Avtomobillərə aid daha bir qayda dəyişdi - DİN-də
Daxili İşlər Nazirliyinin Kollegiyası (DİN) “Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib. Bu inzibati reqlamentə əsasən nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət Daxili İşlər Nazirliyinin saytında (http://mia.gov.az/?/az/content/29788/) təqdim edilir. İstifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) internet ünvanından yüklənərək doldurulur. Ərizə reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin (reklam sifarişçisi reklam yayıcısı kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur) və nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yararlı olması barədə DYP-nin müayinə aktının skan edilmiş surətləri, nəqliyyat vasitəsinin yan hissələrində və ya salonunda yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi və reklam yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı, habelə onların qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi ilə birlikdə həmin elektron ünvana təqdim edilir. İndiyə qədər istifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda və ya imtina üçün əsaslar olmadıqda nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi barədə qərar qəbul edilib və razılıq vərəqinin alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilib. Dəyişikliyə əsasən isə bundan sonra razılıq vərəqinin deyil, forması Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndəriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti 2016-cı il 18 fevral tarixli qərarı ilə “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nı təsdiq edib. Normalara əsasən nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”na əsasən isə DİN BDYPİ Azərbaycanda nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq verəcək orqan olaraq müəyyən edilib. DİN BDYPİ tərəfindən veriləcək texniki şərtlər pasportunda nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, qeydiyyat nişanı, markası, modeli, qeydiyyat şəhadətnaməsinin seriyası, nömrəsi, şəhadətnamənin verilmə tarixi, şəhadətnaməni verən orqanın adı, nəqliyyat vasitəsinin sahibinin (sərəncam, istifadə və ya digər əşya hüququ olan şəxsin) adı, nəqliyyat vasitəsinin sahibi (sərəncam, istifadə və ya digər əşya hüququ olan şəxs) ilə reklam yayıcısı (reklam agenti) arasında bağlanmış müqavilənin nömrəsi, müqavilənin bağlandığı tarix, reklamverici və reklamyayıcının adları, reklamın məzmunu, reklam səthinin sahəsi əksini tapmalıdır. Texniki şərtlər pasportunda sənədin hansı müddətə qədər etibarlı olduğu da əksini tapacaq.
Emin