Reklam

Avtoservislər və maşın ustaları hazırlaşsın; Nəqliyyat Nazirliyi gəlir

Avtoxəbər 6 İyun 2015 12:29 Oxunub 4886
Avtoservislər və maşın ustaları hazırlaşsın; Nəqliyyat Nazirliyi gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtosfervislər pasport almalı, ustalar isə texniki peşə məktəbini bitirməlidir

Milli Məclisin son iclasında "Avtomobil nəqliyyatı haqqında" Qanununda maraqlı dəyişikliklər edildi. Onların ən maraqlısı avtomobillərə texniki xidmət göstərən obyektlərin fəaliyyəti ilə bağlıdır. Qanuna edilən dəyişiklik bu istiqamətdə iki mühüm yeniliyi nəzərdə tutur:

1. Avtomobillərə texniki xidmət yalnız xüsusi texniki ixtisasa malik olan şəxslər tərəfindən göstərilməlidir. Bu, o deməkdir ki, həmin sahədə çalışan işçilər (ustalar) ən azından müvafiq ixtisas üzrə peşə məktəbini (liseyini) bitirmiş olmalıdırlar. Xüsusi texniki ixtisas tələb olunmayan peşələr (məsələn, avtomobili yuyan) də olacaq, lakin onların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək və bu siyahıda olanlar təsdiq olunmuş proqram üzrə hazırlıq (xüsusi kurs) keçməli olacaqlar. Xüsusi texniki ixtisasa malik olmayan, yaxud müvafiq proqram üzrə hazırlıq keçməyən şəxslərin avtomobillərə texniki xidmət göstərməsinə yol verilməyəcək.

2. Texniki-təmir stansiyasına (sahəsinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun kateqoriyasını müəyyən edən pasport veriləcək. Pasport texniki-təmir stansiyasının (sahəsinin) fəaliyyət göstərməsi üçün rəsmi sənəd olacaq. Bu sənədi olmayanların fəaliyyəti qadağan olunacaq. 

Düzdür, hələlik texniki təmir sahələrinin pasportlaşdırılmasının qaydası, yaxud həmin sahələrdə çalışacaq işçilərin ixtisaslaşması ilə bağlı tələblər müəyyən edilməyib. Lakin bu məslələrin həlli yaxın gələcəyin işidir. Ona görə də bu fəaliyyətlə istər hüquqi şəxs kimi, istərsə də fərdi sahibar kimi məşğul olan şəxslərin bu prosesə indidən hazırlaşması məsləhətdir. Qanuna edilən əlavədə müvafiq icra hakimiyyətinin hansı orqanı ehtiva etməsi hələlik məlum olmasa da, böyük ehtimalla texniki təmir sahələrinin pasportlaşması qaydasını Nazirlər Kabineti müəyyən edəcək. Pasportlaşmanın özünü isə Nəqliyyat Nazirliyi həyata keçirəcək. Pasportlaşmanın tam mahiyyəti yalnız Nazirlər Kabinetinin müəyyən edəcəyi qaydalarda nəzərdə tutulacaq, amma bəri başdan güman etmək olar ki, bu, elə də asan iş olmayacaq. Çünki həm texniki təmir sahəsinin yerləşməsi tikinti və şəhərsalma qaydalarına uyğun olamalıdır, həm orada çalışan işçilərin müvafiq texniki təhsili və ixtisaslaşması olmalıdır, həm də həmin texniki təmir sahəsi müasir texnologiya və avadanlıqlarla təchiz edilməlidir.  Digər tərəfdən, texniki təhlükəsizlik, xüsusən yanğından mühafizə tələbləri, sanitar-gigiyenik tələblər və başqa bu kimi məsələlər də öz qaydasında olmalıdır. 

Pasportlaşma müvafiq rüsum ödənilməklə həyata keçiriləcək. Rüsumun miqdarı da müəyyən deyil və qanunla müəyyən ediləcək. Dəyişikliklərdə xüsusi vurğulanır ki, pasport olmadan hər hansı texniki təmir sahəsinin fəaliyyəti mümkün olmayacaq və pasportsuz fəaliyyət göstərən sexlər, servislər, hətta ayrı-ayrı fərdi ustalar məsuliyyətə cəlb ediləcəklər. 

Bundan başqa, həmin texniki-təmir sahələrinin fəaliyyətinə müntəzəm nəzarət də olacaq və bu nəzarəti pasportlaşmanı həyata keçirən orqan, yəni Nəqliyyat Nazirliyi icra edəcək.

Beləliklə, yaxın gələcəkdə qüvvəyə minərək həyata keçirilməsi qaçılmaz olan bu yeniliklər bir tərəfdən avtomobillərə texniki xidmətin yüksəldilməsinə, bu sahədə nəzarətin güclənməsinə, bir sözlə, bu sahədə nizam-intizam yaradılmasına yönəlib. Amma bu yeniliklərin həyata keçirilməsi hazırda fəaliyyət göstərən xeyli sayda fərdi ustaların və kiçik təmir sahələrinin sıradan çıxmasını da qaçılmaz edəcək. Bu isə müvafiq inzibati müdaxilə imkanından istifadə edərək avtomobillərə texniki xidmət göstərilməsi kimi mühüm bir fəaliyyətin nisbətən iri və texniki imkanları yüksək olan şirkətlərin əlində cəmləşməsinə şərait yaradacaq. Nəzərə alsaq ki, ölkəmizdə avtomobillərin sayı artmaqdadır və avtomobillərə texniki xidmət kifayət qədər gəlirli və perspektivli fəaliyyətdir, onda bu yeniliklərin müxtəlif inzibati-iqtisadi maraqların toqquşmasına da gətirəcəyini proqnozlaşdıra bilərik. Hər halda bu məsələlərin necə həyata keçirləcəyini yaxın gələcək göstərəcək.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh