Azərbaycanda avtomobil idxalı niyə azalır? - ARAŞDIRMA
Bakıda avtomobil bazarının satıcıları vəziyyətin "aybaay pisləşməsindən" şikayətlənirlər.
Avtosfer.az bbcazərbaycan-a istinadən bildirir ki, satıcılardan bəziləri bildirib ki, 5-6 ay əvvəl satış həyata keçirə bilsələr də, indi vəziyyət "gərginləşib".
Devalvasiyadan sonra kreditlə də maşın alan azalıb, bu səbəbdən bazarda üç-üç, dörd-dörd birləşib satış yeri götürən satıcılar şikayətlənirlər.
Başqa bir satıcı Elşən manatın məzənnəsinin ucuzlaşmasından sonra "ziyana işlədiyini" deyir.
"Əvvəllər aya 5-6 avtomobil satırdıq, indi aya heç nə. Dollar qalxdı, satdığımızı da aldığımızdan ucuz satırıq".
Bəhmən Şahbudaqov adlı satıcı isə alverinin əvvəlki kimi də olmasa "yaxşı getdiyini" deyir.
"Devalvasiyadan əvvəl həftəyə 6-7 maşın satırdım, indi aya 3-4 ədəd", - deyən Şahbudaqovun sözlərinə görə, indi də "sağlam" avtomobillərin alıcısı var.
2015-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankı milli valyutanın məzənnəsinin korreksiyasını apararaq, "kəskin" devalvasiya həyata keçirib. Nəticədə 1 Azərbaycan manatının rəsmi məzənnəsi 1.05 ABŞ dollarına bərabər olub.
Rəsmilər qərarı onunla izah ediblər ki, milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq və ixrac potensialını daha da gücləndirmək məqsədilə belə qərar qəbul edilib.
Avro 4 standartının tətbiqi
Dövlət Gömrük Komitəsi 2015-ci ilin ilk 6 ayında Azərbaycana 17 640 ədəd avtonəqliyyat vasitəsinin idxal edildiyini bildirib. Bu rəqəm ötən ilin eyni dövrü üçün 34 359 ədəd olub.
İqtisadçı Samir Əliyev hesab edir ki, avtomobil idxalının azalmasının səbəblərindən biri, 2014-cü ildə Avro standartının tətbiq edilməsi ilə bağlıdır.
"Aşağı, Avro 2 və Avro 3 standartlı avtomobillərin idxalı qadağan edildi. Bu da idxalın azalmasına kəskin təsir göstərdi".
2014-cü ilin yanvarında Azərbaycan işlənmiş avtomobillərinin idxalının qarşısını almaq üçün birdən-birə Avro 2-dən Avro 4 ekoloji standartına keçid edilib.
Devalvasiya və avtomobil idxalı
Lakin cənab Əliyevə görə, avtomobil idxalının azalmasına devalvasiyadan sonra bankların istehlak kreditlərinin verilişinin 2-3 ay dayandırması da təsir edib.
"Azərbaycanda satılan hər 3 avtomobildən ikisi kreditlə alınırdı. Sonradan şərt qoyuldu ki, yeni avtomobillər üçün ilkin ödəniş, qiymətin 50 faizini, köhnələr üçünsə 80 faiz təşkil etsin. Əvvəllər ilkin ödəniş qiymətin 10 faizini keçmirdi", - deyən iqtisadçı əlavə edir ki, bu səbəbdən avtomobil idxalı 30-40 faiz azaldı.
Onun sözlərinə görə, bankların kreditləri dollar valyutası ilə verməyə başlaması isə insanları kredit götürməkdən "çəkindirib".
"İnsanlar qorxdular ki, manat yenidən ucuzlaşacaq, dollar bahalaşacaq və krediti qaytara bilməzlər. Ona görə də kreditləşmə kəskin surətdə azaldı".
Bundan başqa, dolların manata nisbətən bahalaşması fonunda yerli bazarda qiymətlərin "inzibati ucuzlaşdırılması" xarici istehsal maşınlarının idxal edilməsinə təsir edib.
"Rusiya maşınları istisna olmaqla, avtomobillər əsasən dollar və avro ilə alınır, buna görə də əvvəlki qiymətə maşın idxal etmək sərfəli olmadı. Dollarla maşın alıb necə ucuz satmaq olar axı?" - iqtisadçı bildirib.
Maşın bazarındakı alıcılar da bildiriblər ki, avtomobillərin qiymətində "cüzi endirim" var.
"Deyirlər ki, guya qiymətlər ucuzlaşıb, əslində elə deyil. Yenə baha satırlar", - adını çəkmək istəməyən alıcılardan biri bildirib.
Satıcılar "ziyana düşməmək üçün" qiymətlərdə güzəştə getdiklərini deyib.
"Yüngül" böhran?
"Deməli, bir tərəfdən standarta keçidlə bağlı təklif düşdü, digər tərəfdənsə kreditləşmənin zəifləməsinə görə tələbat düşdü", - deyə Samir Əliyev ümumi prosesi izah edib.
Onun sözlərinə görə, avtomobil bazarındakı süstlük, neftin qiymətinin düşməsiylə ölkəyə daxil olan pul gəlirlərinin azalması, bu təsirlə büdcədən ayrılmaların ixtisarı və sonda iş yerlərinin - büdcə hesabına körpü və yol tikintilərinin aparılmasının dayandırılmasıyla "düz mütənasibdir".
Milli Məclisdə iqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov da deyir ki, avtomobil idxalının azalmasında "əsas problem", neftin qiymətinin aşağı düşməsinin Azərbaycana gələn gəlirlərə, bununsa insanların gəlirlərinə təsir etməsidir.
Belə vəziyyəti Samir Əliyev "yüngül böhranın ilk əlamətləri" adlandırır.
"Artıq Azərbaycanda iqtisadi böhran var və ilk zərbəni maliyyə, bank sektoru alıb. İki bank bağlanıb, digərlərində maliyyə problemlər var, sığorta bazarının vəziyyəti pisləşir, bunlar böhranın ilk əlamətləridir".
İqtisadçı hesab edir ki, neftin qiyməti qalxmazsa, "böhran dərinləşəcək".
Deputat Vahid Əhmədov ölkədə "böhranın başlamadığını" deyib: "Mən elə düşünmürəm. Dünyada çox ciddi iqtisadi proseslər gedir. Neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlərdə milli valyutanın devalvasiyaya uğraması, o cümlədən Azərbaycanda devalvasiya prosesi, Azərbaycan iqtisadiyyatının neftdən müəyyən qədər asılılığı, neftin qiymətinin kəskin aşağı düşməsi, əlbəttə ki, insanların gəlirlərində müəyyən problemlər yaratdı və azalmalar baş verdi".
Rusiya amili və regionlara yardım
"Rusiya amili də təsir göstərir. Orada vəziyyətin pisləşməsi oradan Azərbaycana pul köçürmələrini, məsələn, bu ilin ilk yarısında 2 dəfə azaldıb. Regionların əsas gəlir mənbəyi Rusiyadır, bu, regionlara zərbə vurur", - iqtisadçı Əliyev deyib.
Lakin o, istisna etmir ki, dövlət büdcəsindən regionlara ayrılan məbləğ də "azalıb".
Deputat Vahid Əhmədov da deyir ki, Rusiyada sanksiyaların tətbiqi ilə vəziyyətin kəskinləşməsi, rublun devalvasiyaya uğraması, Azərbaycanın orada yaşayan və ailələrinə "böyük miqdarda vəsait göndərən" vətəndaşların təsir edib.
"Bunlar... Azərbaycana oradan pul axınının hansının qarşısını alır", - cənab Əhmədov qeyd edir.
Lakin millət vəkili regionlara maliyyə yardımının azaldılması fikirləri ilə razılaşmır.
"Biz 2015-ci ilin dövlət büdcəsini təsdiq edəndə, investisiya və sosial layihələri təxminən 30 faiz həcmində planlaşdırmışdıq. Neftin satışından gələn gəliri dövlət büdcəsində 90 dollardan götürmüşdük. İndi neftin qiyməti 50- 60 dollar civarındadır. Nazirlər Kabineti ayırdığımız vəsaitdən bir milyard qədərini ehtiyatda saxlamışdı. Amma vəziyyət onu göstərdi ki, dövlət büdcəsində 770 milyona yaxın kəsir əmələ gəldi".
Buna görə də, investisiya layihələrinin "məhdudlaşdırıldığını" deyən deputat, regionlara olan münasibətdə "heç bir dəyişikliyin olmadığını" qeyd edib.
"Regionlarda infrastruktur və sosial layihələrin həyata keçirilməsində, düzdür, müəyyən ləngimələr var, amma mənə elə gəlir ki, həyata keçirilir", - cənab Əhmədov bildirib.
İslahatlar və zərərdən necə çıxmalı?
İqtisadçı Əliyev böhranın zərərlərinin minimuma endirmək üçün, neftin qiymətinin qalxacağının proqnozlaşdırılmadığı təqdirdə, qısa və uzun müddətli addımlar atılmasını vacib sayır.
"Uzunmüddətli addım odur ki, qeyri-neft sektoru inkişaf etdirilməlidir, hərçənd ki hökümət bunu 10 il öncədən etməli idi, amma ləngitdi".
Samir Əliyev əlavə edir ki, son 1-2 ildə hökümət qeyri-neft sektoru sahəsində "nəticəsi olmasa da", təşəbbüslər edib, kənd təsərrüfatı sahəsində, emal sənayesində müxtəlif işlər görülüb.
"Zavodlar, sexlər tikilib, amma gəlin görək, onlar bu gün işləyirmi və ya istehsal keyfiyyəti ixraca yarayırmı?" - deyə iqtisadçı sual edir.
Qısamüddətlli addımlara isə hökumətin struktur islahatlar aparması daxildir. Cənab Əliyevin sözlərinə görə, "rəqabət mühiti, gömrük sistemi, idxal prosesi şəffaflaşdırılmalı, inhisar dayandırılmalı və kiçik və orta sahibkarliq inkişaf etdirilməlidir".
Azərbaycanın bu prosesdən "normal çıxması" üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi və "ciddi" maliyyə və struktur islahatların aparılması barədə fikirlərlə razılaşan deputat Vahid Əhmədov deyir ki, "başqa variant görmür".
Hərçənd ki, deputatın sözlərinə görə, Azərbaycanda hələ də "təhlükəsizlik bazası" var.
"Müəyyən qədər Azərbaycan bunun öhdəsindən gəlir. 1 manat hələlik 1.05 dollar səviyyəsində qoruyub saxlanılır", - cənab Əhmədov qeyd edir.
O həmçinin əlavə edir ki, artıq "ciddi" addımlara da başlanılıb, "struktur dəyişikləri aparılır, bir neçə komitə ləğv olunub, şirkətlər yaradılıb, bank sistemində islahatlar aparılır".
"Bunları birdən-birə etmək, əlbəttə ki, çətindir. Çünki bilirsiniz ki, bank sistemi iqtisadiyyatda heç kimə tabe deyil, özəl sektordur. Yəni Mərkəzi Bank tərəfindən müəyyən müsbət addımlar atılıb".