Avtomobil sığortasında kəskin azalma – STATİSTİKA
Azərbaycan avtomobil sığortası bazarında böhranın ilkin təsirləri artıq hiss edilməkdədir. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, bu ilin 7 ayının göstəricilərinə görə, ölkədə avtomobil sığortası bazarı 0,4% kiçilib.
Belə ki, sığorta şirkətləri yanvar-iyul aylarında avtomobillərin icbari sığortası, kasko və könüllü məsuliyyət sığortası üzrə 64 milyon 412 min manat sığorta haqqı toplaya biliblər. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 64 milyon 680 min manat olub.
Avtomobillər sığortasında yığımlarla yanaşı, ödənişlər də azalıb və burada azalma daha çoxdur - 10,6%. Yanvar-iyul aylarının nəticələrinə əsasən, sığorta şirkətləri 29 milyon 930 min manat sığorta ödənişi həyata keçirib. Ötən il isə bu rəqəm 33 milyon 387 min manat olub.
Kaskoda azalma başladı – 5,470 milyon manat fərq
Statistika göstərir ki, ilk 7 ayda kasko sığorta üzrə yığımlar kəskin azalıb. Belə ki, ötən ilin 7 ayında sığorta şirkətləri 18 milyon 415 min manat sığorta haqqı toplamışdı. Bu il isə şirkətlər könüllü avtomobil sığortasından cəmi 12 milyon 945 min manat sığorta haqqı toplaya biliblər. Bu isə 29,7% azalma deməkdir. Kasko üzrə ödənişlər isə 14 milyon 585 min manatdan 8 milyon 610 min manata düşüb – yəni 40,97% azalma.
İcbari avtomobil sığortası cərimələrə görə böyüyüb
Kasko sığortasındakı azalmanı avtomobillərin icbari sığortası kompensasiya edib. Statistikaya əsasən, 2016-cı ilin yanvar-iyul aylarında icbari avtombil sığortası üzrə yığımların həcmi 50,433 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 943 min manat və ya 10,87% çoxdur. Avtomobillərin icbari sığortası üzrə ödənişlər 13,15% artaraq 21 milyon 134 min manat olub.
Avtomobil ekspertləri bildirirlər ki, iqtisadi durğunluq, avtomobil kreditlərinin dayandırılması avtomobillərin könüllü sığortasına mənfi təsir etsə də, avtomobillərin icbari sığortası ilə bağlı təsir mexanizmini gücləndirilməsi artıma səbəb olub.
Belə ki, mart ayının 1-dən etibarən icbari sığorta olmayan avtomobil aşkarlanarsa, sürücülər 50 manat cərimə ödəməli olur. Bu da avtomobillərin icbari qaydada sığortalayanların artmasına təsir edib.
Avtomobillərin könüllü məsuliyyət sığortasında 33,3% artım
Avtomobillərin icbari sığortası ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da artıb. Sığorta şirkətləri bu növ üzrə ötən ilin 7 ayında 775 min manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 33,3% artımla 1 milyon 33 min manat təşkil edib. Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər əksinə olaraq 30,5% azalaraq 86 milyon 206 min manat olub.