Avtomobillərin təkrar emalı - Gələcəyin yaşıl həlli

Avtoxəbər 17 Noyabr 2024 22:28 Oxunub 142
Avtomobillərin təkrar emalı - Gələcəyin yaşıl həlli
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı qəbul edilmişdir.

Bu Sərəncamın 7.3.7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulmuş və bu tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir.
Nəzərə alsaq ki, bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edir, avtomobillərin təkrar emalına dair qəbul edilmiş qərar xüsusi əhəmiyyət kəsb edir.

Sərəncamın əsas məqsədi yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaqdan ibarətdir. 

Utilizasiya dedikdə - (latınca utilis - faydalı) - bilavasitə istifadə olunmayan ehtiyatların, ikinci dərəcəli ehtiyatların, istehsal və istehlak tullantılarının istifadəsi, təkrar emalı başa düşülür. Məsələn, tullantıların utilizasiyası onların təhlükəsiz şəkildə təkrar istifadəsinə imkan verən təkrar emal prosesidir. Eyni şey avtomobillərin təkrar emalına da aiddir.

1984-cü il buraxılışı Sovet Ensiklopediya lüğətində utilizasiya sözü faydalı istifadə anlamına gəlir. Məs., tullantıların faydalı istifadəsi.

A.B.Barixinin 2010-cu il buraxılışı, müəllifi olduğu “Böyük hüquqi ensiklopediya”sında utilizasiya dedikdə - keyfiyyətsiz və təhlükəli məhsulların, materialların və məmulatların nəzərdə tutulduğu və adətən istifadə olunduğu məqsədlərdən başqa məqsədlər üçün istifadəsi başa düşülür. (“Böyük hüquqi ensiklopediya”, səh. 884).

Avtomobillərin utilizasiyası məsələsinə gəldikdə, avtomobilin təkrar emalı avtomobilin və ya sonrakı istifadə üçün yararsız olan hər hansı digər nəqliyyat vasitəsinin, məhv edilməsi, sökülməsi və ya təkrar emal edilməsidir.

Digər tərif də utilizasiyanı köhnə avtomobilin təhlükəsiz təkrar emalı və onun sahibindən qanuni şəkildə “ayrılması” kimi xarakterizə edir.

Bir sıra ölkələrin qanunvericiliyinə müraciət etdikdə müəyyən olunur ki, hətta bu ölkələrin qanunvericiliyi utilizasiya terminindən istifadə etmir və ya sadəcə olaraq az istifadə edir. Onlar bu prosesi “autorecycling” adlandırırlar, tərcümədə isə bu termin avtomatik təkrar emal anlamına gəlir. 

Utilizasiya termini də ilk dəfə 1998-ci il 30 iyun tarixdə 514-1Q nömrəli “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun Əsas anlayışlar adlanan 1-ci maddəsində əksini tapmışdır. Bu maddəyə görə tullantıların utilizasiyası dedikdə, tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması başa düşülür.

Görünür ki, qanun layihə şəklində olarkən onun müəllifləri fərqinə varmadan bu termindən istifadə etmişlər. Bundan sonra qəbul olunmuş normativ-hüquqi aktlarda da bu termin əsas götürülmüşdür.

Bu termindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.1.1, 22.0.40.5 və 22.0.41.5-ci maddələrində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununda, eyni zamanda  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixdə “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” 61 nömrəli qərarında da bu termindən istifadə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyun tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Tütün məmulatları tullantılarının utilizasiyası qaydası”nda tütün məmulatları tullantılarının utilizasiyası dedikdə, tütün məmulatları tullantılarından lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması başa düşülür.

“Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununa 2023-cü il 24 iyun tarixdə 923-VIQD nömrəli qanunla “nəqliyyat vasitələrinin utilizasiyası” məzmununda yeni II-I fəsil əlavə edilmişdir. Qanunun 14-7-ci maddəsi nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi məsələlərinə həsr edilmişdir. Maddənin ikinci hissəsində qeyd edilmişdir ki, nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Təəssüflə qeyd etmək istərdik ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin mövcud olmayan IX-I və IX-II hissələrinə istinad edilmişdir.

Qanunun 14-7-ci maddəsində nəqliyyat vasitələrini utilizasiyaya verən və onu qəbul edən subyektlərin dairəsi müəyyən edilmişdir. Bir sıra ölkələrdən fərqli olaraq bu maddənin özündən də görünür ki, nəqliyyat vasitələri utilizasiyaya könüllü verilir. İstismar müddətini keçmiş, istismara tam yararsız nəqliyyat vasitələri ilə bağlı məsələ maddədə tam açıqlanmır.

S. Ojeqovun izahlı lüğətində util – qırıntılar, tullantılar, istifadəyə yararsız, lakin ikinci dərəcəli xammal kimi emal üçün yararlı olan əşyalar başa düşülür. Fikrimizcə, Azərbaycan dilində də utilizasiya sözünün kökünü “util” sözü təşkil edir, Azərbaycan dilində ümumiyyətlə “util” sözü mövcud deyil.

Yuxarıda qeyd olunanların yekunu olaraq o nəticəyə gəlirik ki, nəqliyyat vasitələrinin utilizasiyası dedikdə, nəqliyyat vasitələrinin təkrar emalı nəzərdə tutulur. Daha geniş kontekstdə, nəqliyyat vasitələrinin utilizasiyası avtomobilin təkrar emalı avtomobilin və ya sonrakı istifadə üçün yararsız olan hər hansı digər nəqliyyat vasitəsinin, məhv edilməsi, sökülməsi və ya təkrar emal edilməsi başa düşülür.

Etiraz oluna bilər ki, “referendum, tender, demokratiya” da latın mənşəli sözlərdi və qanunlarda bu sözlərdən istifadə olunur, niyə də milli qanunvericilikdə “utilizasiya” terminindən istifadə edilməsin. 

Qeyd etmək istərdik ki, təkcə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununda 35 yerdə təkrar emal terminindən istifadə olunur.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 56.0.3-cü maddəsinə görə normativ hüquqi aktın mətnində Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda, başqa dillərdən alınma sözlərin istifadə edilməsinə yol verilmir.

Fikrimizcə, qanunverici orqan bütün normativ hüquqi altlarda “utilizasiya” terminini “təkrar emal” termini ilə əvəz etmiş olsa idi, belə bir qərar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 56.0.3-cü maddəsinin tələblərinə tam cavab vermiş olardı. 

Termin məsələsinə bir daha qayıtmaq istəməzdik. Hansı termindən istifadə etmək məsələsi artıq qanunvericiliyin problemidir və qanunvericilik fəaliyyəti ilə məşğul olan orqanın səlahiyyətinə aid olan məsələdir.
Maraqlıdır, MDB məkanına daxil olan ölkələrin qanunvericiliyi bu məsələyə hansı prizamadan yanaşır?

Qazaxıstan Respublikası Nazirlər Kabinetinin “Avtomobillərin təhlükəsizliyinə dair tələblər” haqqında Texniki Reqlamentinə əsasən utilizasiya nəqliyyat vasitələrinin ayrı-ayrı hissələrinin təkrar istifadəsini, hazırlandığı materialların təkrar emal və istehsala geri qaytarılmasını, həmçinin nəqliyyat vasitəsinin bəzi hissələrinin yandırılmasından enerji alınmasını ehtiva edən tədbirlər məcmusudur.

“İstehsal və istehlak tullantıları haqqında” Qırğızıstan Respublikasının Qanununda utilizasiya haqqı termininin anlayışı verilmişdir, lakin utilizasiyanın anlayışına aydınlıq gətirilməmişdir. 2015-ci il 2 aprel tarixdə qüvvədən düşmüş “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizliyi haqqında” Qırğızıstan Respublikası Qanununda utilizasiya - başqa məqsədlə istifadəni, emalı, məhv etməyi, basdırmağı və ya yerüstü nəqliyyat vasitəsinin təyinatı üzrə istifadəsini istisna edən hər hansı digər məqsədlə təhlükəsiz istifadə vəziyyətinə gətirməyi nəzərdə tutur.

Qırğızıstanın “Ələmud kənd ərazisində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinin təşkili”nə aid yerli əhəmiyyətli məsələnin icrası qaydası haqqında 11 saylı əlavənin 4-cü bəndində utilizasiyanın anlayışı verilmişdir.  

Bu sənədə əsasən tullantıların utilizasiyası texnoloji dövrün mərhələlərində əldə edilən vəsaitin istifadəsi və/və ya atılmış məhsulların təkrar istifadəsini və ya təkrar emalını təmin etməklə bağlı fəaliyyətdir. 

“Nəqliyyat vasitələrinin utilizasiyası haqqında” Ukraynanın Qanununa müvafiq olaraq nəqliyyat vasitələrinin təkrar emalı - tullantı qanunvericiliyinin tələblərinə uyğun olaraq nəqliyyat vasitələrinin qəbulu, saxlanılması, daşınması sökülməsi və sonrakı utilizasiyası məqsədilə çeşidlənməsi üzrə işlərin məcmusudur. Daha yığcam desək, Qanun utilizasiyanı tullantıların ikinci dərəcəli material və ya enerji resursları, istifadəsi kimi müəyyən edir.

“Nəqliyyat vasitələrinin utilizasiyası haqqında” Özbəkistan Respublikasının,  habelə Türkmənistanın xüsusi Qanunlarının mövcud olmamasına baxmayaraq hər iki  ölkənin “Tullantılar haqqında” Qanunlarında tullantıların təkrar emalı dedikdə, tullantılardan qiymətli komponentlərin çıxarılması və ya tullantıların ikinci dərəcəli xammal, yanacaq, gübrə və digər məqsədlər üçün istifadəsi başa düşülür.

Avtomobil davamlı bir əşya olsa da, məhdud bir xidmət müddətinə malikdir. Ona görə də istismar müddəti başa çatdıqdan sonra onun zərərsizləşdirilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İstismar müddətini başa vurmuş avtomobillər tullantı sayılır və onların çoxluğuna, əhəmiyyətli çəkisinə və tərkibində zəhərli maddələrin olmasına görə ətraf mühit üçün əhəmiyyətli təhlükə yaradır.

Dünyanın aparıcı ölkələrinin təcrübəsinin göstərdiyi kimi, hər il avtomobil parkının 6-10 faizi istismardan çıxır. Məsələn, Avropada bu rəqəm 12 milyona yaxındır.

Avtomobilin təkrar emalı eyni vaxtda bir neçə məqsədə çatmağı hədəfləyir. Birincisi, bu, yol hərəkətinin təhlükəsizliyini artırır, çünki istismar müddəti bitdiyindən köhnə avtomobilləri idarə etmək həddindən artıq çox təhlükəlidir. İkincisi, daxili avtomobil bazarını stimullaşdırmaq və yerli istehsalçıları dəstəkləməkdir. Üçüncüsü, köhnə avtomobillər yeni avtomobillərdən fərqli olaraq havaya daha çox ziyan vurur.

(modern.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh