"Avtoş"luğu və xuliqanlığı təbliğ edən mahnıların SİYAHISI AÇIQLANDI - FOTOLAR

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqladı.
Avtosfer.az-ın xəbərinə görə, siyahı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb. Bu siyahıda yer alan mahnılar arasında "avtoş"lara həsr edilənlər də var:
- Fərəcov & Cavid - "Nivalar dəlilərindir";
- Fərhad - "Şəhər xuliqanları";
-İlqar Dəniz & Orxan Eşqin - "Xuliqanski";
- Samir Ilqarlı & Tural Səda - "Avtoşlar"
- İlqar Dəniz & Orxan Eşqin - "Avtoşlar-2" (İlqar Dəniz & Orxan Eşqin - "O yana, bu yana");
- Fərid Biləcərili & Hakim - "Sür, ay qardaşım";
- Məhəmməd Fǝda & Elnur Ağdamlı - "Avtoşdur bunlar".
Bu mahnılar birmənalı olaraq məzmun və mənadan məruf olmaqla yanaşı, insanları qayda pozmağa, hətta öz həyatlarını riskə atmağa vadar edir. Təbii ki, bunları təkrarən təhlil etmək fikrindən uzağıq. Lakin Yutubdakı baxış sayı bu mahnılara marağın kifayət qədər böyük olduğunu göstərir.
Yeri gəlmişkən, bayağı mahnılardan söz düşdükdə çoxlıarı bunu müstəqillik dövründə ortaya çıxmış sosial fenomen kimi qiymətləndirir. Lakin əsla belə deyil. 70-ci illərdə çiynində maqnitofon gəzdirənlərə “Əzizim Ruqiyyə, Gəl min “Jiquliyə” mahnısı tanışdır.
Milli jurnalistikamızın banisi Zərdabi də bu məsələni ciddi milli problem kimi qəbul edirdi. Həsən bəy dövrünün mənasız şeirlər yazan şairlərini məzəmmət etməkdən də çəkinmirdi. O, şairlərdən xalq həyatını əks etdirən şeirlər yazmağı tələb edirdi. Zövqü oxşamayan, heç bir məna kəsb etməyən şeirlərə bəslənən mahnılar Zərdabini çox narahat edirdi. "Əkinçi" millətin oyanması işində mahnı və nəğmələrin rolunu xüsusi qeyd edərək yazırdı: "Hər tayfanın vətəndaşlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnılar olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəssüb eləsin ki, xudavəndə, onları kim və nə üçün düzəldib. Onların çoxunu ki, avam çağırır, heç mənası olmur. Məsələn,
Ağacda oturub sərçə,
Niyə uzunsan, ay kücə?
Sən harda qaldın, ah beçə,
Ey yar, ey yar, ay qaragöz". ("Əkinçi", 1 sentyabr 1877, № 18).
“Yolda təkər qaldıraq, Qırmızıdan yan keçək...” tipli mahnı 1877-də oxunan mahnıdan nə ilə fərqlənir? Texnologiyanın dəyişməsi iləmi? Xeyr.
1877-ci ildə də Avropa özügedən nəqliyyat vasitələri və elektrik mühərriki üzərində baş sındırırdı. Bu gün də hibridlə elektromobil arasında seçim gedir.
1877-ci ildə toyda, şənlikdə qızlara xoş gəlmək üçün ata əziyyət verənlərin nəvə-nəticələri bu gün texnikaya qəsd edir, özlərinin və qeyrilərinin həyatlarını təhlükəyə atırdılar. Məqsəd sabit qalıb, vasitələr dəyişib. Bu situasiyada isə, məşhur latın məsəlinin (finis sanctificat media) əksinə olaraq, məqsəd vasitəyə bəraət qazandıra bilməz. Çünki məqsəd xoş deyil, hətta təhlükəlidir. Həm ictimai, həm də həyati baxımdan.
Bir də ki, insanın dinlədiyi musiqi onun daxili dünyasının göstəricisidir.






















