollar dəyərində yerüstü nəqliyyat vasitələri (dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa), onların hissələri və ləvazimatları idxal olunub. Bu isə keçən ilin müvafiq dövrünün cəmi 27.02%-ni təşkil edir. Belə ki, 2015-i ilin iyul ayının 31-nə qədər ölkəyə gətirilən avtomobillərin dəyəri 445 354.76 min dollar təşkil edib. Arada 3.70 dəfə fərq var. 2014-cü ilin 7 ayında isə idxal olunan avtomobillərin dəyəri 406 287,04 min dollar idi. 

Xatırladaq ki, Azərbaycan 2014-cü ilin aprelin 1-dən Avro-4 ekoloji standartına keçib. 2012-ci ildə 1 000 360.37 min dollar, 2013-cü ildə 905 879.91 min dollar dəyərində avtomobil idxal olunub. 2014-cü il üzrə bu göstərici 713 334.98 min dollar təşkil edib. 2015-ci ildə ölkəyə gətirilən avtomobillər də 585 355.32 min dollar dəyərində olub. 2014-2015-ci illər arasında il ərzində 17.94%-lik bir fərq yaranmışdı. Göründüyü kimi, kəskin fərq artıq son iki ildə özünü daha qabarıq göstərir. 2012-ci ilin 7 ayında idxal olunan avtomobillərin dəyəri 580 203,15 min dollar təşkil etmişdi ki, bu da cari ilin müvafiq dövründəkindən 5 dəfəyə yaxın çoxdur. Təbii olaraq bundan çıxış etsək, ölkədə idxal rüsumlarının da, sahibkarların qazancının da bu qədər azaldığı qənaəti yaranır. 

Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, bu ilin birinci rübündə Azərbaycana 1362 avtomobil idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 673 ədəd azalıb. Bu, 7.37 dəfə azalma deməkdir. 2013-cü ilin birinci rübündə 21 379, 2014-cü ildə 22 511, 2015-ci ildə isə 10 035 ədəd avtomobil idxal olunmuşdu. Bu ilin ilk rübündə ölkəyə gətirilənlərdən 19 -u mikroavtobus, 1 235 ədədi isə minik avtomobilləridir. Qalanları yük maşınları və xüsusi təyinatlı avtomobillər olub. Cari ilin yanvar-iyul ayları ərzində ölkəyə 2 879 ədəd avtomobil idxal olunub. Komitənin yaydığı başqa bir məlumata bu ilin iki rübünə olan vəziyyət təhlil olunaraq ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayının 16 597 ədəd və ya 6,76 dəfə azaldığı deyilir. Gətirilən avtomobillərin 44-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 475 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 300-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 60-ı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. 

Turbo.az avtomobil saytının korporativ və fərdi müştərilərlə iş üzrə mütəxəssisi Eldar Nəbiyev bizimyol.info portalına bildirdi ki, idxalın azalması avtomobillərin qiymətinə və sahibkarların gəlirlərinə də təsir edib: “Ölkəyə daha çox yeni avtomobillər idxal olunur. Bilirsiniz ki, Avro-4 standartının tətbiqi ilə köhnə avtomobillərin idxalına məhdudiyyətlər var. Hazırda ikinci əl avtomobillərin idxalı demək olar ki, yox dərəcəsindədir. O səbəbdən də idxalda üstünlük yeni avtomobillərdədir. Yeni avtomobillər dollarla alındığına görə hazırda qiymətləri yüksəkdir. Bu isə ikinci əl avtomobillərin də qiymətinin avtomatik bahalanmasına səbəb olur. İkinci əl avtomobillərə tələbat sözsüz ki, çoxdur. Amma yeni avtomobillər də satılır. Birinci devalvasiyadan sonra bir müddət durğunluq oldu, bazar şok vəziyyətinə düşdü. İnsanlar qərar verməkdə çətinlik çəkirdilər - bilmirdilər avtomobil alsınlar, yoxsa satsınlar, odur ki, bir müddət gözləmə mövqeyi tutdular. Amma indi belə deyil, problem əsas idxalın azalmasından qaynaqlanır. Dollar da iki dəfə bahalanıb, təbii ki, bu da bazara mənfi təsirini göstərir. Hazırda sahibkarların gəliri hələ bir il əvvəllə müqayisədə ən az 3 dəfə azalıb. Keçən il vəziyyət bundan yaxşı idi. Onda da vəziyyətin yaxşı olmadığını deyirdik, çünki bunu əvvəlki illə müqayisə edərək söyləyirdik. Amma bu il görürük ki, vəziyyət keçənilkindən də pisdir. Yəni, bazarda ilbəil geriləmə müşahidə olunur. Idxalın azalması ilə təklif, manatın dəyərinin ucuzlaşması ilə də tələb azalıb. Bir tərəfdən də avtomobil kreditləri dayandırıldı, bu da satışa təsirsiz qalmadı. Göründüyü kimi avtomobil bazarı bir neçə istiqamətdə təsirlərə məruz qaldığından durum çətinləşib”. 

Ekspertin sözlərinə görə, yay aylarında alıcı da, satıcı da tapmaq çətindir. E.Nəbiyev: “Amma keçən illə müqayisədə satış nisbətən stabilləşib. May ayından başlayaraq vəziyyət bir balaca düzəlmişdi. Son iki ayda mövsümlə əlaqədar bazarda durğunluqdur. Təzə-təzə qiyməti çox da qaldırmasalar da artıq avtomobillərin qiymətini dollara bağlayırlar. Təklif azaldıqca, qiymət də yüksəlir. Çünki, bu maşın gəlmirsə, artıq idxalın davamı yoxdursa, ikinci əl maşının təklifi azalır, qiyməti də mütləq qalxmalıdır. Əvvəllər təklif çox idi, ona görə həm çeşidə, həm də qiymətə görə seçim çox idi. Ikinci əl avtomobillər daha da azaldıqca onların da qiymətləri bahalaşmaqda davam edəcək. Hazırda alıcı qüvvəsi azdır. Müəyyən qədər təklif var, amma tələb ondan aşağıdır. Əvvəllər bazarda alıcı ilə satıcı qiymətdə anlaşa bilirdilər, hazırda bazarda qiymətlər od tutub yanır. İkinci əl avtomobillər gətirilmədiyinə görə, bazarın siyasəti də dəyişib. Alış və satış üçün ən optimal qiymətlər elə saytımızdadır. Vasitəçiyə ehtiyac yoxdur, əlaqə birbaşa satıcı ilə alıcı arasında yaranır ki, bu da əlavə spekulyasiyaya səbəb olmur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh